XIX əsrin tanınmış qadın şairlərindən, “Məclisi-üns”ün ürəyi adlandırılan, ədəbi fəaliyyətinin yanısıra, insani keyfiyyətləri, xeyirxah əməlləri ilə də yadda qalan Xurşidbanu Natəvan zəmanənin öndə gələn təmsilçilərindən olmuşdur. Tanınmış şairə 1832-ci il avqustun 15-də “Zaqafqaziyanın konservatoriyası” adlandırılan Şuşada dünyaya gəlmişdir. Natəvan sonuncu Qarabağ xanının yeganə övladı olduğundan, ailə içində o, “Dürrü yekta” (“Yeganə inci” / “Tək inci”), Qarabağda isə “Xan qızı” ləqəbini almışdır.
Xurşidbanu adını ona atası, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşir anasının şərəfinə vermişdir. “Azərbaycan qadın şəxs adlarının izahlı lüğəti”ndə Xurşidbanu adının - Xurşid (Günəş / Günəş şüası) və Banu (xanım / hökmdar arvadı) sözlərinin birləşməsindən əmələ gəlməsi qeyd olunur.
XIX əsrin 50-ci illərindən, on səkkizli yaşlarından etibarən ədəbi fəaliyyətə başlayan gənc şairə ilk əvvəl “Xurşud” / “Xurşid” təxəllüsü ilə şeirlər yazmağa başlamışdır. Şairənin ədəbi fəaliyyətinin ilk dövrlərində qələmə aldığı şeirlərində məhəbbət, yaradılmışlara sevgi, aşiqin eşq yolunda çəkdikləri əzablar və s. təsvir olunur və əsasən müsbət dinamika bu şeirlərin məzmun əsasını təşkil edir. Lakin şairənin həyatı sevgili oğlu Mirabbasın 1885-ci ildə daha yeniyetmə ikən vərəm xəstəliyindən vəfat etməsi ilə dəyişir, həmçinin, 1869-cu ildə ikinci dəfə ailə həyatı qurduğu rəiyyətdən çıxma, bəzilərinə görə, Natəvanın yavəri, bəzilərinə görə isə papaqçı olan Seyid Hüseyn Ağamirov ilə izdivacı ömrünün sonunadək insanlar arasında ona qınaq obyekti olaraq yanaşılmasına, bununla birlikdə ömrünün son çağlarında çəkdiyi səfalət, ehtiyac səbəbindən ev əşyalarını, bağını, zinət əşyalarını satması onun ruh halının daha da pisləşməsinə səbəb olur. Şairənin ömrünün ikinci yarısında ard-arda gələn bu müsibətlər onun “Xurşid” / “Xurşud” ləqəbindən imtina edərək, 1870-ci illərdən özünə hamımızın tanıdığı adıyla “Natəvan” təxəllüsünü götürməsinə səbəb olur. Öz növbəsində Natəvan “Azərbaycan qadın şəxs adlarının izahlı lüğəti”ndə qüvvətsiz, taqətsiz, gücsüz, zəif, köməksiz mənalarını bildirir. Şairə içində olduğu bu dərin mənəvi, psixoloji böhranı öz ədəbi təxəllüsü ilə yanaşı, şeirlərinə də əks etdirmişdir. Şairənin oğlu Mirabbasın vəfatına ithafən yazdığı “Sənsiz”, “Əfsus”, “Getmə”, “Neçin gəlməz?”, “Ağlaram”, “Olaydı”, “Getdi” rədifli qəzəllərində incə lirizm, kədər, bədbin ruh halı duyulur. Bu şeirlərinin mövzusunun ana xəttini həyat və səadət eşqi, ayrılıq dərdi, vüsal arzusu, övlad itkisi, dərdli ananın izdirabları kimi motiflər təşkil edir. Bununla yanaşı, şairənin “Divan”ının da olduğu bizə məlum olsa da, əfsuslar ki, günümüzə qədər gəlib çatmamışdır.
Natəvanın şeirlərinin dilinin təhlili onun üç dildə mükəmməl biliyə sahib olduğunu göstərir. Natəvanın əsərlərinin təhlili onun ədəbi fəaliyyətində Nizami, Sədi, Hafiz, Füzuli kimi klassiklərdən bəhrələndiyini göstərir. Həmçinin, Natəvanın ədəbi şəxsiyyətinin və dünyagörüşünün formalaşmasında, şairənin qiyabi tanışlığının olduğu M.F.Axundov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir və zəmanənin öndə gələn digər sənətkarlarının böyük rolu olduğunu qeyd edə bilərik.
Natəvana şeir, nəzirələr yazan əllidən çox zamanının və sonrakı dönəm yazıçı və şairlərin adlarını qeyd edə bilərik. Bunların sırasında M.N.Nəvvab, S.Ə.Şirvani kimi zəmanəsinin tanınmış şairləri Natəvana şeirlər, Məmməd Rahim “Natəvan” adlı poema, İlyas Əfəndiyev “Xurşidbani Natəvan” pyesini, Vaqif Adıgözəlov “Natəvan” operası, Rauf Adıgözəlov “Qərənfil” romanını həsr etmişlər. S.Ə.Şirvani dövrünün qadın şairləri arasında Natəvanın da adını çəkməklə onun əsərlərində eşqin, məhəbbətin, ədəbiyyata olan sevginin böyüklüyünü vurğulayır:
Hər bir könüldə eşq ola şadan edər onu,
Eylər xəzan olan çəməni növbahar eşq,
Hər kəsdə yoxdur eşq, onun, bil, kamalı yox;
Kamil olan vücudlar eylər şüar eşq.
Xalxali, Şükuhi, Natəvan, Kəminə.
Yuxarıda verilən ədəbi nümunədə təbiət leksikasına daxil olan xəzan, növbahar leksik vahidləri müqayisə predmeti qismində çıxış etməklə sönmüş həyatı bahar kimi yenidən canlandıran qüvvənin yanlızca eşq olması və yanlız kamil insanlarda bu duyğunun yer aldığını, belə kəslər arasında isə S.Ə.Şirvani şairə Xurşidbanu Natəvanın da adını qeyd edir.
Natəvanın ədəbi fəaliyyəti ilə bərabər onun ictimai, mesenat fəaliyyəti də olmuşdur. Belə ki, şairə 1872-ci ildə İsa bulağından Şuşa qalasına su kəməri çəkdirmiş, 1873-cü ildə hal-hazırda da fəaliyyət göstərən “Xan qızı bulağı”nı inşa etdirmişdir. 1883-cü ildə Natəvan Şuşadan yeddi km aralıda Sarı Babadan şəhərə su kəməri çəkdirmiş, böyük su anbarı, hovuz, hamam, buzxana tikdirtmişdir. Şəhər əhalisinin istirahəti və gəzintisi üçün öz şəxsi hesabına bağ saldırtmışdır. Həmçinin, şairə Bakının Şıx kəndinə daş yol da çəkdirmişdir. Bu barədə tanınmış fransız yazıçısı Aleksandr Dümanın “Qafqaza səyahət” (əsərin orijinal adı “Le Caucase” adlanır və 1859-cu ildə çap olunmuşdur) əsərində qeydlər vardır. Bununla yanaşı, Natəvan öz qulluqçuları ilə arasında da yaxın dostluq əlaqələri saxlamış, digər xan, bəy nəslindən olanlar kimi onlarla arasına məsafə qoymayaraq onları da ailəsinin bir üzvü olaraq qəbul etmişdir. Belə ki, şairə Xanlıq Şükür adlı xidmətçisinə musiqi təlimi belə vermişdir.
Şairə, onun əsərləri və həyatı haqqında xeyli sayda kitab və monoqrafiyalar çap olunmuşdur. B.Məmmədovun “Qarabağın tarixi: Qarabağın baməzə adamları”, “Xurşidbanu Natəvanın əsərləri”, “Natəvanın şair qohumları”, “Xurşidbanu Natəvan”, “Azərbaycan yazıçılarının həyatından dəqiqələr”, “Xurşidbanuya”, V.Quliyevin “Dünənə uzanan cığır”, Ə.Cəfərzadə “Azərbaycanın aşıq və şair qadınları”,“Natəvan haqqında hekayələr”, Ş.Məmmədova "Könül səsi (Şairə Xurşidbanu Natəvan haqqında poema)", həmçinin üç cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin II cildində şairə, mesenat Xurşidbanu Natəvanın ədəbi-bədii fəaliyyətinə toxunulmuşdur.
Qarabağ xanının yeganə övladı olması səbəbi ilə Natəvanın kiçik yaşlarından təhsilinə xüsusi diqqət yetirilmiş, ona zəmanəsinin öncül ərəb və fars dilləri tədris edilmiş, klassik poeziyanın nümayəndələrinin əsərləri ilə hələ uşaq yaşlarından tanış olmuşdur. Şairənin əsərlərində yer alan təbiət leksikası vahidlərini etimoloji cəhətdən: türk, ərəb, fars, qrammatik quruluş baxımından sadə, düzəltmə, mürəkkəb, həmçinin, izafət tərkibi olaraq qruplaşdırmaq olar:
Natəvanın əsərlərində yer alan türk mənşəli təbiət leksikası vahidlərinə: gecə, gündüz, od, tikan sözlərini misal çəkə bilərik:
Mənə bədtərdi düzəxdən, əzizim, gülsitan sənsiz!
Odur hər sünbülü susən gözümdə bir tikan sənsiz!
Natəvanın əsərlərində yer alan ərəb mənşəli təbiət leksikası vahidlərinə: bəhr - dəniz, bülbül / əndəlib - bülbül, halə - işıq şüası, ayın ən parlaq dairəsi, hilal - yeni doğan ay, bir neçə gecəlik təzə ay, aypara, gözəlin qaşı (məcazi mənada), məsa - axşam, mövc - dalğa, ləpə, naqə - dişi dəvə, dəvə, arvana, nar - od, atəş, Cəhənnəm dərd, qəm (məcazi mənada), nehal / nihal - cavan ağac, fidan, nəcm - ulduz, nəhar - gündüz, nəhr - çay, nur - nur, işıq, dünya - dünya, yer kürəsi sözlərini misal çəkə bilərik:
Yetibdür ərş üzə dadım, tutub dünyanı fəryadım,
Mənim ol sərvi-azadım neçin gəlməz, neçin gəlməz?
Bu gün dilimizin işlək lüğət fondunda əşcar sözünə rast gəlinmir, mövcud söz klassik ədəbiyyatda, orta və XIX əsr yazıçılarının əsərlərində floristik məna kəsb etməklə aktiv şəkildə işlənir. Əşcar sözü klassik ədəbiyyatda yer alan forması ilə ilk baxışdan sadə quruluşlu görünsə də, ərəb dilinin qrammatikasında ağac sözünün cəmi olaraq yer alır. Əşcar - ağaclar floristik leksika vahidi Natəvanın əsərlərində qarşımıza çıxır:
Midad olsa əgər dərya, qələm olsa əgər əşcar,
Başa yetməz qəmim şərhi, qələm hər ləhzə qan ağlar.
Qeyd edilməlidir ki, dəryaların mürəkkəb, ağacların qələm olaraq təsviri yanlızca Natəvan əsərləri üçün deyil, eyni zamanda klassik dönəm Nəsimi, Füzuli dili üçün də səciyyəvidir:
Fikr edərəm ki, yazayım zərrəcə eşq sirrini,
Bəhr midad, ağac qələm, tasi-fələk dəvat olur.
Əsərlərində adları çəkilən şairlərdən bəhrələnən Natəvan təbiət leksikası vahidlərindən Nəsimidən verilən ədəbi nümunədə göstərilən kimi İlahi eşqin təsvirin deyil, övlad itkisi ilə çəkdiyi əzabların poetik biçimdə əks etdirmişdir. Belə ki, Nəsimi dəryaları mürəkkəb, ağacları qələm etsələr belə, Allahın (C.C.) hökmlərini yazmağa yetməyəcəyini vurğulasa da, Natəvan mövcud vahidlər cəm olsalar belə onun dərd-kədərini vəsf etməyə aciz qalmasından bəhs edir.
Həmçinin, mövcud ifadəyə Osmanlı imperiyasının yüksəliş dövrünün hökmdarı Qanuni Sultan Süleymanın ən sevdiyi həyat yoldaşı, köləlikdən nigahlı Haseki mərtəbəsinə qədər yüksələn Hürrəm Sultanın məktublarında da rast gəlinir. Belə ki, Hürrəm Sultanın sevdiyi həyat yoldaşı Qanuni Sultan Süleymana İstanbulda olmayıb Şərqə və Qərbə etdiyi çoxsaylı səfərlərdə yazdığı məktubların birində həsrətini ifadə etmək məqsədi ilə dənizlərin mürəkkəb, ağacların qələm olmasını onun həsrətinin təsvirində aciz qalacağından bəhs edir:
“...İlahi, eğer denizler mürekkep, ağaçlar kalem olsa dahi, bu ayrılığın açıklamasını yazabilirler mi? Ayrılığa düşenin halini bilmek isteyenler, sure-i Yusuf okusun, bu hali ancak o tefsir eder...”
Qeyd etmək lazımdır ki, orta əsr əlyazmalarında, yazıçı və şairlərin əsərlərində dəfələrlə müxtəlif fikirləri qüvvətləndirmək, nitqə emosionallıq, ekspressivlik vermək məqsədi ilə yer alan dənizlərin mürəkkəb, ağacların qələm olması fikrinin qaynağı müqəddəs kitabımız Qurani Kərimin ayəsinə dayanır. Belə ki, Loğman surəsi 27-i ayədə deyilir:
Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir! (Loğman surəsi 27-ci ayə)
Göründüyü kimi, müqəddəs kitabımızda yer alan təbiət leksikası vahidlərinin müqayisə predmeti qismində işləndiyi bu ifadə, İmadəddin Nəsiminin əsərlərində İlahi eşqi, Hürrəm Sultanın Qanuni Sultan Süleymana yazdığı məktubda həsrətin ifadəsi, Xurşidbanu Natəvanın əsərlərində isə övlad itkisindən duyulan nisgili bildirir.
Natəvanın əsərlərində yer alan fars mənşəli təbiət leksikası vahidlərinə: bərg – yarpaq, xak - torpaq, yer kürəsi, diyar, yox olmuş, torpaq olmuş (məcazi mənada), sərv - sərv ağacı, xar - tikan, mar - ilan, mürğ - quş, şüküftə / şükuftə - açılmış çiçək, pərvanə - uçan, qanadlanan, daim oda, işığa can atan kiçik kəpənək, dud - tüstü, his, tütün sözlərini misal çəkə bilərik:
Çıxar sübhü məsa əflakə dudi-şöleyi ahim,
Zəbani-halimə kiryan olur kərrubiyan, sənsiz.
Xurşidbanu Natəvan haqqında bir sıra tədbirlər, respublika və beynəlxalq konfranslar təşkil olunmuşdur. 2016-cı ildə Heydər Əliyev fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvan heykəlinin açılış mərasimi keçirilmiş, şairə haqqında bir sıra bədii, sənədli filmlər çəkilmişdir. “Qarabağa səyahət” (1968), “Dağlarda işıq” (1973), “Üzeyir ömrü” (1981), “Natəvan” (1982), “Mahur-hindi” (2001), “Düma ömrünün qırx günü” (2002), “Məclisi-üns” (2006), “Papaq” (2007), “Güllələnmiş heykəllər” (2012), “Xurşidbanu Natəvan” (2012) kimi ekran işləri Natəvanın həyat, fəaliyyəti, ədəbi şəxsiyyətinin əks olunduğu sənədli, bədii filmlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli qərarı ilə Xurşidbanu Natəvan “Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilmiş müəllifləri siyahısı”na daxil edilmişdir.
Şairənin vəfatından illər keçsə də, ədəbi, bədii fəaliyyəti bu gün də öz aktuallığı ilə seçilir, şeir və qəzəllərinə segah üstü muğamlar bəstələnir, mesenat fəaliyyəti, etdiyi yaxşılıqlar vəfatından sonra da şairənin xeyirlə anılmasına səbəb olur. Tədqiqatımızı Xurşidbanu Natəvanın şeirindən bir parça ilə yekunlaşdıraraq onu qeyd edək ki, şairənin əsərləri, mesenat fəaliyyəti həm zəmanəsində, həm də müasirlərinin yaddaşlarda daim qalacaqdır:
Qalıbdır Natəvan nalan, gecə-gündüz olur giryan,
Onun yox dərdinə dərman, neçin gəlməz, neçin gəlməz?
Elnurə Hüseynova
AMEA İ.Nəsimi adına Dilçilik İnstitutu Sosiolinqvistika və psixolinqvistika şöbəsinin elmi işçisi, doktorant
Şrifti böyüt:
Çap et