Mayın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına
Dilçilik İnstitutunda görkəmli alim, Əməkdar elm xadimi, filologiya elmləri
doktoru, professor Qəzənfər Kazımovun anadan olmasının 85 illik yubileyinə
həsr edilən tədbir keçirilib.
Tədbirdə Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli professor
Qəzənfər Kazımovun həyat və yaradıcılığına nəzər salıb. Bildirib ki, Qəzənfər
Kazımov 1937-ci ildə Qarabağın füsunkar bölgəsi olan, Araz boyunda,
Xudafərin körpüsü səmtində yerləşən Cəbrayıl rayonunun alimlər, ziyalılar
məkanı olan Soltanlı kəndində müəllim ailəsində anadan olub. Fərqlənmə
diplomu ilə ali filoloji təhsil alıb, orta məktəbdə müəllim işləyib sonra əyani
aspiranturaya qəbul olub, 1967-ci ildə dilçi-akademik Əzəl Dəmirçizadənin
rəhbərliyi ilə “Ə.Haqverdiyevin dramaturgiya dili” mövzusunda namizədlik,
1988-ci ildə “Azərbaycan sovet satirik nəsrinin dili: 1920-1940-cı illər
(komizmin dil vasitə və üsulları problemi)” mövzusunda doktorluq
dissertasıyaları müdafiə edib. 1989-cu ildən professordur.
Nadir Məmmədli vurğulayıb ki, müəllimlik fəaliyyəti Qəzənfər Kazımovun
həyatının ayrılmaz və şərəfli bir hissəsidir: “Professor Qəzənfər Kazımov
1965-ci ildən bu günə qədər ziyalı-müəllim, alim yetişdirməklə məşğuldur. O,
Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim, baş müəllim, dosent,
professor vəzifələrində çalışıb, uzun müddət filologiya fakültəsinin dekanı
olub. Həmçinin Pedaqoji Universitetdə Müdafiə şurasının sədr müavini, Ali
Attestasiya Komissiyasında ekspert şurasının üzvü kimi onlarla alimin,
müəllimin yetişməsində əvəzsiz xidmətlər göstərib”.
Diqqətə çatdırılıb ki, Qəzənfər Kazımov 1999-cu ildən Azərbaycan Milli Elmlər
Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda fəaliyyət göstərir. 2001-ci
ildən isə institutda Azərbaycan dialektologiya şöbəsinin müdiri olub, bu dövrdə
də neçə-neçə aspirantın, dissertantın müəllimi, rəhbəri, yol göstərənidir.
Akademik Nizami Cəfərov “Qəzənfər Kazımovun yaradıcılığında Azərbaycan
dilinin tarixi problemləri” mövzusunda çıxış edib. Akademik bildirib ki,
Qəzənfər Kazımov Azərbaycan dilçiliyinin klassikidir: “Qəzənfər Kazımovun
tədqiqatlarında Azərbaycan dilçiliyinin yeni mərhələsinə mənsub elmi-nəzəri
düşüncəsinin nəbzi döyünür. O, orta məktəblərin şagirdləri, ali təhsil
müəssisələrinin tələbələri üçün dərsliklər yazıb”.
Tədbirdə professorlar Sayalı Sadıqova, Tofiq Müzəffəroğlu, Qəzənfər
Paşayev, Sərdar Zeynalov, İlham Tahirov, İsmayıl Məmmədli və Vidadi
Xəlilov, dosent Baba Məhərrəmli məruzələrlə çıxış ediblər. Məruzələrdə
vurğulanıb ki, Qəzənfər Kazımov həmişə filoloji elmin ən mühüm, aktual, az
toxunulan və yaxud da heç toxunulmayan problemlərindən yazıb, çoxsahəli
elmi istiqamətlərdə az-az tədqiqatçıya xas olan fəaliyyət göstərib. Onun elmi
fikirləri dilçiliyin mübahisəli məsələlərinə işıq salıb.
Sonda professor Qəzənfər Kazımov tədbirin təşkilində əməyi keçən hər kəsə
təşəkkürünü bildirib.
Şrifti böyüt:
Çap et