Elçin İsmayılov: Qərbi Azərbaycanın onomastik vahidləri ilə bağlı iki kitab çap mərhələsindədir

Şrifti böyüt:
Çap et

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin əməkdaşları yeddi ay ərzində iki beynəlxalq elmi konfransda, üç respublika əhəmiyyətli konfransda elmi məruzə ilə çıxış ediblər. Bundan başqa, 10-dan çox televiziya kanalında, internet televiziyalarında, saytlarda Qərbi Azərbaycanın onomastikası ilə bağlı həqiqətləri tamaşaçılara çatdırıblar. Xüsusi qeyd olunmalıdır ki, Qərbi Azərbaycanın onomastik vahidləri ilə bağlı tərtib etdiyimiz iki elmi kitab çap mərhələsindədir.

Şöbənin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov bildirib. Onun sözlərinə görə, “Qərbi Azərbaycan toponimləri və mikrotoponimləri” mövzusunda ayın sonunda keçiriləcək respublika elmi konfransının materialları da şöbə tərəfindən toplanılıb. Konfrans bu ayın sonuna kimi reallaşacaq. “Fəaliyyət göstərdiyimiz müddətdə Milli Məclisin Qərbi Azərbaycanla bağlı keçirdiyi tədbirlərdə iştirak etmişik, fikirlərimizi müvafiq komissiyalara çatdırmışıq. Ədliyyə Nazirliyinin xahişinə əsasən, Qərbi Azərbaycanda mövcud olmuş bütün toponimlər əməkdaşlarımız tərəfindən dəqiqləşdirilib və siyahısı onlara təqdim olunub”, - deyə şöbə müdiri qeyd edib.

Qeyd edək ki, Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib, işğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə isə yeni erməni adları qoyulub. Dilçilik İnstitutunda Toponimika sektorunun əsasında yaradılmış Toponimika şöbəsi Qərbi Azərbaycanda ermənilər tərəfindən adları dəyişdirilmiş toponimlərin bərpası istiqamətində tədqiqatlar aparır.