Müasir dövrdə Azərbaycanda hərbi-siyasi natiqliyin formalaşmasında Prezident İlham Əliyevin xidmətləri böyükdür. 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, məsələnin vaxtında həllinə qərar verən çıxışları xalq tərəfindən sevinclə qarşılanırdı.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib.
“O, həm də əzəmətli görkəmi, baxışı, səsi ilə auditoriyanın diqqətini özünə çəkə bilir. Prezident İlham Əliyev çıxışlarında yazılı məruzələrdən imtina edir. Onun nitqi aydın mərhələlərdən təşkil olunub: giriş, analitik təhlil, xatırlatma, mətləbə qayıtma, canlı danışıq elementlərinə müraciət, uğurlu nəticə. Prezidentin nitqi zənginliyi, emosionallığı, mükəmməlliyi ilə bütün gənclərə, ziyalılara bir örnəkdir”, - deyə T.Şükürlü vurğulayıb.
Prezident İlham Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində dil siyasətinin çox mühüm yer tutduğunu bildirən alim deyib ki, dövlətimizin başçısının bu sahədəki ilk sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqındadır. Dövlətimizin başçısının 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən, dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi.
Dilçi alim qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan dilinə həmişə xüsusi diqqət göstərib. Ölkə Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.
Şrifti böyüt:
Çap et