yulun 19-da AMEA-da Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Heydər Əliyev İli” çərçivəsində ölkəmizdə və xaricdə, o cümlədən akademiyada Ulu Öndərin zəngin irsinə, onun Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini söyləyib. Bugünkü konfransın əhəmiyyətini vurğulayan AMEA rəhbəri bildirib ki, Ulu Öndər hələ sovet hakimiyyətinin sərt qadağaları dövründə ana dilimizin qorunmasına xüsusi diqqət yetirib, məhz onun səyləri nəticəsində Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz əksini tapıb. Həmçinin Ulu Öndərin rəhbərliyi altında hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasında da ana dili ilə bağlı maddəyə xüsusi diqqət yetirilib, Azərbaycan dili dövlət dili kimi təsbit olunub, o cümlədən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilib. Bu gün Ümummilli Liderin əsasını qoyduğu dövlət dil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini deyən akademik İsa Həbibbəyli ana dilimizin saflığının qorunması istiqamətində silsilə addımların atıldığını, bir sıra sənədlərin imzalandığını, Dövlət Dil Komissiyasının, Terminologiya Komissiyasının fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Konfransda Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli və Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxış edərək Ümummilli Liderin ana dilimizin qorunması istiqamətindəki xidmətlərindən, bu istiqamətdə atdığı addımlardan, müasir dövrdə ana dilimizin mövcud problemlərindən və həll yollarından danışıblar.
Tədbirdə “Heydər Əliyevin hakimiyyəti dönəmində dil haqqında qəbul olunan sərəncam və fərmanların tarixi əhəmiyyəti”, “Əbədiyaşar Ümummilli Liderimiz”, “Heydər Əliyevin uzaqgörən dövlətçilik, idarəçilik və dil siyasəti qələbəmizin təməlidir”, “Heydər Əliyev və dil quruculuğu”, “Heydər Əliyev və dil tariximiz”, “Heydər Əliyevin nitq və çıxışlarının İndoneziya və malay dillərinə tərcüməsi məsələləri”, “Heydər Əliyevin andiçmə nitqlərinin linqvostatistik və funksional təhlili” mövzusunda məruzələr dinlənilib.
Şrifti böyüt:
Çap et