Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ulu Öndərin Azərbaycan dilinin inkişafı yolunda gördüyü işləri, həyata keçirdiyi əhəmiyyətli tədbirləri əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri açan Salyan Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Məhərrəm Məmmədov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin hakimiyyəti illərində rayonun sosial–iqtisadi inkişafından, dahi rəhbərin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıb. Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar ölkəmizin hər yerində silsilə tədbirlərin keçirildiyini söyləyən Məhərrəm Məmmədov bunların həm də müdrik şəxsiyyətin ideyalarına sadiqliyin ifadəsi olduğunu vurğulayıb.
Azərbaycan Yazıçılar Birliyinin Muğan bölməsinin sədri yazıçı-publisist Nəbi İbrahimov çıxışında tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə dahi liderin Azərbaycanda həyatın bütün sahələrinin təkmilləşməsinə böyük diqqət ayırdığını vurğulayıb, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və dilçiliyinin bugünkü inkişaf səviyyəsinə çatmasında Ulu Öndərin əvəzsiz rolundan bəhs edib. Azərbaycan dilinin xalqımızın varlığını təsdiq edən başlıca amillərdən olduğunu deyən Nəbi İbrahimov xalqın öz dilini dünya mədəniyyəti səviyyəsinə qaldırmasının ölkənin qabaqcıl şəxsiyyətlərinin, görkəmli xadimlərinin əməyi sayəsində mümkün olduğunu diqqətə çatdırıb.
Bölmə sədri vurğulayıb ki, Prezident İlham Əliyev Ulu Öndərin elm, mədəniyyət, dil və digər sahələrdəki siyasətini uğurla davam etdirir. O, dövlətimizin başçısının Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yad təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində gördüyü işlərdən danışıb.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış edərək Ulu Öndər Heydər Əliyevin apardığı dil siyasəti, dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətləri ilə əsl məktəb yaratdığını diqqətə çatdırıb. O, dahi lider Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi dil siyasətinin Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdiyini vurğulayaraq, müstəqillik illərində ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunduğunu bildirib.
Direktor qeyd edib ki, Ulu Öndərin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Onun sözlərinə görə, bu sənədlərin hazırlanmasında görkəmli dövlət xadimi Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.
Professor Nadir Məmmədli qloballaşma dövründə Azərbaycan dilinin saflığının qorunmasının vacibliyinə də toxunub. Məruzəçi hələ 1970-ci ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində Ulu Öndərin Azərbaycan dilində çıxış etməsinin o dövr üçün mühüm hadisə hesab olunduğunu vurğulayıb.
Tədbirdə, həmçinin Salyan şəhər 2 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi, Dilçilik İnstitutunun dissertantı Günel Orucova, Salyan rayon “Qələbə” qəzetinin əməkdaşı, şair-publisist Əzizağa Məmmədli, şair Zabil Pərviz çıxış edərək mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri ünsiyyət vasitəsi olan dilin milli varlığın qorunması və ümumxalq həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynadığını bildiriblər.
Çıxış edənlər milli mənəvi dəyərlərimizə diqqət və qayğı göstərən, onlara yüksək qiymət verən Ümummilli Lider Heydər Əliyevin dil siyasətindən bəhs edərək Ulu Öndərin dilimizin qorunmasına və inkişafına daim həssaslıqla yanaşdığını vurğulayıblar.
Şrifti böyüt:
Çap et