AZƏRTAC-ın müsahibi AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İlhami Cəfərsoydur.
- İlhami müəllim, Qədim dillər və mədəniyyətlər şöbəsi hansı zərurətdən yarandı?
- Şöbə 2013-cü ildə mərhum akademik Tofiq Hacıyevin köməyilə yaradıldı. O, AMEA-nın rəhbərliyini inandırdı ki, qədim dilləri öyrənmədən toponimləri, tariximizin etnik yaddaşını, etnogenizini öyrənmək mümkün deyil. Xüsusilə əsaslandırdı ki, ermənilər Urartuya varislik iddiası irəli sürürlər. AMEA rəhbərinin sərəncamı, Tofiq müəllimin də birbaşa müdaxiləsi ilə bu şöbə fəaliyyətə başladı.
- Ötən dövrdə görülən işlərə nəzər salaq...
- Bu şöbəni yaradanda əsas fikrimiz o oldu ki, erməni saxtakarlığına cavab verək. İlk işimiz erməni dilində mütəxəssislərin, magistrantların hazırlanmasından başladı. Nəyə görə? Mən erməni dilinin Qarabağ ləhcəsini bilirəm, bir də qravarı bilirəm. Qravar qədim erməni dilinə deyirlər. Hələ Xankəndidə olanda aylarla işləmişəm Urartu haqqında. Mən birinci buradan başladım. İlk kitablar, məqalələr çap olundu, elmi konfrans keçirdik. Bundan sonra qədim dillərin öyrənilməsini davam etdirdik. Ensiklopediyalara, dərsliklərə baxsaq, hamı latın dili deyəndə ancaq romalıların, yunanların əcdadlarını başa düşür. İlk Ellada dövrünə xüsusi nəzər yetirdik. Hələ Troya dövründə, Ellada dövründə yunan dilində çox az xalq danışırdı. Ellada dövründə danışılan dillərin içində türk dilləri də var idi. Biz onları öyrənməyə başladıq. İlk dissertantlarımızın biri də o sahədə mövzu götürdü, bunu işləməyə başladı. Sübut elədik ki, İtaliyaya, İspaniya, Fransada qədim mədəniyyət yaratmışıq. Məsələn, mən ən çox Sankt-Peterburqdan, Polşanın Krakov şəhərindən, Odessadan xüsusilə hərbi xəritələr gətirirəm. Hərbi xəritələrdə Avropaya baxanda başdan-başa bizim toponimlərdir. Bundan başqa, Macarıstanda bir neçə dəfə tədqiqat apardım. Macarların dilləri xeyli dəyişsə də, dillərinin kökündə çoxlu türk sözləri qalıb. Onların genetik yaddaşında bizə böyük məhəbbət var. İstədiyimiz kitabı tapıb bizə verirdilər, sonra da göndərirdilər. Mən Macarıstanda konfransda dörd mövzuda məruzə etdim.
- Növbəti mərhələdə hansı tədqiqatlar aparmaq fikrindəsiniz?
- Fikrimiz ondan ibarətdir ki, Şuşa haqqında tədqiqatları davam etdirək. Ensiklopedik fikirlərə, oturuşmuş fikirlərə görə, Şuşa guya 270 il bundan əvvəl salınıb. Əslində, Şuşa yalnız bir şəhərin adı deyil. Qədim dünyanın, böyük mədəniyyətlər yaratmış elitar bir nəslin adıdır. Pənah xan Şuşa qalasını qala adı ilə tikdirib. Adı da olub Pənahabad. Amma yerli camaat Pənahabad demir. Qala deyir, bir də Şuşa yaylağı deyir. İndiki Şuşanın ətrafında 3 Şuşa kəndi vardı. İkisini tamamilə dağıdıblar, biri durur, indi orada artıq tikinti işlərinə başlanılıb. Camaat ona görə Şuşa dedi ki, orada Şuşa əhalisi yaşayırdı, belə bir xalq yaşayırdı.
-Dediyinizdən belə çıxır ki, Şuşa həm də etnosdur. Onlar kim idi?
-Bəli, etnosdur. Qədim bir nəsildir. Misir Məmlük sultanının kiçik qardaşı Əmir Yaşbəy Hələb şəhərini tutmaq istəyəndə Zülqədər oğlu Şahsuvar Şuşa və Borçalı bəylərindən kömək istəmişdi. Bəylər birləşib Yaşbəyin ordusunu darmadağın etmişdilər. Yaşbəy o adamdır ki, sonralar mollaların fitvası ilə Nəsiminin dərisini soydurmuşdu.
Borçalı qoşunları Kür çayı ilə Tiflisin arasına – tarixi torpaqlarına qayıtdılar. Ora həmişə bizim tarixi torpağımız olub. “Borçalı” da deyirlər, “Bor çalı” da deyirlər. Şuşa bəyləri Araz çayı ilə indiki Şuşanın arasında kəndlər saldılar. Bu kəndlərin çoxu dağıldı, üçü qalıbdı. Biri Şuşadan Ağdama tərəf baxanda sağ tərəfdə, Qarqar çayının sahilindədir. Biri sol tərəfdə Xəlfəli çayının sahilindədir. Biri Füzulidən Şuşaya dağ yolu gələndə, Qırmızı Bazara çatanda yolun sağındadır.
İlk Şuşa şəhəri eradan əvvəl 4-cü minilliyin 30-cu əsrində mövcud olub. 6300 il bundan əvvəl.
-Harada?
-Cənubi Azərbaycandan, Zaqros dağlarının cənubundan Misirə gedən yolun üstündə. Əcdadlarımız burada ilk Şuşa şəhərini saldılar. Böyük mədəniyyət yaratdılar. Bu mədəniyyətin ən böyük sübutu nə idi? İlk Mixi yazılara bənzəyən yazını, ilk xətti yazını kəşf etdilər. Bu, Şumer yazıları kimi hecalarla yazılır. Zaqros dağlarının şərqində, cənub-şərqində həmin Şuşa paytaxt olmaqla Elam dövləti yarandı. Avropa arxeoloqları, tarixçiləri burada araşdırmalar apardılar, eləsi var 3 ilə, eləsi var 60 ilə oxudular. Gördülər ki, bu şəhərin adı Şuşadır. Müxtəlif heroqriflərlə “Şuşa”, “Suza”, “Susa” yazılır. İndi ensiklopediyalarda, ali məktəb dərsliklərində yunan dilinə uyğunlaşdıraraq “Suziana” yazılır. Əslində isə o, Şuşa nəslinin yaratdığı mədəniyyət, paytaxtdır. Fikrimiz budur ki, bizim ensiklopediyalara, dərsliklərə bizim ən qədim Şuşanın adı düşsün. Eramızdan əvvəl 15-ci əsrdə yunanların “Suziana” adlandırdıqları Şuşa şəhərində 45 min əhali yaşayırdı. Bu, o zaman üçün meqapolis idi. Heç Fransanın paytaxtında o zaman 5 min adam yaşamırdı. Eramızdan əvvəl 7-ci əsrdə farsların əcdadları Əhəmənilər gücləndilər, gəldilər oranı tutdular. Şəhər əhalisinin yarıdan çoxu döyüşdə qırıldı. Pullu adamlar üç yerə bölündü. Çıxdılar dağlara. Dağlarda üç şəhər saldılar. Bərdə, Şuşa, İncə. Bir hissəsi qayıdıb Gürcüstanda Albaniyanın arasında Şuşa şəhərini, Bərdə şəhərini saldılar. Bir də İncə dərəsi var Qazaxda, orada 14 kənd saldılar. Bu zaman əslən Azərbaycanın Aran nəslindən olan Makedoniyalı İsgəndər hakimiyyətə gəldi. İndi o haqda da bizdə heç nə deyilmir. Amma bizim qədim mənbələrdə bunlar var. Makedoniyalı İsgəndər əslən Azərbaycandandır. Ata xətti ilə Karan nəslindəndir, ana xətti ilə Aran nəslindəndir. O, əcdadların unutmamışdı. Hücum edib Anadoluda yunanları məğlub edəndən sonra Şuşa şəhərinə gəldi, yerli əhali onu sevinclə qarşıladı...
Dahi Azərbaycan şairi Nizami Gəncəvi görünməmiş dərəcədə məlumatlı adam idi. Amma Nizami Gəncəvi Xosrovu da, Şirini də, Fərhadı da yeniləşdirib, dövrünə uyğunlaşdırıb. Gəlin görək, Şirinin adı, Fərhadın adı necədir? Fərhadın qədim adı Foraddır. Keçmişdə Fərat çayına da Forad deyirdilər. Onun cənubundakı ölkədə Şirin anadan olmuşdu, ora da Porad adlanırdı. Ona görə Porad adlanırdı ki, Dəclə-Fərat çayı daşanda sel kəndləri aparırdı, boz atı qurban kəsirdilər, atırdılar suya. Bu Porat, Boz at sözünün qədim variantıdır. Guya ondan sonra sellərin qəzəbi soyuyacaq. Şirin harada anadan olub? Nizami sonradan onu gətirir şimala. Həmin Fərhad ölkəsində, Forad ölkəsində Şirin anadan olub. Serin adı ilə. Nizami, Firdovsi onu Şirin edib. Firdovsidə mənfi, Nizamidə müsbət obrazdır. İndi gəlin görək, yunanlarda necədir? Bizdə nə müsbət obrazdırsa, Fərhad, Şirin, Porad, Serin – yunanlarda mənfi obrazdır. Ona görə ki, Serinin, Şirinin əcdadları olan qadınların məbədləri vardı. Qadın məbədləri. Oğulları döyüşdə yaralananda yaralarını sarıyırdılar. Oğlanlar döyüşdən yorğun gələndə onlara musiqi dinlədirdilər, rəqs edib onların könlünü açırdılar. Yunanlar bunu necə götürüblər? Yunan panteonunda Serin qızlar qorxulu, qəzəbli qızlardır. Onlar Aralıq dənizinin sahilinə çıxırlar, gözəl geyinirlər. Yunan əsgərləri əsir-yesir olub onlara yaxınlaşanda tutub boğazından boğub sularda batırırlar. Ona görə yunan panteonunda serenada var. Həmin qızların oxuduğu mahnılara serenada deyirlər, düşmən mahnıları kimi. Ümumiyyətlə, bizdə müsbət nə varsa, yunanlarda mənfidir. Ona görə ki, düşmən olmuşuq.
- Qədim dillər haqqında nə deyə bilərsiniz?
-Qədim dillər haqqında məlumatlar Bibliyada, bizim üçün ən qiymətli olan Urartu yazılarındadır. Bibliyanın ilk nüsxəsi eradan əvvəl 10-cu əsrdə yazıya alınıb. Orada indiki İsraildən, Suriyadan başlamış Türkiyəyə, Urmiya gölü ətrafına, Azərbaycana, Qafqaza qədər xalqlar haqqında, onların dili haqqında məlumat verilir. Bibliyada göstərilir ki, bu dillər qədimiliyinə görə sıra ilə verilib: Yam dilləri, Kam dilləri, Sam dilləri və Yafəs dilləri.
Yafəs dilləri haqqında sonralar akademiklər Mar və Meşanov tədqiqatları davam etdirdi. Onlar sübuta yetirdilər ki, türk dilləri Yafəs dilləri ilə Sam dillərinin qarışığıdır. Yam dilləri haqqında heç nə qalmayıb, çox qədimdir, o vaxt ancaq şəkli yazılar vardı. Yalnız indiki Ərəbistan ərazisində Yəmən adında şəhər qalıb.
Bundan sonra Kam nəsli gəlir. Kam nəsli qam deməkdir. Hələ nə xristianlıq, nə yəhudilik, nə də İslam var idi. Qədim dünyanın məbədlərində bizim kamlar otururdu. Əcdadlarımızın dilində danışırdılar, onlara kam deyirdilər. Məsələn, yerə “yir”, suya “suv, biləyə “kol”, göyə “gök”, tanrıya “tenqri” deyirdilər. Bax, Kam nəsli budur. Kam nəslindən sonra gəlir Sam nəsli. Samilər də deyirlər onlara, indiki ərəblərlə yəhudilərin əcdadlarıdır.
Bizimkilər Şumer əlifbasını yaratdılar, Şumer yazıların əsasında Şuşa yazıları, Elam yazıları meydana gəldi. Azca fərqi vardı. Bundan sonra ilk yazılardan birini Aran müdrikləri yaratdılar. Bu gün kimdən əlifbanı soruşsan, deyəcək latın əlifbası, yunan əlifbası, kiril əlifbası. Bu əlifbaların hamısını bizim aran müdrikləri yaradıb. Kim idi Aran nəsli? Azərbaycanın ən qədim nəsillərindən biri idi. Albanlar da onların bir qolu idi. Bizim aran müdrikləri fikirləşdilər, dünyanın ilk əlifbasını tərtib elədilər. Bu əlifbanın nümunələri bizdə var. Az hissəsini çap etdirmişik. 22 hərfdən ibarət idi. Yunanlar bizim aran əlifbasına cəmi üç səs artırdılar, yunan əlifbasını düzəltdilər. İndi hamı deyir ki, rusların, slavyanların əcdadları yunan əlifbası əsasında kiril əlifbasını düzəldib. Yox, bizim aran əlifbasını yunanlar götürüb, onlar da yunanlardan götürüb. Yevreylər heç nə artırmadılar. Aran əlifbasını olduğu kimi götürdülər. Latınlara isə aran əlifbasını etrusklular apardılar. Etrusklular da qəhrəman bir türk xalqı idi. Aralıq dənizində gəmiçiliyə başlayanda İtaliyanı tutdular. Latınlar onlardan 600 il sonra gəlib indiki İtaliyaya çıxanda o əlifbanı götürdülər, öz fonetik boğaz səslərinə, samitlərinə uyğunlaşdırıb əlifba düzəltdilər. İndi kimi dindirirsən, deyir, Azərbaycan xalqı latın əlifbası ilə yazır. Elə şey yoxdur. Aran əlifbasında yazırıq. Bu əlifba ilə yazılan əsərlərdən birini bizim əməkdaş tərcümə edib. Bu kitab latın dilində yazılıb. Artıq latınlar qalib gəlmişdi, bizim xalqların əcdadları döyüşlərdə ölmüşdü, yerdə qalan latınlaşmışdı. Ancaq dilləri unutsalar da, genetikadan gələn yaddaş bilirdi ki, bunun özü şərqdən gəlib, Aran nəslindəndir. Bunlar latın deyillər.
-Siz Şuşada doğulmusunuz, bir müddət Xankəndi Pedaqoji İnstitutunda çalışmısınız. Azərbaycan Prezidentinin Xankəndidə Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalaması xəbərini necə qarşıladınız?
-Böyük sevinc və qürur hissi ilə. Xankəndidə dövlətimizin başçısının Azərbaycan Bayrağını ucaltmasını qürurla izlədik. Biz bu günü 30 il gözlədik. Bu, o deməkdir ki, əsl sahibləri Xankəndiyə qayıdır. Xankəndidə Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam böyük tarixi hadisədir. Onu deyim ki, 1972-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (APİ) Tarix-filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdim. Məni təyinatla APİ-nin filialı olan Xankəndi Pedaqoji İnstitutuna müəllim göndərdilər. O vaxta qədər APİ-də erməni bölməsi var idi. Bölmə Qarabağa köçürüləndə tədris proqramları dəyişdirildi.
Azərbaycan dilinin, tarixinin, coğrafiyasının erməni bölməsində tədrisinə qadağa qoyuldu. Ermənilər Qarabağa “Artsax” deməyə başlamışdılar. Onların səsini batırmaq üçün “Elm və həyat” jurnalında “Artsax” adlı məqaləmi çap etdirdim. Bütün institut bir-birinə dəydi. Bir qədər sonra Zori Balayanın kitabı nəşr olundu. O kitabda iddia olunurdu ki, Araz çayı erməni dilində mahnılar oxuyur. Ona cavab olaraq “Bir ulusun üç Arazı” adlı məqaləmi çap etdirdim. Urartu mixi yazılı mətnlərinə istinadən yazdım ki, Araz və Uruz Ön Asiyanın qədim türk nəsilləridir. Urartu çarı Rusanın adı Uruz olmuşdur. Ermənilər iclaslarda bağıra-bağıra məni millətçilikdə ittiham etməyə başladılar. Jora Farsiyan adlı bir dekan dedi ki, 37-ci ildə sənin babanı hara göndərmişdiksə, indi özünü ora göndərəcəyik. Xoşbəxtlikdən əslən Göyçə mahalından olan Qəşəm Aslanovu Şuşa rayon partiya komitəsinə l katib təyin etdilər. Qəşəm müəllim məsələdən xəbər tutub məni Şuşaya çağırdı, məktəbli-gənclər şöbəsinə müdir qoydu.
Xankəndidə Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam çox yerində və vaxtında verilib. Tarixi ədalət bərpa olundu.
Şrifti böyüt:
Çap et