"Dilçilik İnstitutunun əsas fəaliyyət istiqamətləri dilimizi qorumaq, sözlərin düzgün deyiliş və yazılış qaydalarını müəyyənləşdirmək, eləcə də bununla bağlı elmi müzakirələr aparmaqdan ibarətdir".
Açıqlamada xatırladılıb ki, noyabrın 22-də Dilçilik İnstitutunda “Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndlərinə həsr olunmuş müzakirələr zamanı “ov, öv” hərf birləşmələri olan sözlərdən nümunələr çəkilib. Bu zaman nümunələr arasında "dovşan" sözünün də tələffüzü ilə bağlı variantlar müzakirə edilib:
"Amma təəssüf olsun ki, sonradan İnstitutun keçirdiyi müzakirələrin mövzusu dəyişdirilərək ictimaiyyəti çaşdırmağa yönəlmiş materiallar dərc olunub. Dilçilik İnstitutu haqqında qərəzli ifadələrin işlənməsi təəssüf doğurur. Çünki Dilçilik İnstitutunun əsas fəaliyyət istiqamətləri dilimizi qorumaq, sözlərin düzgün deyiliş və yazılış qaydalarını müəyyənləşdirmək, eləcə də bununla bağlı elmi müzakirələr aparmaqdan ibarətdir. Orfoepiyada həm də orfoqrafik normalar gözlənilməlidir. Çünki danışıqda ədəbi dil normaları sabitləşdikcə, tələffüzlə yazı qaydaları arasındakı fərq azalır. Cəmiyyət tərəqqi etdikcə dilin lüğət tərkibi də zənginləşir. Leksik normada baş verən yeniliklər fonetik normalara da təsirsiz ötüşmür".
Məlumatda həmçinin bildirilib ki, hazırda Dilçilik İnstitutunda “Azərbaycan dilinin orfoepiya lüğəti” hazırlanır:
"Təcrübə göstərir ki, lüğətlərin hazırlanmasında, yenilənmə və təkmilləşməsində ictimai baxış da nəzərə alınmalıdır. Orfoepiya normalarının tənzimlənməsi Eksperimental fonetika laboratoriyasında cihazlar vasitəsilə aparılır: Burada müntəzəm olaraq sözlərin necə tələffüz olunduğu yoxlanılır".
Qeyd edək ki, noyabrın 22-də keçirilən yekun müzakirələrdə Azərbaycan tarixində ilk dəfə olaraq dövlət səviyyəsində 18 iyun 2021-ci ildə qəbul edilmiş “Azərbaycan dilinin orfoepiya normaları”ndakı mübahisəli bəndlər müzakirə edilib. Ölkənin ali və orta məktəb müəllimlərinin, Dövlət İmtahan Mərkəzi, Dil Komissiyası yanında Monitorinq Mərkəzi və media nümayəndələrinin iştirak etdiyi iclasda “Azərbaycan dilinin orfoepiya normaları”nın 2.7 və 2.5.3-cü bəndləri müzakirə edilib.
“Azərbaycan dilinin orfoepiya normaları”nın 2.7-ci bəndində tərkibində “ov, öv” hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipə uyğun olaraq belə sözlər yazıldığı kimi tələffüz edilir: cövhər [cövhər], çovğun [çovğun], mövqe [mövqe]. Bu tipli sözlər dilimizdə çoxdur. Müzakirə nəticəsində 2.7–ci bəndindəki yeniliklər qəbul olunub.
Şrifti böyüt:
Çap et