Terminoqrafiyanın nəzəri əsasları ilk dəfə sistemli şəkildə araşdırılıb – yeni monoqrafiya nəşr olunub

Şrifti böyüt:
Çap et

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Sayalı Sadıqovanın “Azərbaycan terminoqrafiyasının konseptual əsasları” monoqrafiyası nəşr olunub.

Əsərdə terminoloji lüğətlərin tərtibi qaydalarını və prinsiplərini özündə əks etdirən termoqrafiyanın dilçiliyin müstəqil sahəsi kimi inkişafı və onun nəzəri əsasları ilk dəfə sistemli şəkildə araşdırılıb. Müəyyənləşdirilir ki, terminoqrafiyanın tədqiqat obyektini terminoloji sistemi özündə əks etdirən terminoloji lüğətlərin tərtibi prinsipləri ilə əlaqədar nəzəri və praktik məsələlər təşkil edir. Elmin müxtəlif sahələri ilə bağlı terminologiyanı özündə əks etdirən terminoloji lüğətlərdə terminoloji vahidlərin nizama salınması, standartlaşması və onların tərtibi qaydaları, lüğətlərdə verilmə üsulları, tərtib edilmə prinsipləri verilib. Tərtib olunan lüğətlərin funksiyası, terminoloji tərcümə, izahlı, ensiklopedik lüğətlərin, izahlı-tərcümə lüğətlərinin tərtibi məsələləri və onlara verilən tələblər monoqrafiyada geniş şəkildə şərh olunub. Terminoloji lüğətlər və onların inkişafı müxtəlif dövrlərə ayrılaraq (1920-1930-cu illər; 1930-1940-cı illər; 1940-1950-ci illər; 1950-1960-cı illər; 1960-1980-ci illər; 1980-1990-cı illər; 1990-cı illərdən sonrakı dövr) ümumi və xüsusi prinsiplər təhlil olunub.

Kitabın redaktorları akademik Nizami Cəfərov, professor Nadir Məmmədli, rəyçilər professor İsmayıl Məmmədli və Məsud Mahmudovdur.