Pedaqoji Universitetdə nadir kitab və əlyazmaların sərgisi keçirilib

Şrifti böyüt:
Çap et

Fevralın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə nadir kitabların sərgisi keçirilib.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, Gənc Alim və Mütəxəssislər şurasının sədri dosent Günel Orucova,Nəzəri dilçilik şöbəsinin aparıcı elmi işçisi dosent Günel Bayramova, Azərbaycan dilinin tarixi şöbəsinin müdiri dosent Xədicə Heydərova və böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elnurə Abbasova sərgidə iştirak ediblər.

Tədbirdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov diqqətə çatdırıb ki, Pedaqoji Universitetin kitabxanası xeyli sayda qədim və nadir kitabların, əlyazmaların da qorunduğu unikal bir məkandır. Kitabxanada müxtəlif dövrlərə aid 1000 nüsxəyə yaxın nadir kitab və əlyazma qorunur ki, onların 121-i “Azərbaycan Kitab Abidələri” elektron reyestrində qeydiyyata alınıb, digər kitabların da işlənilməsi məqsədilə ADPU-nun peşəkar kitabxanaçıları sahə üzrə mütəxəssisləri cəlb etməklə intensiv iş aparırlar.

Sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev diqqətə çatdırıb ki, ADPU kitabxanasının fondunda ərəb, fars, rus, əski əlifbalı Azərbaycan dili və bir neçə Avropa dillərində nəşr olunmuş müxtəlif sahələrə aid nadir nəşrlər qorunur. Onlar arasında ən qədimi 1741-ci ildə Sankt- Peterburqda nəşr olunmuş Rikotanın Osmanlı dövlətindən bəhs edən 278 səhifəlik kitabıdır.

Milli Məclisin deputatları Anar İsgəndərov və Etibar Əliyev belə bir irsin mühafizə olunmasının önəminə diqqət çəkərək, bu əsərlərin hər birinin üzərində mütəxəssislərin işləyərək onların reyestrə salınması, transliterasiyası və s. məsələlərin vacibliyini qeyd ediblər.