AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Yazıçılar İttifaqının üzvü, Prezident təqaüdçüsü, “Qızıl kəlmə” mükafatçısı Sadıq Qarayevlə görüş keçirilib.
Tədbirdə yazıçı Sadıq Qarayevin “Sarvansız zamanlar”, “Sahilsiz təzadlar” və “Sahibsiz kölgələr” əsərlərinin mətni ilə bağlı müzakirələr aparılıb.
Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli bildirib ki, ixtisasca təbiətşünas olan Sadiq Qarayevin elmdəki peşəkarlığı, onun məsuliyyətlə çalışmaq bacarığına malik olduğunu göstərir. Yazıçının həyat və yaradıcılığı ilə bağlı məlumatları diqqətə çatdıran Nadir Məmmədli kitabla bağlı düşüncələrini, təhlili fikirlərini iştirakçılarla bölüşüb.
Professor qeyd edib ki, ana dilinin milli ruhu yazıçının əsərlərində aydın görünür. Həmçinin yazar əsərlərində durğu işarələrindən məharətlə istifadə edib. Bu, elmi maarifçiliyin təbliği baxımından da maraq doğurur və əhəmiyyətlidir.
Bildirilib ki, “Sahilsiz kölgələr” əsərində üç bacının və onlarla eyni adda olan rəfiqələrin ətrafında cərəyan edən hadisələrin təsəvvürü fərqli məkanlarda yaşayan insanların oxşar talelərini göstərmək baxımından orijinaldır.
İclasda Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri professor İsmayıl Kazımov Sadıq Qarayevin əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs edib. Alim bildirib ki, müəllif tez-tez ritorik suallardan istifadə etməklə nitqin mühakiməsini verməyə çalışıb. Onun mətnləri zamanı açır. Yazıçının esse mətnləri modern xüsusiyyətlidir. Cümlələr adi qaydadan çıxır, üslubi funksiya kəsb edir.
Monitorinq mərkəzinin şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Məmmədli Sadıq Qarayevin əsərlərinin tərbiyəvi, didaktik əhəmiyyətindən danışıb.
Tədbirdə Mərkəzi Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyev, icraçı direktoru Həsən Babayev, yazıçı Əlirza Xələfli bildiriblər ki, “Sahilsiz təzadlar” və “Sahibsiz kölgələr” əsərləri yazıçının zəngin təfəkküründən xəbər verir.
Sonda yazıçı Sadıq Qarayev müzakirədə yaxından iştirak edən qonaqların suallarını cavablandırıb.
Şrifti böyüt:
Çap et