AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Azərbaycan dilinin tarixi
şöbəsinin müdiri fil.ü.f.d., dos. Xədicə Heydərovanın “Heydər Əliyevin siyasi
dilinin lüğəti” əsəri bütün ömrünü öz xalqına həsr etmiş Ulu Öndərin 100 illik
yubileyinə həsr olunmuşdur. Bu lüğət dövlət xadiminin dilinə həsr olunma
xüsusiyyətinə görə leksikoqrafiya sahəsində ilk təcrübədir.
Lüğətin sözlüyünə Ulu Öndərin dilində işlənən politologiya elminə,
diplomatiyaya və ölkədə mövcud müharibə ilə bağlı hərbiyə aid terminlər, siyasi
təşkilatların qısaltmaları və eyni zamanda antroponimlər, toponimlər daxil
edilmişdir. Politologiya elminə aid terminlər Ulu Öndərin sovet dövründəki siyasi
görüşlərini (məs., kommunist, bolşevik, beşillik, Ali Sovet və s.) və 90-cı illərdəki
siyasi fəaliyyəti ilə bağlı işlətdiyi leksik vahidləri (məs., hüquqi cəmiyyət,
beynəlxalq aləm, aparıcı qüvvələr, siyasi partiyalar və s.) əhatə edir. Məhz həmin
dövrə aid onun işlətdiyi diplomatiyaya aid terminlərdən aşağıdakıları misal
gətirmək olar: attaşe, bərabərhüquqlu, beynəlxalq hüquq, de-fakto, de-yure,
diplomat, diplomatik addım, diplomatik əlaqə, diplomatik korpus, diplomatik
missiya, diplomatik münasibətlər, diplomatik nümayəndəlik və s. Heydər Əliyevin
dilində antroponimlərdən şair və yazıçıların, musiqiçilərin adları işlənsə də,
lüğətə yalnız siyasi xadimlərin adları daxil edildi. Məsələn, Bakatin, Brejnev,
Xruşşov, İliç, Nəriman Nərimanov, Qorbaçov, Surət Hüseynov, Əbülfəz Elçibəy və
s. Toponimlərə, əsasən, ölkə adları aiddir. Məsələn, Çin, Gürcüstan, Pakistan və s.
Partiya və təşkilatların adları: Bakı Soveti, Hümmət, Bakı Bolşevik Təşkilatı,
Bakı Partiya Komitəsi, Baş İdarə rəhbəri (rəisi) və s. Siyasi hadisələrin adları:
ATƏT-in İstanbul Sammiti, Atəşin kəsilməsi haqqında saziş, və s. Qısaltmalar:
ATƏT, ATƏM, BMT, RSDFP və s.
Heydər Əliyev kimi bir tarixi şəxsiyyətin dilini öyrənmək və təbliğ etmək
Azərbaycan dilçilərinin əsas vəzifələrindən biri olmalıdır. Ona görə də bir elmi
yenilik kimi təqdim edilən dövlət xadiminin dilinə həsr olunmuş bu lüğət Heydər
Əliyevin siyasi baxışlarını, leksikasını əks etdirmək nöqteyi-nəzərindən çox
maraqlıdır və burada terminoloji leksikadan əlavə, Ulu Öndərin nitq və çıxışlarında adlarını çəkdiyi siyasi xadimlər haqqında məlumatların, tarixi-coğrafi adların,
hadisə və predmetlərin şərhinin verilməsi tarixi baxımdan olduqca əhəmiyyətlidir.
Mənbə olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident Kitabxanasının “Heydər Əliyev, Elektron sənədlər toplusu”na daxil olan
1969-82, 1989-93, 1993, 1994, 1995, 2000, 2003-cü illər üzrə toplanmış Heydər
Əliyevin nitqləri, çıxışları, məruzələri, müsahibələri və bəyanatlarından istifadə
olunmuşdur.
Kitabın redaktoru və ön sözün müəllifi Dilçilik İnstitutunun direktoru
filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir. Rəyçilər filologiya
elmləri doktoru, professor Sayalı Sadıqova və filologiya elmləri doktoru,
professor İsmayıl Məmmədlidir.
Şrifti böyüt:
Çap et