Noyabrın 23-də AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Qərbi Azərbaycan toponimləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlərdə bu torpaqlardan deportasiyaya, soyqırımına məruz qalmış Azərbaycan əhalisinin taleyi ilə bağlı son 200 illik tarix üzrə tədqiqatların aparılması və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması göstərişini verdiyini xatırladıb. AMEA rəhbəri bu istiqamətdə 2023-cü ildə müvafiq strukturlarda, xüsusən elm, təhsil və mədəniyyət sahəsində əhəmiyyətli işlərin, genişmiqyaslı tədbirlərin görüldüyünə diqqət çəkib. Bildirib ki, Qərbi Azərbaycan İcması tərəfindən müxtəlif beynəlxalq təşkilatlarda bir çox mühüm məsələlər qaldırılır, Qərbi Azərbaycan torpaqlarına ermənilərin köçürüldüyü və azərbaycanlıların XX əsrin əvvəllərindən həmin torpaqlardan zorla, vəhşicəsinə çıxarıldığı dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Akademiyanın elmi müəssisələrində Qərbi Azərbaycanla bağlı görülən işlərdən bəhs edən akademik İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyətinin 29 dekabr 2022-ci il tarixli iclasının qərarı ilə A.A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru və Nəsimi adına Dilçilik İnstitutunda isə Toponimika şöbələrinin yaradıldığını qeyd edib. Onun sözlərinə görə, aparılan fundamental tədqiqatları ümumiləşdirmək və əlaqələndirmək üçün AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurası yaradılıb. Şuranın bugünədək keçirilmiş iclaslarında Qərbi Azərbaycanla bağlı aparılmış tədqiqatlar müzakirə olunub, gələcək tədqiqatların əsas istiqamətləri müəyyənləşdirilib.
AMEA prezidenti əlavə edib ki, ölkəmizdə bu istiqamətdə aparılan işlər Ermənistanda ciddi narahatlıqla qarşılanıb və bu ölkənin mətbuatında gedən yazılarda Azərbaycanda Qərbi Azərbaycanla bağlı həyata keçirilən tədbirlərin onlar üçün böyük təhlükə yaratmaq potensialı olduğu bildirilib.
AMEA-da alimlərin iştirakı ilə “Qərbi Azərbaycan ensiklopediyası”nın sözlüyünün hazırlandığını deyən akademik İsa Həbibbəyli bununla bağlı yaradılmış işçi qrup tərəfindən ensiklopediyanın sözlüyünün təkmilləşdirilmiş versiyası üzərində işlərin davam etdirildiyini bildirib. O qeyd edib ki, ölkəmiz üçün elmtutumlu layihələrdən olan “Qərbi Azərbaycan ensiklopediyası” üzərində işlərin 2023-cü ilin sonunda başa çatdırılması nəzərdə tutulur.
Alim, həmçinin bu istiqamətdə AMEA-da görülmüş işlər arasında Qərbi Azərbaycanla bağlı xəritələrin toplanması, Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin “Xalq qəzeti” redaksiyasında ictimai dinləmə keçirməsi, Qərbi Azərbaycan folkloru ilə bağlı çoxcildli antologiyanın hazırlanması, alimlərimizin ölkədə və beynəlxalq səviyyəli konfranslarda Qərbi Azərbaycan həqiqətləri ilə bağlı çıxışlar etməsi və s. tədbirlərin yer aldığını vurğulayıb. O, AMEA və Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun nəzdində Türk Tarix Qurumunun birgə təşkilatçılığı ilə noyabrın 29-da Bakıda “Rəvandan İrəvana və Qərbi Azərbaycana” adlı beynəlxalq konfransın keçiriləcəyini də qeyd edib.
Akademik İsa Həbibbəyli bugünkü konfransın da ölkə Prezidentinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində AMEA-da keçirilən əhəmiyyətli tədbirlərdən biri olduğuna diqqət çəkib.
AMEA rəhbəri çıxışının sonunda aktual elmi problemə həsr olunmuş bugünkü respublika konfransının Dilçilik İnstitutu ilə yanaşı, Akademiyanın digər elmi tədqiqat müəsssisələrində də Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsinə marağı daha da artıracağına və gələcək elmi tədqiqatlara stimul verəcəyinə ümidvar olduğunu bildirib, konfransın işinə uğurlar arzu edib.
Tədbirdə çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli Qərbi Azərbaycanla bağlı institutun Toponimika şöbəsində həyata keçirilən işlərin uğurla davam etdirildiyini söyləyib. O, toponimikanın coğrafi adları, toponimləri, onların mənasını, quruluşunu, mənşəyini və yayılma arealını öyrənən elm sahəsi olduğunu bildirib.
Toponimlərin təkcə elmlərin inteqrasiyasından deyil, dilçiliyin sahələrindən - dialektologiyadan, etimologiyadan da yarandığını deyən Nadir Məmmədli Azərbaycan toponimləri haqqında məlumat verib. Alim toponimin bir fərdin yaddaşı deyil, ictimai məhsul olduğunu bildirib.
“Toponimlər xalqın tarixidir, xalqın yaddaşının güzgüsüdür, etnik mədəniyyətidir. Tarixdə elə bir hadisə olmayıb ki, toponimlərdə öz əksini tapmasın, ad kimi yaddaşlarda qalmasın. Ona görə də toponimlərin əhəmiyyətini yaxşı bilən ermənilər təkcə xalqımızı deportasiya etməyib, həm də Azərbaycanın adlarını da məhv etmək istəyiblər. Məqsəd xalqımızın orda yaşaması ilə bağlı izləri itirmək olub”, - deyə direktor vurğulayıb.
Göyçə ərazisinin türk mənşəli toponimlərdən ibarət olduğunu söyləyən professor Nadir Məmmədli qeyd edib ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan alimləri toponimlərlə bağlı çox böyük və faydalı işlər görüblər.
Daha sonra professor Sayalı Sadıqovanın “Göyçə mahalının qədim toponimləri”, professor İlham Tahirovun “Qərbi Azərbaycan toponimlərinin semantik-sahə strukturu”, professor İsmayıl Məmmədlinin “Göyçə mahalının etnotoponimləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyevanın “Qərbi azərbaycanlıların deportasiyası: şivələr və toponimlər” və filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılovun “Qərbi Azərbaycan toponimlərinin izi ilə” mövzusunda məruzələri dinlənilib.
Şrifti böyüt:
Çap et