( Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası. Bakı,
“Elm və təhsil”, 2022)
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu
Dialektologiya şöbəsinin əməkdaşları tərəfindən yüksək elmi səviyyədə
hazırlanmış atlas “Şuşa ili”nə (2022-ci il) həsr olunmuşdur.
4 dildə (Azərbaycan, türk, rus, ingilis dillərində) təqdim olunmuş sözügedən
atlas Qarabağ dialektləri və Şərqi Zəngəzur şivələrini əhatə edir. Burada həmin
yaşayış məntəqəsinin 692-si kodlaşdırılmışdır. “Atlas”da 278 xəritə, hər bir xəritə
üçün yazılmış xüsusi şərh mövcuddur. Atlasın tərtibində istifadə olunmuş proqram,
Qarabağın və Şərqi Zəngəzurun tarixini, etnoqrafiyasını, təbiət mənzərələrini və
s.də əks etdirən faktlarla rastlaşırıq..
Şuşada Azərbaycan bayrağını zirvələrə ucaldan Respublika Prezidenti İlham
Əliyevin fikrincə, xalqın tarixi onun ana dilindədir. Əsrlər boyu bizi xalq kimi,
millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Bu başlıq
altında olan yazıda Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan irəli
gələn vəzifələr həyata keçirilmişdir. Belə ki, “Dövlət Proqramı”nda 6.3.5 – ci
bəndində Azərbaycan dilinin ayrı-ayrı dialekt və şivələrində müasir dövrün
tələblərinə müvafiq olaraq tədqiqinin təmin edilməsi nəzərdə tutulmuşdur. Burada
strateji önəm kəsb edən dialektoloji atlasın tərtibi ön plana çəkilmişdir. “Atlas” da
oxuyuruq: “Ümumiyyətlə, dialektoloji araşdırmaların ən yüksək mərhələsi
məqsədli şəkildə, atlasların tərtib edilməsidir. Bu isə, bir növ dilin arxeoloji və
geoloji tədqiqi deməkdir”.
Qeyd edək ki, bu, ikinci layihədir ki, Dilçilik İnstitutunda uğurla həyata
keçirilmişdir. 2015-ci ildə isə “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” 4
dildə nəşr edilmişdir. Bundan əvvəl isə, yəni 1990-cı ildə “Azərbaycan dilinin
dialektoloji atlası” hazırlanaraq çap olunmuşdur. Sözügedən “Atlas” da regionun 1000-ə yaxın yaşayış məntəqəsi araşdırılmış, xəritənin tərtibi üçün izoqlos verəcək
692 kənd adı kodlaşdırılmışdır. “Atlas”dan istifadəni asanlaşdırmaq üçün kənd
adlarının siyahısı xəritələrdəki kodların sıra nömrəsinə uyğunlaşdırılmışdır.
Ümumilikdə xəritələrdə kənd adları üzrə dialektal xüsusiyyətləri təsvir etməkdən
ötrü 200 min işarədən istifadə edilmişdır. “Atlas”ın proqramında və xəritələrində
olan dialektal formaların düzgün orfoepiyası şərti işarələrlə göstərilir, bu zaman
dialekt variantının məzmun və mahiyyəti doğru-düzgün açılır. Dialektlərin bütün
səviyyələri üzrə hazırlanmış “Atlas” 278 xəritəni əhatə edir. “Atlas”
Dialektologiya şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış, yüksək tərtibatla nəşr
olunmuşdur. “Atlas” da yaşayış məntəqələrinin adı və informatorların siyahısı
verilmişdir. Atlas qrupu üzvlərinin fəaliyyəti və informatorların şəkillərinə də rast
gəlirik.
“Atlas”ın hər bir xəritəsində regionun dialekt sözlərinin spesifik xüsusiyyərtləri,
dəyişməsi, meyiletmənin özünəməxsus işlənməsi, istifadə formaları və variantları,
əvəzlənmə halları, nömrələrlə yaşayış məntəqələrində işlənən sözlərin sinonim
variantları da verilmişdir. Xəritələrdə hər rayonun rəngi fərqli şəkildədir. Sözlərin
müxtəlif variantları yaşayış məntəqələrində leksik vahidin mənaları və
formalarının rəngarəngliyini göstərir.
Maraq doğuran cəhətlərdən biri milli-mədəni abidələrimizin bu atlasda şəklinin
verilməsidir. Müəyyən dövrlərdə tapılmış türbələrin şəkli hər bir xəritənin sonunda
verilmiş, əsas və köməkçi nitq hissəsinə dair variantlar türk, rus və ingilis
dillərində də əksini tapmışdır. Bu da həmin bölgənin dialekt variantları ilə digər
millətləri də tanış etməyə imkan və şərait yaradır.
İsmayıl Kazımov
Günel Mirzəyeva
Şrifti böyüt:
Çap et