AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri professor
İsmayıl Kazımov 4-7 iyulda Qazaxıstanın Əl-Fərabi adına Qazax Beynəlxalq
Universitetində keçirilən “ XI Beynəlxalq Altay İcmaları Simpoziumunda” iştirak
edib.
Simpoziumda Altay xalqlarının yer və su adları mövzusinda 120-dən çox məruzə
dinlənilib. “Türk xalqlarının onomastika tarixi” (Yerpolat Saurıkov), “Güney
Sibirdəki İran yer adları” (Vladislav Kokoulin), “Çin qaynaqlarına görə hunların
yer adları” (Konuralp Ercilasun), “Türk boylarında inanca, rənglər və saylarla bağlı
yer və su adları” (Fikret Türkmen, Janagül Sametova), “Şamaxı toponiminin
geneoloji və etimoloji təhlili” (Qalib Sayılov), “Köroğlu-Goroğlu destanlarında
epik mekan Çənlibel” (Aynur Aydın), “Qırım toponimiyasındakı qıpçaq türk
elementleri” (Hakan Kırımlı), “Manas,, eposunda yer-su adlarının verilməsi”
(Dinara Asakeeva) adlı məruzələr maraqla dinlənilib.
Professor İsmayıl Kazımov “Dağlıq Altay toponimlərinin formalaşmasında
sintaktik üsulun rolu” mövzusunda çıxış edib. Bildirib ki, Azərbaycan-Qazaxıstan
əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Ortaq tarixə, mədəniyyətə malik olan
iki dövlət arasında müxtəlif sahələrə dair imzalamış sənədlər əməkdaşlığın yüksək
xətlə inkişaf etdirilməsinə mühüm təsir göstərməkdədir.
Alim vurğulayıb ki, toponimlər həm də xalqın tarixi yaddaşıdır. Toponimlər
cəmiyyətin və dilin əsl inkişaf tarixini öyrənmək istiqamətində kifayət qədər
zəngin material verir.
Həmin yer və su adları mürəkkəb, amma kifayət qədər dəqiq və mütəşəkkil bir
sistem təşkil edir. Dağlıq Altay toponimləri təkcə orada yaşayan türk xalqlarının
xüsusini ümumidən ayırmaq üçün istifadə etdiyi dil işarələri statusunda
məhdudlaşıb qalmır, həm də azsaylı, dilləri təhlükə qarşısında qalan altayların,
noqayların, şorların və digər türklərin tarixini, taleyini öz məzmun və
mahiyyətində əks etdirən qiymətli mənbə rolunu oynayır.
Şrifti böyüt:
Çap et