12 dekabrda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik
İnstitutunda Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi
Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə ulu öndər
Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun baş direktoru, professor Nadir
Məmmədli dahi şəxsiyyətin misilsiz xidmətlərindən, ictimai-siyasi fəaliyyətindən,
respublikanın sosial-iqtisadi və mədəni quruculuq sahəsinin inkişafındakı misilsiz
rolundan danışıb.
Nadir Məmmədli qeyd edib ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də
dövlət dili kimi inkişafında Ulu Öndərin misilsiz xidmətləri olub. Ümummilli lider
Heydər Əliyevin dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu
siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edib.
Professor vurğulayıb ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun
saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər
sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri
olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim
böyük əhəmiyyət verib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan
dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib.
O qeyd edib ki, sovet hakimiyyəti illərində ali məktəblər üçün yazılmış “Müasir
Azərbaycan dili” dərsliklərinin Dövlət Mükafatına layiq görülməsi, anadilli
ədəbiyyatın inkişafı üçün hər cür şəraitin yaradılması, Azərbaycan ədəbiyyatı
klassiklərinin təbliği Ulu Öndərin cəsarəti və düşünülmüş siyasəti nəticəsində
mümkün olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük
önəm verdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir.
Sonra professorlar Sayalı Sadıqova, İsmayıl Məmmədli , İlhami Cəfərov, İdris Abbasov,
İlham Tahirov, dosent Qətibə Quliyeva Ümummilli Liderin Azərbaycan dilinin
inkişafı istiqamətində gördüyü işlərdən söz açıblar. Bildirilib ki, ölkəmizdə dil siyasətinin birmənalı şəkildə formalaşması, ana dilinin dövlət dili kimi tətbiqi
işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə
çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və
nüfuzunun yüksəlməsi Ulu Öndərin adı ilə bağlıdır.
Şrifti böyüt:
Çap et