Türkiyəli alim Dilçilik İnstitutunun fəxri doktoru seçilib

Şrifti böyüt:
Çap et

16 noyabrda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasında Türk Dil Qurumunun sabiq sədri, Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalınla görüş keçirilib.
Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalın Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun fəxri doktoru seçilib.
İclasda çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli Azərbaycan-Türkiyə münasibətlərinin daim yüksələn xətt üzrə inkişaf etdiyini nəzərə çatdırıb. O, Şükrü Haluku Akalının müasir türkologiyanın əsas simalarından biri olduğunu vurğulayıb. Bildirib ki, Şükrü Haluku Akalın Azərbaycan dilinə, dilçilik elminə sevgisi olan ziyalılardandır. Son illərdə onunla Nəsimi adına Dilçilik İnstitutu arasında dostluq münasibəti formalaşıb ki, bu da Türkiyənin dilçilik mühiti ilə əlaqə deməkdir.
Sonra professor Nadir Məmmədli Fəxri doktor diplomunu Şükrü Haluk Akalına təqdim edib.
Dilçilik İnstitutunun fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edən Şükrü Haluk Akalın bundan sonra da Türkiyə ilə Azərbaycan arasında elmi əlaqələrin gücləndirilməsinə çalışacağını deyib. Şükrü Haluk bildirib ki, Azərbaycanı vətəni olaraq görür . 25 il Adana Universitetində, 16 il Hacettepe Universitetində Azərbaycan dilini tədris edib. Alim vurğulayıb ki , bu adın verilməsi onun üçün böyük əhəmiyyət kəsb edir.
Sonra Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çap olunmuş “"Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası" Şükrü Haluk Akalına təqdim olunub.
İclasda çıxış edənlər professorlar Sayalı Sadıqova, İlami Cəfərsoy, İsmayıl Məmmədli , institutun elmi katibi dosent Aynel Məşədiyeva , Türk dilləri şöbəsinin aparıcı elmi işçisi Qətibə Quliyeva Azərbaycan-Türkiyə elmi və ədəbi əməkdaşlığından danışıblar. Şükrü Haluk Akalına sevgi və sayğılarını bildiiblər. Qeyd ediblər ki, bizim bütün əməkdaşlığın arxasında Azərbaycan- Türkiyə münasibətləri, qardaşlıq- dostluq əlaqələri dayanır.
Şükrü Haluk Akalın ona göstərilən diqqətə görə Dilçilik İnstitutunun rəhbərliyinə və Elmi şuraya minnətdarlığını bildirib.