Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Şrifti böyüt:
Çap et

Aprelin 26-da AMEA Nəsimi adına Dilçilik İnstitutunda Əməkdar elm xadimi, görkəmli dilçi alim, türkoloq Zərifə Budaqovanın 95 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Sessiyada müəssisənin direktor müavini dosent Baba Məhərrəmli Zərifə Budaqovanın elmi fəaliyyətindən danışıb. Bildirilib ki, Zərifə Budaqovanın elmi tədqiqatları əsasən Azərbaycan dilinin morfologiyası, sintaksisi, üslubiyyatı, dil əlaqələri, tətbiqi dilçilik, xüsusən punktuasiya məsələlərini əhatə edir. Alimin Azərbaycan dilçiliyinin və türkologiyanın aktual problemlərinə dair beynəlxalq və respublika nəşrlərində 10 monoqrafiya və dərsliyi, eləcə də dilçiliyin nəzəri və əməli məsələlərinə aid 150-yə yaxın elmi əsəri çap olunub.

Sessiyada Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin müdiri professor Məsud Mahmudov “Zərifə Budaqovanın yaradıcılıq yolu”, Müasir Azərbaycan dili şöbəsinin müdiri filologiya elmləri doktoru Nərgiz Hacıyeva “Zərifə Budaqovanın tədqiqatlarında sadə cümlə problemi” mövzularında məruzələrlə çıxış ediblər.

İclasda professor İsmayıl Məmmədli və Sevil Mehdiyeva vurğulayıblar ki, Zərifə xanım həmişə elmi ictimaiyyətin və dövri mətbuatın diqqət mərkəzində olub, dilçinin özü və tədqiqatları barədə yüzlərlə məqalə çap edilib.