1 dekabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda tanınmış dilçi alim
filologiya elmləri doktoru, professor “Rəhilə Cavad qızı Məhərrəmovanın 100 illik
yubileyinə həsr olunmuş” elmi seminar keçirilib.
İclası giriş sözü ilə açan institutun baş direktoru professor Nadir Məmmədli
bildirib ki, Rəhilə Cavad qızı Məhərrəmova Azərbaycan dilçiliyində öz yeri,
mövqeyi, istiqaməti, dəsti-xətti olan görkəmli alimlərdən biridir.
Rəhilə Məhərrəmova 1923-cü ildə Bakıda anadan olmuşdur. 1945-ci ildə
Azərbaycan (indiki Bakı) Dövlət Universitetini bitirmişdir. I949-cu ildə namizədlik,
1969-cu ildə doktorluq dissertasiyasını müdafıə etmişdir.
1945-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun
Azərbaycan dili tarixi şöbəsində kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri
vəzifələrində çalışmışdır.
Ümummilli lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanı ilə
Azərbaycan Respublikası Prezidentinin yanında yaradılmış Dövlət dil komissiyasının
üzvü olub.
Dil tarixi, üslubiyyat, leksikologiya və dialektologiyaya dair 8 kitabı, 200-dən
artıq məqaləsi respublika və xarici ölkələrdə, habelə bir məqaləsi YUNESKO-nun
xətti ilə bir neçə dildə nəşr olunmuşdur. Onlarla əsərin elmi redaktoru, respublika və
xarici ölkələrin elmi şuralarında doktorluq dissertasiyalarının rəsmi opponenti
olmuşdu. İlk dilçi qadın alim Rəhilə Məhərrəmovanın “Sabirin söz dünyası”
(2006), "Kitabi-Dədə Qorqud"un söz xəzinəsi" (2007) adlı böyük həcmli kitabları
onun yaradıcılıq potensialının real göstəriciləridir.
Seminarda professor Sevil Mehdiyeva “Xatirələr”, filologiya üzrə fəlsəfə
doktoru,dosent Reyhan Mədətova ” Rəhilə Məhərrəmovanın həyat və yaradıcılığı”,
filologiya elmləri doktoru,dosent Vahidə Cəfərzadə “ Tarixdə iz qoyan alim”
mövzusunda məruzələrlə çıxış etmişlər. Məruzələrdə bildirilib ki, Azərbaycan
dilçiliyi tarixində professor Rəhilə Məhərrəmova qayğıkeş alim kimi yüksək ad
qazanmışdır. Azərbaycan dilçi kadrların hazırlanmasında professor Rəhilə
Məhərəmovanın əməyi böyükdür.
Elmi seminarın sədri professor Sayalı Sadıqova vurğulamışdır ki, R.Məhərrəmova
1969-cu ildə “Sabirin satirik əsərlərinin leksikası”, 1976-cı ildə isə “Sabirin dili”
kitablarını nəşr etdirib. Alimin tədqiqatları nəinki republika dilçilərinin, həmçinin
bir çox türkoloqların diqqətini cəlb etmişdir.
Sonra profesor İsmayıl Məmmədli, filologiya elmləri doktoru Aynel Məşədiyeva,
dosentlər Baba Məhərrəmli, Kifayət İmamquliyeva , Qətibə Mahmudova və
başqaları Rəhilə xanım haqqında öz xatirələrini bölüşüb.
Sonda alimin qızı Bakı Dövlət Universitetinin müəllimi, professor Sevinc
Məhərrəmova tədbirin təşkilatçılarına və institut rəhbərliyinə öz təşəkkürünü
bildirib.
Şrifti böyüt:
Çap et