Qətibə Vaqif qızı Quliyeva. “Qədim türk abidəsi “Xuastuanift”in dili”
Bakı, “Elm və təhsil”, 356 səh.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d.,
dosent Qətibə Vaqif qızı Quliyevanın “Qədim türk abidəsi “Xuastuanift”in dili” adlı
monoqrafiyası çap olunub. Monoqrafiya qədim türk abidələri içində ikinci böyük qolu təşkil
edən qədim uyğur abidələrindən olan “Xuastuanift”in Berlin, London və Sankt-Peterburq
nüsxələri, onalrın tapılması və nəşri tarixi, qədim uyğur abidələrinin təsnifatı, qədim uyğur
türkləri, onların tarixi və mədəniyyəti haqqında bilgiləri, eləcə də abidənin dil xüsusiyyətlərinin
təhlilini əhatə edir. Monoqrafiyada qədim türklərin dini inancları fonunda manixey dininə
tapınan uyğur türklərinin müxtəlif zamanlarda qəbul etdikləri dini inanclardan, manixeyizmin
yaranmasından və türklər arasında ayayılmasından bəhs olunur. Daha sonra müəllif
uyğurşünaslığın tarixi və müasir vəziyyəti barədə danışır, son illərdə qədim uyğur abidələrinin
tədqiqinə həsr olunmuş əsərlər üzrində dayanır, həmin əsərləri qiymətləndirir.
Kitabda qədim uyğur-türk etnokulturoloji təfəkkürünün məhsulu olan və manixey
türklərin tövbə duası olan “Xuastuanift”in dil xüsusiyyətləri qədim və orta əsrlər türk yazılı
abidələri, müasir türk dilləri ilə müqayisəli şəkildə araşdırılmış, qədim uyğur türklərinin
mədəniyyətinin müəyyən mərhələləri işıqlandırılmış, türkcənin təşəkkül və inkişaf tarixi fonunda
abidənin türk tərcümə ədəbiyyatı tarixindəki yeri, abidənin yazıldığı dil mühiti, fonetik, leksik və
qrammatik xüsusiyyətləri tarixi-linqvistik aspektdə təhlil edilmişdir.
Türkologiyada bu sahədə ilk kompleks şəkildə elmi araşdırma hesab edilən monqrafiyanın
elmi redaktorları mərhum professor Məmmədəli Qıpçaq, rəyçiləri akademik Nizami Cəfərov,
professor Sevil Mehdiyeva, professor Osman Fikri Sertkaya, redaktoru Dəyanət Osmanlıdır.
Yeni nəşr Azərbaycanda Atatürk Mərkəzinin dəstəyi ilə işıq üzü görüb. Monoqrafiya görkəmli
türkoloq, mərhum professor Məmmədəli Novruzovun (Qıpçaq) əziz xatirəsinə həsr olunub.
Şrifti böyüt:
Çap et