Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda keçirilən elmi seminarda ABŞ-ın Korner və UMASS universitetlərinin dosenti Emma Razifard Britton “Kurikulum üzrə refleksivliyin qiymətləndirilməsi: Dəyərləndirici proqram tədqiqatı” mövzusunda məruzə ilə çıxış edib.
Seminarda məruzəçi bildirib ki, ikinci və ya üçüncü dil öyrənmək həmişə yeni mədəniyyətlə məşğul olmaq və dünyanı fərqli baxışla dərk etmək deməkdir. Refleksivliyin qiymətləndirilmə metodu ikidilli və çoxdilli şəraitdə həyata keçirilən yeni üsuldur. Bu üsulda sosiolinqvistik və psixolinqvistik amillərin təsiri böyükdür.
Tədbirdə kurikulum üzrə refleksivliyin qiymətləndirilməsinin elmi-nəzəri əsaslarından, onun ehtiva etdiyi sənədlər, anlayışlar, məqsəd və vasitələrdən çox ictimai-siyasi, ideoloji və faktoloji, tənqidi tərəflərindən bəhs edilib. Qeyd olunub ki, qiymətləndirmə zamanı yalnız informasiyanın mənimsənilməsi deyil, həm də məktəblilərin və tələbələrin cəmiyyətin həyatında iştirakı və fəal vətəndaş mövqeyi qazanması üçün zəruri olan qabiliyyətlərin əldə edilməsi, habelə insan hüquqlarının, demokratik cəmiyyətin dəyərlərinin formalaşdırılması məsələləri nəzərə alınmalıdır.
Seminarda elmi müəssisənin direktoru professor Nadir Məmmədli mövzunun elm və təhsillə əlaqəsindən danışıb.
Sonda məruzə ətrafında müzakirələr aparılıb.
Şrifti böyüt:
Çap et