2023-cü il avqustun 9-da Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və YAP Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbirə həmçinin siyasi elmlər üzrə fəlsəfə doktoru, YAP Veteranlar Şurasının üzvü, məhşur 91-lərdən Tahir Məmmədov, Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin keçmiş hərbi müşaviri, tuğgeneral Yucəl Karauz, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Gülbəniz İsmayılzadə, AMEA-nın Dilçilik İnstitunun Toponimiya şöbəsinin müdiri Elçin İsmayılov müvzu ilə əlaqədar qonaq qismində dəvət olunmuşdu.
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin binası önündə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülərək Ümummilli liderin əziz xatirəsi ehtiramla yad edilib.Sonra dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və video çarx nümayiş olunub.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qonaqları salamlayaraq Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində bu tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonumuzda bir çox tədbirlər təşkil edilmişdir. Bugünkü dəyirmi masanın mövzusunun isə "Heydər Əliyev və Azərbaycan dili" olduğunu xatırladan icra başçısı ulu öndərin hər zaman milli mənəvi dəyərlərimizə diqqət və qayğı göstərdiyini, dilimizin də qorunmasına və inkişafına daim həssaslıqla yanaşdığını bildirib. Daha sonra tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev qeyd edib ki, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuş, Ümummilli Lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin inkişafı naminə bir çox qərarlar qəbul edilmiş, yeni Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı 1995-ci ildə keçirilən ciddi müzakirələrdən sonra ana dilinin qanuni haqqı özünə qaytarılmış və həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbayan Respublikasının Dövlət dili kimi təsbit olunmuşdur.
Daha sonra çıxış edən siyasi elmlər üzrə fəlsəfə doktoru, YAP Veteranlar Şurasının üzvü, məhşur 91-lərdən Tahir Məmmədov bildirmişdir ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin fərmanı xalqımızın ana dilinin ədəbi dil səviyyəsində qorunmasına və zənginləşdirilməsinə xidmət edən dövlət siyasətinin davamlığının daha bir təzahürüdür.
Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, tuğgeneral Yucəl Karauz nitqində Türk və Azərbaycan dillərinin eyni kökə malik olduğunu xatırladaraq, bu dillərin qohum dillər ailəsinə mənsubluğundan danışdı və Ulu Öndərin “Bir millət iki dövlət” ifadəsini ətraflı şərh etməklə Türk dövlətləri arasında ortaq dil yaranacağına ümidvar olduğunu bildirdi.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Gülbəniz İsmayılzadə milli varlığın qorunması və ümumxalq həmrəyliyinin möhkəmlənməsində mühüm rol oynayan dilimizin, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsi olduğunu qeyd etdi. O bildirdi ki, ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Azərbaycan dövlətinin dil siyasəti bu həqiqətin tam mənada gerçəkləşdirilməsinə, suverenliyimizin əsaslarının daha da möhkəmləndirilməsinə və onun əbədiləşdirilməsinə xidmət edir.
AMEA-nın Dilçilik İnstitunun Toponimiya şöbəsinin müdiri Elçin İsmayılov çıxışında Azərbaycan xalqının ünsiyyət vasitəsi olan ana dilimizin milli-mənəvi dəyərlər sistemində ən qiymətli sərvətimiz olduğunu vurğuladı. O qeyd etdi ki, xalqımız öz dilini, dilimiz isə onu yaşadan xalqı qorumuş, indiki səviyyəyə çatdırmışdır. Xalqımızın milli varlığının ən başlıca əlaməti və daşıyıcısı olan Azərbaycan dilinin qorunub zənginləşdirilməsi uğrunda mübarizə milli istiqlal mücadiləsinin, dövlətçiliyin dirçəldilməsi və bərpası uğrunda ümumxalq mübarizəsinin ən önəmli cəbhələrindən biri olmuşdur.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirakçılara təşəkkürünü bildirmişdir.
Şrifti böyüt:
Çap et