Qərbi Azərbaycan toponimlərinin izi ilə: Qurdalı, Qurdbulaq, Qurdqala, Qurdqalaq – dilçi alimlə müsahibə

Şrifti böyüt:
Çap et

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovun Qərbi Azərbaycan toponimlərinə dair aparılan araşdırmalarla bağlı AZƏRTAC-a müsahibəsi

- Elçin müəllim, son illər xalqımızın etnik tarixi, onun mənşəyi ilə bağlı tədqiqat aparılırmı?

- Əlbəttə, bu məsələ ilə bağlı bir çox sanballı tədqiqat əsərləri yazılıb. Hesab edirəm ki, bu, müstəqillik əldə etdikdən sonra xalqın öz tarixinə, mədəniyyətinə, etnik mənşəyinə yönələn böyük məhəbbətinin təzahürüdür. Eyni zamanda, bu barədə mövcud boşluqların doldurulması zərurətini də buraya əlavə etsək, aparılacaq yeni araşdırmaların dəyəri bir neçə qat da artmış olar. Azərbaycan xalqının zəngin və şərəfli tarixi keçmişi var. Bu kontekstdə Azərbaycan xalqının formalaşmasında, bütövləşməsində iştirak edən etnosların tərkibi, sosial durumu, adət-ənənələri, məişəti və dili böyük maraq kəsb edir. Əksəriyyətini oğuzlar təşkil edən Azərbaycan türkləri bu gün öz varlıqlarında tarixən ölkəmizdə yaşamış və yaşamaqda olan onlarla etnosu, tayfanı ehtiva edir ki, bunların da çoxu haqqında tarixi və etnoqrafik qaynaqlarda və dilçilik ədəbiyyatında məlumatlara rast gəlmək mümkündür. Təəssüf ki, həmin sahədə hələ də görüləsi işlər, araşdırılası faktlar kifayət qədərdir. Əldə olan materiallar da göstərir ki, hələ bu günə qədər Azərbaycan türklərinin soykökündə iştirak edən etnosların tam mənzərəsi dəqiqliklə işlənib ortaya qoyulmayıb. Təəssüflə qeyd etməliyəm ki, ayrılıqda Alban dövlətinin etnik tərkibi, eləcə də Midiya və Atropatenanın etnik mənzərəsi bu gün tam aydın deyil. Sözümüzün canı odur ki, bu gün tarixşünaslıq və filologiyamızın həmin sahə ilə bağlı aydınlaşdırmalı, tədqiq etməli, sübuta yetirməli olduğu çox problemləri vardır.

– Rəhbərlik etdiyiniz şöbə birbaşa Qərbi Azərbaycan toponimlərinin öyrənilməsi məqsədilə yeddi ay əvvəl yaradılıb. Ötən müddətdə hansı işlər görülüb?

- Şöbənin əməkdaşları iki beynəlxalq elmi konfransda, üç respublika əhəmiyyətli konfransda elmi məruzə ilə çıxış ediblər. Bundan başqa, 10-dan çox televiziya kanalında, internet televiziyalarında, saytlarda Qərbi Azərbaycanın onomastikası ilə bağlı həqiqətləri çatdırıblar. Xüsusi qeyd olunmalıdır ki, Qərbi Azərbaycanın onomastik vahidləri ilə bağlı tərtib etdiyimiz iki elmi kitab çap mərhələsindədir. Bu günlərdə “Qərbi Azərbaycan toponimləri” mövzusunda keçirilmiş respublika elmi konfransının materialları da şöbə tərəfindən toplanılıb. Hazırda Toponimika şöbəsi Qərbi Azərbaycanda ermənilər tərəfindən adları dəyişdirilmiş toponimlərin bərpası istiqamətində tədqiqatlar aparır.

- Türklər arasında qurd adı ilə bağlı tayfa və yer adlarına çox rast gəlinir. Bəs Qərbi Azərbaycanda necə? Qurd etnosu ilə bağlı toponimlərə dair tədqiqat aparılıbmı?

- Sirr deyil ki, Altay-türk xalqlarının arxaik düşüncəsində qurd – canavar xüsusi yer tutur. Ona görə heyvan demirik ki, türkçülükdə qurd anlamı heyvan kontekstindən çıxaraq daha geniş mifik - ilahi mahiyyət kəsb edir. Bu səbəbdən türklər arasında qurd adı ilə bağlı tayfa və yer adları çoxdur. Məsələn, Başqurd, Börük, Asparux etnonimlərində olduğu kimi. B.B.Radlov qeyd edir ki, başqurdlar sinələrinə qızıl rəngli cəngini ayırmış qurd başı döydürürdülər. Məlumdur ki, müasir başqurdlar üç yerə bölünmüş qədim bulqarların nəsilləridirlər. Müasir Bolqarıstan dövlətini yaradan da onların bir qoludur. Xan Asparux bu dövlətin əsasını qoyub. Sözügedən qurdlar isə müstəqil etnos kimi bu günə qədər gəlib çatmayaraq assimilyasiyaya uğrayıblar. Lakin bir çox mənbələrdə qurdlar haqqında zəngin materiallara rast gəlirik. Əsasən ərəb, fars, gürcü, erməni mənbələri qurdlar haqqında qiymətli məlumatları qoruyub saxlayıb. Ümumiyyətlə, qurd və qurd anlamı verən bir çox sözlərlə ifadə olunan onlarla şəxs və tayfa adı məlumdur.

Oğuzlar zoomorfik onqonlarını kök, əcdad kimi qəbul edirdilər. Bunların arasında sunqur quşunu, erkək aslanı, qaplanı, börüni göstərmək olar. 2007-ci ildə çapdan çıxan “Azərbaycan etnonimləri” kitabında göstərilir ki, qurdlar və qaraqurdlar etnonimləri XIX əsrin ortalarında İ.Şopen kəngərli tayfasının tirələrini sadalayarkən qurdlar/qurtlar adını da çəkib. Tirə isə öz adını, görünür, sitayiş etdiyi qurd/qurt totemindən alıb. Qurd etnoniminə Türkmənistanda, qurd/qurt komponentli toponimlərə Şamaxıda (Qurd məhəllə), Gürcüstanda (Qurdlar kəndi), Qars əyalətlərində (Qurt tala), İranda (Qurtlu) təsadüf edilməsi də onun etnonim olmasını təsdiq edir. Yadımıza fars-tacik şairi Əbülqasım Firdovsinin “Şahnamə” əsərini salsaq, burada olan Görd Afərid surəti də tədqiqatımız baxımından maraq doğurur.

Böyük Azərbaycanın tərkib hissəsi olan Qərbi Azərbaycan adlandırdığımız ərazilərdə də qurd etnosunun lap qədim dövrlərdən məskun olmaları toponimlərdə özünü göstərməkdədir. Belə ki, burada olan onlarla toponim, mikrotoponim və oronimlər qurdlarla bağlıdır. Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycan torpaqları da tarixin başlanğıcından türk-qurd etnosunun yurdu olub.

-Faktlarla deyə bilərsinizmi?

-Qurdalı – 1590-cı ildə Rəvan əyalətinin Kabri nahiyəsində qışlaq adı olub. Qurdbulaq isə Qızıl-Qoç (Ermənistanın indiki Qukasyan rayonu) rayonunda kənd adı idi. 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulub və bura ermənilər yerləşdirilib. Bundan başqa, İrəvan xanlığının Zəngibasar mahalında olan Qurdbulaq kəndinin əhalisi 1948-1951-ci illərdə Azərbaycana qovulub. Qurd (canavar) və bulaq sözlərindən ibarətdir.

Qurdqala – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. XIX əsrin sonlarından sonra mənbələrdə adı çəkilmir. Qafqazda çoxlu coğrafi adlarda qurd, kürd, kort formalarında əksini tapmış bu söz həm də türk dillərində kort sözünün təhrif forması ola bilər. XIX əsrdə Qars əyalətinin Oltin dairəsində Kortdaf, Tiflis quberniyasının Axalsix qəzasında Qort-Uban (kənd adı), Şimali Qafqazda Ter əyalətinin Nəzran dairəsində Açin-Kort (kənd adı), Stavropol quberniyasının Qrozni dairəsində Mizer-Kort (kənd adı), ter əyalətinin Vladiqafqaz dairəsində Erten-Kort (dağ adı), Azərbaycanda Qazax qəzasında Bicori-Kort (dağ adı), Cavanşir qəzasında Kort-Təpə (dağ adı), Yelizavetpol qəzasında Kyortdağ (dağ adı), Şamaxı qəzasında Quritu (dağ adı), Qars əyalətinin Ərdəhan dairəsində Kurdala və s. toponimlərdə “kort” sözü vardır.

Qurdqala – Taşir rayonunda kənd adı. 1988-ci ildə əhalisi Azərbaycana qovulub.

Qurdqalaq – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan rayonunda) kənd adı. 1918-ci ildə kəndin əhalisi Azərbaycana qovulub.

Qurdqalaq – İrəvan xanlığı Dərələyəz mahalında kənd adı. XX əsrin əvvəllərinə aid mənbədə Kurd Kulaq kimidir. 1946-cı ildə kənd ermənicə Belorabert adlandırılıb. 1950-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilib. Azərbaycan dilində qurd (canavar) və türk dillərində kulak "dərə", "çuxur", "çələk" (bax: Qulaqsız) sözlərindən ibarətdir. XIX əsrdə Kars əyalətində Kurd-kulax adı ilə mənaca eynidir.

Qurdəmir – 1782-ci ildə İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı. Mənbədə qeyd olunur ki, kənddə adam yaşamır, şiə olduqlarına görə köçüb getmişdilər.

Qurdtəpə – İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Azərbaycan dilində qurd (canavar) və təpə sözlərindən ibarətdir.

Qurduqulu – İrəvan xanlıqlarının Sərdǝrabad mahalında kənd adı. Mənbədə Kurdukuli kimidir. XIX əsrin 30-cu illərində Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gələn ermənilər yerləşdirilmişdir. 1988-ci ildə kəndin əhalisi erməni idi. 1935-ci ildə kənd ermənicə Armavir adlandırılmışdır. Qurdqulu dağının adındandır.

Qurduqulu – İrəvan quberniyasının Eçmiadzin qəzasında dağ adı. Azərbaycan dilindəki qurd (canavar) və uku “mağara” sözlərindən ibarətdir. “Canavar mağara olan dağ” mənasındadır.

Qurdçulu – 1728-cil ildə İrəvan əyalətinin Dərəçiçək nahiyəsində qışlaq adı. Naxçıvanda kəngərlərin qurdçu tayfasının adını əks etdirir.

-Gürcüstan ərazisində də belə toponimlər varmı?

-Bəli, Gürcüstanda da qurdla bağlı çoxlu toponimlərə rast gəlinir. İndi də xalq arasında “qurd oğlu qurd olar”, “filankəs qurd ürəyi yeyib” kimi yığcam və dərin məzmunlu atalar sözləri, deyimlər də var. Güman ki, elə həmin atalar sözləri də öz başlanğıcını və özülünü qurdlar tayfasının adından alıb. Beləliklə, aydın olur ki, “Borçalı” toponiminin birinci komponenti “bori” (qurd) sözü əsasında formalaşıb. Tarixi sənədlər “qurd” sözü əsasında düzəldilmiş kənd adlarının olduğunu da təsdiq edir. 1728-ci ildə tərtib olunmuş “Dəftəri-müfəssəli-əyaləti-Tiflis” dəftərində Tǝkǝli oymağının Qurdlar kəndinin adı da qeyd edilib. Həmin kəndin adı hazırda təhrif olunmuş şəkildə – Kürdlər kimi işlənir. Bundan başqa, Bolnisi rayonunda Bolulus–Kəpənəkçi yaxınlığında Qurdlar, Darvaz kəndinin yaxınlığında isə Qurdoğlunun qoruğu adlı böyük oronimlər (toponimlər) indi də var. Göründüyü kimi, “qurd” və onunla bağlı başqa etnonimlərin Azərbaycandakı bugünkü mövcudluğu heç kəsdə təəccüb doğurmamalıdır. Bu gün Azərbaycan ərazisində qurd etnosunun varlığı sübut olunduğu kimi, fikrimizcə, onun özünəməxsus dili də qorunub saxlanılıb. Biz elə hesab edirik ki, bu dil türk dillərinin qıpçaq qrupuna aid edilə bilən, lakin çoxlu təsirlərə məruz qalmış bir dildir. Maraq doğuran əsas faktlardan biri də Qurd tayfalarının bir hissəsinin müasir Gürcüstan ərazisinə köç edərkən orada bir neçə yaşayış məntəqələri salmaları, orada xüsusi türk-müsəlman mədəniyyəti yaratmalarıdır. Təəssüf ki, onlar sonradan gürcüləşərək gürcü xalqının tərkibinə daxil oldular. Gürcüstanda qurdlarla qohum olan imerlərin dilində XX əsrin əvvəllərində çoxlu türk sözləri qalırdı. Onlar kəfənə “bez”, toya “dügün”, iynəyə “solkdar”, qovurmaya “kaurma”, atasız uşağa “yetim” deyirdilər. Tədqiqatlara görə, qordlar kartvel deyil, XIII əsrdən sonra baqrationlar tədricən onları gürcüləşdirdilər. Ancaq buna baxmayaraq, onların dili indi də gürcülərin dilindən fərqlidir. Məlumdur ki, Şota Rustaveli özünün "Bars dərisi geymiş koma" əsərini qord dilində yazmış və sonra onu Çariça Tamaraya həsr etmişdir. Bu barədə bir çox mənbələrdə məlumatlar vardır. Buradan belə bir nəticə çıxır ki, XII əsrdə qord dili Tamara üçün anlaşıqlı olmuşdur. Şota Rustaveli Çariça Tamaraya həsr etdiyi əsərini qord-qurd dilində yazmışdır. Sonra əsərin üzərində məqsədli dəyişikliklər edilmiş, islamiyyətdən və xristianlıqdan qabaqkı əski adət və ənənələrin qalıqları mətndən çıxarılmışdır. Bundan başqa, bir çox mənbələrdə Qurdların Qafqazlarda qədim dövrlərdən yaşamaları göstərilirdi. Məsələn, Qafqaz dağlarına bəzi antik mənbələrdə Qordien-Qurdien dağları deyirdilər. Antik tarixçilərin əsərlərində və gürcü salnamələrində Qord-Kort adlandırılan qurdlar Qafqaz və Anadolunun qədim etnoslarından biridir. Eranın əvvəllərində Ararat dağı onların adı ilə Qordin adlandırılırdı. Göründüyü kimi, qurd etnosu nəinki Ermənistan adlandırılan Qərbi Azərbaycan torpaqlarında, həm də Cənub Şərqi Anadoluda məskun idi. Qurd etnosu bu gün Azərbaycanın müxtəlif yerlərində elə bu adla da yaşamaqda davam edir. Naxçıvan Muxtar Respublikasında, Ağdamda, Kürdəmirdə, Şamaxıda onların icmaları mövcuddur. Şəxsən biz özümüz bu icma nümayəndələri ilə dəfələrlə görüşmüş onlarla təmasda olmuşuq. İnformatorlarla əlaqə saxlayaraq bu günə qədər qorunub saxlanmış qurdca sözlərin lüğətini belə hazırlaya bilmişik.