AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı ilə “İzahlı ictimai-siyasi terminlər lüğəti” nəşr olunub.
Lüğətin elmi redaktoru professor Nadir Məmmədli, rəyçiləri professor İsmayıl Məmmədli və filologiya elmləri doktoru Nərgiz Hacıyevadır. Lüğət Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova (A, B, Ç, C, P, Q, U, Ü, Y, Z), filologiya üzrə fəlsəfə doktorları Svetlana Novruzova (K, T, O, M, N), Sima Quliyeva (S, G, Ş, J, Ö), Natəvan Hüseynova (D, V, H, L, R), Vəfa Abdullayeva-Nəbiyeva (E, Ə, F, X, İ) tərəfindən tərtib edilib. Lüğətdə Azərbaycan dilində işlənən 2800 ictimai-siyasi termin toplanıb və onların izahı verilib. İctimai-siyasi leksika cəmiyyətin bütün sferalarını özündə əks etdirdiyinə görə kütləvi informasiya vasitələrində geniş istifadə olunur. Bunu nəzərə alaraq lüğətdə sosiologiya, beynəlxalq münasibətlər, politologiya ilə bağlı terminlər toplanıb. İctimai-siyasi leksikaya cəmiyyətin müxtəlif hadisələri ilə bilavasitə əlaqədar olan siyasi-iqtisadi əlaqələr, milli azadlıq və ictimai-siyasi hadisələr, ölkənin təhlükəsizliyi, milli və beynəlxalq təhlükəsizlik, partiyaların adlarını ifadə edən termin və sözlər daxildir.
Sözlükdən müxtəlif sahə mütəxəssisləri, doktorantlar və elmi işçilər istifadə edə bilərlər.
Şrifti böyüt:
Çap et