Türk dünyasının böyük ədəbi-mədəni və elmi irsinin qorunması, qiymətləndirilməsi, təbliği və gələcək nəsillərə ötürülməsi Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun türk milli kimliyinin yaşadılması uğrunda davamlı fəaliyyətinin ali missiyasıdır. Təməl dayaqları 1983-cü il avqust ayının 17-də təsdiqlənmiş bu ali qurumun tərkibinə Türk Tarix Qurumu və Türk Dil Qurumu, həmçinin Atatürk Araşdırma Mərkəzi və Atatürk Mədəniyyət Mərkəzi daxildir. Türkiyənin bu dörd özəl qurumu 1983-cü ildən bu yana Ali Qurumun çətiri altında müxtəlif sahələrdə fəaliyyətlərini davam etdirirlər.
Bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Kitabxanasının müdiri Sevil Zülfüqarova bildirib. Onun sözlərinə görə, Türk Dil Qurumu böyük Atatürkün göstərişi ilə 1932-ci il iyulun 12-də yaradılıb və qurucuları o dövrün tanınmış ədəbiyyat adamları olan Samih Rifat (ilk prezident), Ruşen Eşref, Cəlal Sahir və Yakup Kadridir. Qurumun fəaliyyətinin əsas məqsədi türk dilinin əsas gözəllik və özəlliyini, zənginliyini ortaya çıxarmaq və onu dünya dilləri arasında öz dəyərinə layiq zirvəyə çatdırmaqdır. Qurumun əsas davamlı nəşrlərindən biri ilk nömrəsi 1951-ci ilin oktyabrında işıq üzü görmüş və Azərbaycan elmi mühitində də kifayət qədər tanınan, oxunan “Türk dili” aylıq dərgisidir. Beynəlxalq resenziyalı “Türk dünyası dil və ədəbiyyat dərgisi” isə altı ayda bir dəfə nəşr edilir. “Türk dili araşdırmaları illiyi - bülleten” 1953-cü ildən bəri ildə iki dəfə çap olunur və “Scopus” tərəfındən indeksləşdirilir.
S. Zülfüqarova qeyd edib ki, Türk Dil Qurumunun dövri nəşrləri məlumat bazasında toplanaraq PDF formatında istifadəyə verilib. Məlumat bazasında 21 min 430 məqalə var və “Metin Veri Tabanı” (https://metinveritabani.tdk.gov.tr) portalında verilənlər bazasında istifadəçilər üçün açıqdır. Həmçinin “Türk Dil Qurumu sözlükləri” (https://sozluk.gov.tr) portalında lüğətlərin hazırlanma prinsipləri və istifadə xüsusiyyətləri maddələrlə göstərilib.
“Türk dilinin yazılı və şifahi mənbələri üzərində elmi əsaslarla araşdırma aparmaq, türkcənin elm, sənət, ədəbiyyat və təhsil dili kimi inkişafını izləmək və bütün sahələrdə səmərəli, düzgün istifadəsini təmin etmək, dünya dilləri arasında dəyərinə layiq bir zirvəyə yüksəltmək, türk coğrafiyasında ümumi ünsiyyət dili, dünyada geniş yayılmış və etibarlı bir dil etmək missiyası Atatürk Mədəniyyət, Dil və Tarix Ali Qurumunun ali məqsədidir. Onu da qeyd edək ki, bu ali məqsədin davamlı olaraq həyata keçirilməsi uğrunda həm elmi, həm də ictimai fəaliyyətlə estafeti davam etdirən Türk Dil Qurumunun başqanı professor Osman Mertin xidmətləri vardır”, - deyə S.Zülfüqarova bildirib.
Kitabxananın müdiri vurğulayıb ki, Türk Dil Qurumunun Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu ilə imzaladığı əməkdaşlıq müqaviləsi bu ali missiyanı davam etdirir. Müqavilə alimlərimizə Qurumun uyğun gördüyü verilənlər bazalarından, elmi nəşrlərdən, elektron yayımlardan yararlanmaq, bu bazalarda təmsil olunmaq, çap olunmaq imkanı verəcək. Sənədin müddəalarına əsasən, alimlər Qurumun elmi bazalarından Dilçilik İnstitutunun kitabxanasındakı lokal şəbəkədən sərbəst istifadə edəcəklər. Dilçilik İnstitutunun kitabxanası öz növbəsində aid olduğu elmi mühitin əhəmiyyətli nəşrlərini, elmi toplu və dərgiləri Qurumun kitabxanasına təqdim edərək qeydiyyatdan keçirəcək. Bu isə Azərbaycan elminin, alimlərimizin beynəlxalq səviyyədə tanınmasına doğru yeni bir qlobal informativ prosesə qoşulması deməkdir.
Şrifti böyüt:
Çap et