Noyabrın 22-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Qırğız-Türk Manas Universitetinin Türkiyə üzrə rektoru, professor Alpaslan Ceylan ilə görüş keçirilib.
Görüşdə AMEA-dan və respublikanın ali təhsil ocaqlarından nümayəndələr iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türkiyə və Qırğızıstanın birgə universiteti olan Manas Universitetinin ortaq dəyərlərimizin qorunub öyrənilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
O, Qırğız-Türk Manas Universitetinin son illərdə Qırğızıstan, Türkiyə və Azərbaycan universitetləri ilə geniş əlaqələr qurduğunu və birgə layihələr həyata keçirdiyini qeyd edib. AMEA rəhbəri Türk dünyasının ortaq dəyərlərinə dair layihələrin xüsusi önəm daşıdığını və bu layihələrin Türk dövlətləri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Son illərdə Türk dövlətlərində bütün istiqamətlər üzrə inkişafın, irəliləyişin hökm sürdüyünü söyləyən AMEA prezidenti həm də bildirib ki, Beynəlxalq Türk Akademiyası tərəfindən “Ortaq Türk tarixi”, “Ortaq Türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” dərslikləri hazırlanıb, o cümlədən ortaq türk terminologiyası ilə bağlı layihə icra olunub, Türk dünyası arxeoloqlarının toplantısında Türk Dünyası Arxeoloqları Birliyi yaradılıb, eləcə də Türk dünyasını əhatə edən Tarixçilər Cəmiyyəti təsis olunub və digər layihələr həyata keçirilib.
Qeyd edək ki, tədbirdə Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini fil.ü.f.d., dosent Baba Məhərrəmli, Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dosent Rasim Heydərov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri fil.ü.f.d., dosent Günel Orucova və Beynəlxalq Əlaqələr üzrə məsul şəxs Rəxşanə Babazadə iştirak etmişlər. Tədbir çərçivəsində çıxış edən Baba Məhərrəmli bənzər görüşlər və layihələrin həm də türkologiya elminin inkişafı üçün önəmli addım olduğunu bildirmiş, türk dünyasının birliyi üçün ortaq ünsiyyət dilinin əhəmiyyətindən danışmışdır.
Şrifti böyüt:
Çap et