11 dekabrda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda ümummilli lider
Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili”
mövzusunda tədbir keçirilib.
Öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli
tədbiri açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin apardığı dil siyasəti, dilimizin
inkişafı yönündə göstərdiyi tarixi xidmətləri ilə əsl məktəb yaratdığını diqqətə çatdırıb.
O, dahi lider Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi dil siyasətinin
Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdiyini
vurğulayaraq, müstəqillik illərində ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci
il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit
olunduğunu bildirib.
Direktor qeyd edib ki, Ulu Öndərin imzaladığı “Dövlət dilinin tətbiqi işinin
təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman, “Azərbaycan
Respublikasında dövlət dili haqqında” Qanun ölkəmizdə dil siyasəti və dil
quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın
proqramını verən tarixi qanunvericilik aktlarıdır. Onun sözlərinə görə, bu sənədlərin
hazırlanmasında görkəmli dövlət xadimi Heydər Əliyevin yüksək intellekti, zəngin
dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz
məhəbbəti mühüm rol oynayıb.
Professor Nadir Məmmədli qloballaşma dövründə Azərbaycan dilinin saflığının
qorunmasının vacibliyinə də toxunub.
Nadir Məmmədli həmçinin qeyd edib ki, ümummilli lider Heydər Əliyevin
davamçısı Prezident İlham Əliyev xalqının səadəti, dövlətimizin müdafiə qüdrətinin
yüksəlməsi, dövlətçiliyin möhkəmlənməsi, torpaqlarımızın işğaldan azad edilməsi
uğrunda siyasi, hərbi lider kimi dincəlmədən sözün əsl mənasında mübarizə apardı.
Tədbirdə icraçı direktor dosent Baba Məhərrəmli “Heydər Əliyev İli” ərzində
institutda keçirilən tədbirlər, konfranslar və yeni nəşrlər barədə məlumat verib.
Professor İsmayıl Məmmədli Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə
Azərbaycan televiziyasında “Dil xalqın milli sərvətidir”, “Azərbaycan dili”
verilişlərinin əhəmiyyətini, hələ 1970-ci ildə Bakı Dövlət Universitetinin 50 illik
yubileyində Ulu Öndərin Azərbaycan dilində çıxış etməsinin o dövr üçün mühüm
hadisə hesab olunduğunu vurğulayıb.
Tədbirdə professorlar Sevil Mehdiyeva, Sayalı Sadıqova, filologiya elmləri
doktoru Aynel Məşədiyeva, dosent Füzuli Mustafayev ümummilli liderin Azərbaycan
dili ilə bağlı sərəncam və fərmanlarının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, bunlar
Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə, onun tətbiqi, qorunması və inkişaf
etdirilməsinə əsaslı zəmin yaradıb.
Şrifti böyüt:
Çap et