21 aprel 2022-ci il tarixində AMEA Nəsimi adına Dilçilik İnstitutu Özbəkistanın Əlişir Nəvai adına Özbək dili və ədəbiyyatı Daşkənd Dövlət Universiteti ilə onlayn görüş keçirmişdir. Tədbirdə institutun baş direktoru professor Nadir Məmmədli görüşün elmi əlaqələrin genişlənməsinə böyük təkan verəcəyini vurğulayıb. Daha sonra institutun elmi katibi, fil.ü.f.d., dos. Aynel Məşədiyeva institutun və şöbələrin fəaliyyəti haqqında ətraflı məlumat verib. Əlişir Nəvai adına Özbək dili və ədəbiyyatı Daşkənd Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru, fil.e.d., prof. Nozliya Normurodova və universitetin beynəlxalq şöbəsinin koordinatoru, baş müəllim Ozoda Qulyamova universitet haqqında məlumat verib, görüşün və qarşılıqlı əməkdaşlıq müqaviləsinin əhəmiyyətindən bəhs etmişlər. Nəsimi adına Dilçilik İnstitutu və Əlişir Nəvai adına Özbək dili və ədəbiyyatı Daşkənd Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi bağlanmışdır. Professor bildirib ki, birgə əməkdaşlıq çərçivəsində elmi tədqiqatların aparılması, konqres, konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim və doktorant mübadiləsi və digər məsələlər nəzərdə tutulub. Görüşdə həmçinin Dilçilik İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, institutun Qədim dillər və mədəniyyətlər şöbəsinin elmi işçisi Rəxşanə Babazadə iştirak ediblər.
Şrifti böyüt:
Çap et