AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransı öz işinə başlayıb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, eləcə də Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu və İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində AMEA-nın müvafiq elmi müəssisələri və bir sıra dövlət qurumlarından olan nümayəndələr, dilçi alimlər, yazıçılar və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə qardaş ölkə Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Beynəlxalq Ana Dili Gününün tarixindən danışıb. Bildirib ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Akademik İsa Həbibbəyli dünyanın ən zəngin dillərindən biri hesab edilən Azərbaycan dilinin xalqımızın bütün milli varlığını müəyyən edən başlıca amillərdən olduğunu vurğulayıb. AMEA rəhbəri doğma dilimizin inkişafı, onun təbliği və yad təsirlərdən qorunması istiqamətində Azərbaycan dövlətinin dil siyasətindən, həyata keçirilən Dövlət proqramlarından, layihə və tədbirlərdən söz açıb.
Akademik Azərbaycan dilinə dövlət dili statusunun verilməsinin Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri olduğunu bildirib. AMEA-nın prezidenti bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsinin Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlı olduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, hazırda AMEA-da Azərbaycan dilinin saflığının qorunması, dilin imkanlarının elmi əsaslarla şərh edilməsi istiqamətində genişmiqyaslı islahatlar aparılmaqdadır. AMEA rəhbəri bugünkü konfransın dilin milli korpusunun yaradılması zərurətinin geniş ictimaiyyətə çatdırılması, dilimizin dünya dillərinin milli korpusları sistemində yerləşdirilməsi, Azərbaycan dilinin müasir dövrdəki vəziyyəti ilə bağlı geniş müzakirələrin aparılması baxımından əhəmiyyətini qeyd edib.
Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ölkəmizdə Azərbaycan dilinin dövlət dili kimi rəsmi status qazanmasında və tətbiqində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd edərək, Ulu Öndərin Azərbaycan dilinin inkişafına hər zaman xüsusi diqqət göstərdiyini vurğulayıb.
O, dilimizin orijinallığının qorunub-saxlanılması, inkişaf etdirilməsi və nüfuzunun yüksəldilməsinin dövlətin dil siyasətinin əsasını təşkil etdiyini diqqətə çatdırıb. Yazıçı Anar konfransda səmərəli müzakirələr nəticəsində irəli sürülən dəyərli fikirlərin müvafiq sahədə mövcud problemlərin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib, konfransın işinə uğurlar arzulayıb.
Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Beynəlxalq Ana dili Gününə həsr olunmuş respublika elmi-praktiki konfransının keçirilməsində rolu olan təşkilatçılara dərin minnətdarlığını bildirib: “Bu gün texniki və humanitar sahələrdə fəaliyyət göstərən alim və mütəxəssislərin bir araya gələrək Azərbaycan dili ilə bağlı mövcud problemləri müzakirə etməsi, prioritet istiqamətləri müəyyənləşdirməsi dilimizin gələcək inkişafı baxımından böyük əhəmiyyətə malikdir”.
S.Rüstəmxanlı müasir dövrdə İKT-nin sürətli inkişafı ilə Azərbaycan dilinə sel kimi daxil olan yeni xarici sözlərin dilimiz üçün yaratdığı təhlükələrdən bəhs edərək bu kimi problemlərin həlli ilə bağlı kompleks tədbirlərin görülməsinin vacibliyini vurğulayıb, müvafiq sahə alimlərini bu prosesdə fəal iştirak etməyə çağırıb.
O, həmçinin Azərbaycan dilinin dövlət dili kimi yad təsirlərdən qorunması və inkişafı, türk dünyası dövlətləri arasında ortaq ədəbi dilin yaradılması, eləcə də dövlət başçısı İlham Əliyevin ana dilimizin inkişafına dair qəbul etdiyi Fərman və sərəncamların icrası ilə bağlı təklif və tövsiyələrini irəli sürüb.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli öz çıxışında dil və təfəkkür münasibətləri ilə bağlı apardığı tədqiqatların nəticələrindən bəhs edib, eyni zamanda İKT və dil məsələlərinə dair bəzi konseptual yanaşmaları diqqətə çatdırıb. O, müasir dövrdə texnologiyanın dilin inkişafına təsiri, yaxın gələcəkdə maşın dillərindən geniş istifadə nəticəsində yarana biləcək problemlər və təhlükələrdən danışıb. Azərbaycan dilinin milli korpusunun yaradılmasının bugünkü tədbirin qarşısında duran konseptual məsələlərdən biri olduğunu söyləyib.
İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov konfransın Azərbaycan dili ilə bağlı problemlərin müzakirəsi və mühüm nəticələrin əldə olunması baxımından əhəmiyyətini qeyd edib. O, rəhbərlik etdiyi elmi müəssisənin əsas istiqamətlərindən birinin süni intellektlə bağlı olduğunu bildirərək bu sahənin inkişafında təbii dillərin emalı məsələlərinin əhəmiyyətli rol oynadığını bildirib. Hazırda süni intellekt texnologiyalarının insan zəkası ilə rəqabət apara biləcək səviyyədə olduğuna diqqət çəkən akademik Ə.Abbasov bunun mümkün təhlükələrindən də danışıb.
Akademik Ə.Abbasov Azərbaycan dilinin milli korpusunun yaradılmasının müasir dövrdə zərurətə çevrildiyini, bu istiqamətdə elmi müəssisələrin səylərini birləşdirərək tədbirlər görməsinin vacibliyini vurğulayıb. O, həmçinin türkdilli ölkələrin rəqəmsal dil korpusunun hər dilin öz xüsusiyyətləri nəzərə alınmaqla yaradılmasının da mühüm məsələlərdən olduğunu qeyd edib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli bildirib ki, dil korpusu mövcud olmadan hər hansı bir lüğətin yaradılmasından söhbət gedə bilməz. Bu baxımdan dilçi alimlər və informasiya texnologiyaları üzrə mütəxəssislər tərəfindən birgə tədqiqatların aparılması son dərəcə vacibdir.
Alim Dilçilik İnstitutu ilə İnformasiya Texnologiyaları İnstitutu arasında elmi əməkdaşlıq münasibətlərinin uğurla davam etdirildiyini də nəzərə çatdırıb. O, Azərbaycan dilinin İKT problemlərini, İKT-nin Azərbaycan dili problemlərini ictimaiyyət qarşısında aktuallaşdırdıqlarına görə təşkilatçılara minnətdarlığını bildirib, alim və mütəxəssisləri müvafiq istiqamətdə fəal əməkdaşlığa çağırıb.
ADA Universitetinin Data Analitika Araşdırmaları Mərkəzinin direktoru, texnika üzrə fəlsəfə doktoru Abzətdin Adamov Azərbaycan dilinin milli korpusunun yaradılmasını şərtləndirən amillərdən danışıb, eyni zamanda bəzi ölkələrin bu istiqamətdə təcrübələrindən bəhs edib. Azərbaycan dilinin milli dil korpusunun və modelinin qurulması ilə bağlı görülən işlər haqqında da məlumat verib.
Daha sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək konfransın ölkəmizdə Azərbaycan dili və İKT problemlərinə həsr olunmuş ilk konfrans olduğunu vurğulayıb. Hazırda rəqəmsal transformasiyaların bütün sahələrdə baş verdiyini qeyd edən akademik R.Əliquliyev yeni İKT vasitələri tətbiq olunmaqla virtual reallıqların yarandığını qeyd edib, Azərbaycan dilinin bu proseslərə uyğunlaşdırılmasının əhəmiyyətindən danışıb.
AMEA-nın vitse-prezidenti konfransın keçirilməsində əsas məqsədin bu sahədə tədqiqatların monitorinqini aparmaq, əldə olunmuş nailiyyətlərlə tanış olmaq, multidissiplinar elm sahələri arasında əməkdaşlıq üçün zəmin hazırlamaq, bu sahədə kadr hazırlığına diqqət ayırmaq, problemləri dinləmək və müzakirə etmək, təşəbbüslər irəli sürmək və s. olduğunu qeyd edib.
Azərbaycan dilinin İKT problemlərindən bəhs edən akademik R.Əliquliyev hazırda Azərbaycan dilinin müxtəlif aspektlərinə aid olan rəqəmsal resursların e-dövlət mühitinə inteqrasiya olunmadığını bildirib, Azərbaycan dili üçün milli, korporativ və fərdi dil korpuslarının işlənilməsinin əhəmiyyətindən söz açıb. Alim, həmçinin İKT-nin tətbiqi ilə Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi üçün yeni mexanizmlərin işlənilməsinin zəruri məsələlərdən olduğunu qeyd edib.
İKT-nin Azərbaycan dili problemlərini də diqqətə çatdıran institutun baş direktoru müasir informasiya texnologiyaları, süni intellekt və təbii dilin emalı metod və vasitələrinin başqa dillərə olduğu kimi, Azərbaycan dilinə də tətbiq olunmasının vacib olduğunu diqqətə çatdırıb.
Tədbirdə, həmçinin 298 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən ədəbi-bədii proqram nümayiş etdirilib.
Sonra konfrans öz işini seksiya iclasları ilə davam etdirib. İclaslarda “Azərbaycan dilində xülasələşdirmə problemləri və onların həlli yolları”, “İnformasiya cəmiyyəti şəraitində Azərbaycan dilində gedən transformasiyalar”, “Azərbaycan dilindəki mətnlərin oxunabilirlik səviyyəsinin qiymətləndirilməsi metodları”, “Milli e-dövlət platformasında linqvistik demoqrafiyanın formalaşması məsələləri” və digər mövzularda müzakirələr aparılıb.
Qeyd edək ki, tədbirin 2-ci günündə Azərbaycan dilinin milli korpusunun linqvistik tədqiqatlarda rolu, Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi, milli terminoloji informasiya sisteminin formalaşmasının arxitektur-texnoloji prinsipləri, linqvistik verilənlər bazasının quruluş xüsusiyyətləri, Azərbaycan dilində nitq texnologiyalarının tətbiqi və digər aktual mövzulara dair məruzələr təqdim olunacaq.
Şrifti böyüt:
Çap et