AMEA Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya
şöbəsinin alimləri tərəfindən hazırlanmış “Azərbaycan
dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlas”ı
dil tariximizə çox böyük töhvədir
Nədən başlanır Vətən?!
Hardan başlanır Vətən?!
Anamızın beşik başında bizə söylədiyi şirin laylalarındanmı başlanır Vətən?!
Gözəlliklər məskəni olan doğma Azərbaycanımızın təmiz havasından, şirin
suyundanmı başlanır Vətən?!
İlk dəfə məktəbə getdiyiniz o xoşbəxt günlərdən, əlimizdən tutub bizə
yazmaq öyrədən sevimli müəllimlərimizdənmi başlanır Vətən?! “Əlifba” kitabını
şəkillərdən, uşaqlıq illərini keçirdiyimiz doğma yurdlardanmı başlanır Vətən?!
Hər birimizin qan yaddaşına həkk olunmuş yurd sevgisindənmi başlanır
Vətən?!
“El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma Vətənimsən
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan”.
Sevimli şairimiz Səməd Vurğunun hələ məktəb illərində əzbərlədiyimiz bu
sətirlərindənmi başlanır Vətən?!
İki yad ölkənin bir müqaviləyə (“Gülüstan” müqaviləsinə) imza ataraq iki
yerə böldüyü parçalanmış Azərbaycan dərdindənmi başlanır Vətən?!
“Necə ayırdınız dırnağı ətdən
̶ Ürəyi bədəndən, canı cəsəddən?
Axı kim bu haqqı vermişdir sizə
Sizi kim çağırmış Vətənimizə?” ̶ deyə fəryad edirdi Bəxtiyar Vahabzadə.
Azərbaycan xalqının tarixi faciəsi də elə bu zamandan başladı. İki düşmən
imperiyanın zülmü altında inləyən Azərbaycan xalqını daha dəhşətli fəlakətlər
gözləyirdi. Vüqarlı dağlar başını əymişdi, axar bulaqlar mərsiyə söyləyirdi. Bu
zamandan böyük bir elin matəmi başladı.
Öz mənfur “parçala, hökm sür” siyasətini həyata keçirən çar Rüsiyası
mövqelərini möhkəmləndirmək üçün murdar erməniləri doğma torpaqlarımıza
köçürdü. Əzəli və əbədi torpaqlarımızda mənfur ermənilər yerləşdirildi. İrəvan
xanlığının paytaxtı və bütün torpaqları ermənilərə verildi. Sovet imperiyası da çar
Rusiyasından geri qalmadı. İrəvanı paytaxt elan edib torpaqlarımızda Ermənistan
Sovet Respublikasını yaratdı.
Bu mənfur millət uzun illərdir ki, xalqımıza qarşı düşmənçilik, soyqırım
siyasətini həyata keçirir.
AMEA Nəsimi adına Dilçilik İnstitutuun Dialektologiya şöbəsinin fədakar
alimləri “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nı
yaratmaqla mənfur düşmənə layiqli cavab vermişdir. Bu elm fədailəri Qarabağdan
didərgin düşmüş məcburi köçkünləri Azərbaycanın hər yerində axtarıb tapmış,
müsahibələr almış, sübut etmişlər ki, bu torpaqlar bizim əbədi yurd yerimizdir.
Dörd dildə (Azərbaycan, türk, rus və ingilis dillərində) yazılmış atlasda deyilir:
“Əsrarəngiz təbiəti, təbii sərvətləri, münbit torpaqları xarici işğalçıların
nəzərindən qaçmayan, fürsət düşdükcə əraziləri müharibə meydanına çevrilən,
bununla da tarixinə, maddi-mədəni irsinə, milli mənəviyyatına zərbə vurulan
Azərbaycanın əsrlər boyu dövlətçilik ənənəsi olmuşdur.
Azərbaycan xalqı dünya tarixinə yenilməz sərkərdələr, fəal siyasi xadimlər,
dahi alimlər, şairlər bəxş etmişdir.
1826-1828-ci il İran-Rusiya, 1828-1829-cu il Rusiya-Türkiyə
müharibələrindən sonra qədim Azərbaycan torpaqlarında, xüsusən İrəvan və
Qarabağ xanlıqları ərazisində yerli xalqın narazılığına baxmayaraq, kütləvi şəkildə
bu regiona tamamilə yad olan ermənilər yerləşdirilmişdir. Onların bu əraziyə
köçürülməsi yüzilliyin sonlarına doğru daha da artmış, məqsədli şəkildə
demoqrafik nisbət ermənilərin xeyrinə dəyişdirilmişdir. Rus imperiyasının, eləcə
də Sovet hökumətinin ermənipərəst mövqeyi nəticəsində ermənilər bu ərazilərdə
etnik təmizləmə aparmış, yerli azərbaycanlı əhalini (1905-1906, 1918-1920, 1948-
1953, 1988-ci illərdə) kütləvi qırğınlar ̶ soyqırım törətməklə, yaxud zorakılıqla
deportasiya etmişlər. Nəticədə Cənubi Qafqazda qədim türk yurdu olan
Azərbaycan torpaqlarında (İrəvan xanlığı, Göyçə mahalı, Qarabağ xanlığının bir
hissəsi olan Şərqi Zəngəzur ərazisində süni bir şəkildə azərbaycanlılarsız
Ermənistan Respublikası yaradılmışdır. Ermənilər tərəfindən regiona məxsus
türkmənşəli toponimlər dəyişdirilmişdir, dünya əhəmiyyətli qədim abidələr
vəhşiliklə məhv edilmiş, tarix saxtalaşdırılmışdır”.
Ana məhəbbəti və Vətən məhəbbəti dilimizdə həmişə birgə səslənir.
Təsadüfi deyildir ki, Vətənə Ana Vətən deyirik. Vətəni sevmək və onu qorumaq
hər bir insanın borcudur.
“Vətənim verdi mənə nanü-nəmək
Vətəni, məncə, unutmaq nə demək?
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətəni sevməyən insane olmaz
Olsa, ol şəxsdə visdan olmaz”. ̶ deyir böyük şairimiz Abbas Səhhət.
Hər bir xalqın öz dil mənzərəsi olduğu kimi, bütün bəşəriyyət üçün də
mühüm fəlsəfi kateqoriyalara əsaslanan universal dil mənzərəsi mövcuddur.
Ulu öndərimiz Heydər Əliyev demişdir: “Müstəqil Azərbaycan dövlətinin
əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə
qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini,
mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Ulu öndərin böyük uzaqgörənliklə dediyi bu sözlər biz dilçi alimlər üçün də
həyatımızın əsas məqsədinə çevrilməlidir.
Türk dillərinin tarixi daş kitabələrdə, yazılı mənbələrdə, Orxon-Yenisey və
uyğur abidələrində, Mahmud Kaşqarlının, Yusif Balasaqunlunun əsərlərində,
“Kitabi-Dədə Qorqud”, “Manas” dastanlarında, folklor materiallarında; onomastik,
frazeoloji və dialektoloji vahidlərdə yaşayır. Lakin bədxahlarımız uzun müddət bu
böyük dil tariximizi danmağa, Qədim Turan xalqlarının tarixi və mədəniyyəti
üzərindən qələm çəkməyə çalışmışlar. Öz xalqını sevən, onu dil, mədəniyyət və
istimai fikir tarixi kimi öyrənməyə çalışan alimlərə “pantürkist”, “panturanist”
damğası vuranlar tarixin məhvərini döndərə bilməmişdir.
Dünyanın ən qədim dillərindən olan, ahəng qanununun möhkəm sisteminə
bağlanaraq öz sağlığını əsrlər boyu qoruyub saxlayan, türk dilləri içərisində
özünəməxsus fonetik sistemi, qrammatik quruluşu, leksik tərkibi olan, Azərbaycan
ərazisindəki aborigen əhalinin, dünya miqyasında 50 milyondan çox
azərbaycanlının (Azərbaycan türkünün) mənəvi sərvəti sayılan Azərbaycan dili,
xüsusilə onun canlı tərkib hissəsi olan dialekt və şivələri, yalnız Azərbaycan
xalqının deyil, dünya dillərinin tarixi, etniqrafiyası, adət-ənənələri, məşğuliyyəti və
islamdan öncəki inancları Azərbaycan dilinin dialekt və şivələrində mühafizə
olunmaqdadır. Dialekt və şivələrin formalaşmasında müxtəlif tayfa birliklərinin,
daha çox oğuz və qıpçaq tayfalarının rolu olsa da, əsasında qədim Azərbaycan dili
dayanır.
Əsrlər boyu Zaqafqaziyanın, Yaxın və Orta Şərqin əsas ünsiyyət dillərindən
biri olan Azərbaycan dili XX yüzilliyin 90-cı illərindən müstəqil Azərbaycan
Respublikasının dövlət dilidir.
Azərbaycan dili” ifadəsi ilk dəfə 1937-ci ildə Azərbaycan Sovet Sosialist
Respublikasının konstitutsiyasında işlənmiş və sovet hökumətinin türkləri
parçalamaq siyasətindən irəli gəlmişdir. Bundan sonra türk əvəzinə azərbaycanlı,
türk dili əvəzinə Azərbaycan dili ifadələri işlənməyə başlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il
tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dlinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət
Proqramının 6.3.5-ci bəndində Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin
müasir dilin tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi nəzərdə
tutulmuşdur.
Elmi-texniki tərəqqi, informasiyanın artması, mətbuatın, televiziyanın, sosial
şəbəkələrin əhatə dairəsinin genişlənməsi ədəbi dilin fonetik, leksik, qrammatik
normalarının daha da möhkəmləndirilməsinə, dialektlərin zəifləməsinə, arealın
məhdudlaşmasına gətirib çıxarır. Bununla da dialekt daşıyıcısı olmaq funksiyası
zəifləyir.
Bu proses dilin dialekt bazasının söz ehtiyatı fondunun tarixi-etnoqrafik və
mədəni-mənəvi anlayışları ifadə edən dil material arxivinin yaradılmasını, dialekt
və şivələrin dilin bütün səviyyələrində tədqiqini zəruri edir.
Bu baxımdan “Dövlət Proqramı”nda nəzərdə tutulan 6.3.5. bəndin həyata
keçirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin,
AMEA Nəsimi adına Dilçilik İnstitutu rəhbərliyinin və bu İnstitutun Azərbaycan
Dialektologiyası şöbəsinin əməkdaşlarının birgə fəaliyyəti nəticəsində bir sıra
layihə və proqramlar hazırlanmışdır. Bu layihələrdə, əsasən, strateji əhəmiyyətli
dialektoloji atlasların tərtib olunması ön plana çəkilmişdir. Dialektoloji
araşdırmalaın ən yüksək mərhələsi məqsədli şəkildə atlasların tərtib edilməsidir.
Bu isə dilin arxeoloji və qeoloji tədqiqi deməkdir. Dilçilik coğrafiyası üsulunun
tətbiqi XIX yüzilliyin sonu, XX yüzilliyin əvvəllərində həyata keçirilmişdir.
1950-1990-cı illərdə dialektlərin dilçilik coğrafiyası üsulu ilə öyrənilməsində
böyük uğur əldə edilmiş, akademik Məmmədağa Şirəliyevin rəhbərliyi ilə dünya
miqyasında ümumtürk dilçilik elmi sahəsində ilk dialektoloji atlas – “Azərbaycan
dilinin dialektoloji atlası” hazırlanmışdır.
Dilçilik İnstitutunun dialektoloqları tərəfindən 2014-2015-ci illərdə
“Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” Azərbaycan, türk, ingilis və rus
dillərində hazırlanmışdır.
“Atlas” “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji
atlası”nın tərtibi üçün hazırlıq mərhələsi olmuşdur.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli
“Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında”
fərmanına əsasən 14 iqtisadi rayon yaradılmışdır. Bu rayonlardan ikisi: Qarabağ
iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı,
Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl,
Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) layihədə dialektoloji baxımdan
tədqiqi nəzərdə tutulmuş regionu özündə ehtiva edir. “Atlası”n tərtibi üçün
regionun minə yaxın yaşayış məntəqəsi tədqiq edilmişdir.
Dilin bütün səviyyələrində tərtib edilmiş “Atlas” 278 xəritədən ibarətdir.
“Fonetika” bölməsinə 69 xəritə aid edilir. Tərtib edən Kifayət İmamquliyevadır.
“Qrammatika” bölməsinə 210 xəritə daxildir. Tərtib edənlər Məhərrəm
Məmmədov, Kübra Quliyeva, Qüdsiyyə Qəmbərova, Səkinə Şərifovadır.
“Leksika” bölməsinə 68 xəritə aiddir. Tərtib edən Güntəkin Binnətovadır. Türk
dilinə tərcümə edən Kübra Quliyeva; rus və ingilis dillərinə tərcümə edən Gülşən
Axundovadır.
İllər boyu məqsədyönlü olaraq saxtalaşdırılmış, süni şəkildə
erməniləşdirilmiş toponimlər “Atlas”da öz tarixi adı ilə verilmişdir.
Uzunmüddətli elmi araşdırmalar nəticəsində ərsəyə gələn, dünya areal
dilçiliyində, dialektoloji atlasların hazırlanması tarixində mühüm hadisə olan,
beynəlxalq elmi ictimaiyyətə 4 dildə (Azərbaycan, türk, rus və ingilis dillərində)
təqdim olunan “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”
Azərbaycan həqiqətlərinin bəyanıdır.
“Atlas” ictimai, tarixi, siyasi əhəmiyyətə malik olduğu kimi elmi nöqteyi-
nəzərdən də çox önəmlidir. “Atlas”ın “Fonetika” bölməsində Qarabağ və Şərqi
Zəngəzur dialektlərində müşahidə olunan bir çox fonetik qanunlar müasir dilçilik
nəzəriyyələri baxımından izah olunur. Kifayət xanım İmamquliyeva tərəfindən
hazırlanmış 69 xəritədə fonetikanın bir çox qanunauyğunluqlarının Qarabağ və
Şərqi Zəngəzur dialektlərində ifadəsi çox aydın şəkildə göstərilmişdir. Buraya
sintaktik qovuşmalar, ahəng yaradan feili təkrarlar, metafeza hadisəsi, səs
uzanmalarının səbəbləri və yayılma arealları, informativ yükün yüksək tonalla ilk
hecaya yığılması, ahəng qanunu, geri assimilyasiyanın yayılma arealı, səs düşümü
və s. daxil edilmişdir.
Kifayət xanımın tədqiq etdiyi qanunauyğunluqların yalnız cüzi bir hissəsinin
adını çəkdik. Əslində bu çoxsaylı qanunların Qarabağ və Şərqi Zəngəzur
dialektlərində işlənməsi çox fundamental bir əsər hesab oluna bilər.
“Atlas”ın Məhərrəm Məmmədov, Kübra Quliyeva, Qüdsiyyə Qəmbərova,
Səkinə Şərifova tərəfindən tərtib edilmiş “Qrammatika” bölməsində 141 xəritə
vardır.
Bu bölmədə qrammatik kateqoriyalar, təyini söz birləşmələri, aktual
üzvlənmə, vasitəli və vasitəsiz nitq və s. anlayışlərın Qarabağ və Şərqi Zəngəzur
dialektlərində özünəməxsus formalarda işlənməsi haqqında ətraflı məlumat verilir.
“Atlas”ın “Leksika” bölməsi Güntəkin Binnətova tərəfindən yazılmışdır. Bu
bölmədə də omonimlik, sinonimlik və s. leksik problemlərin Qarabağ və Şərqi
Zəngəzur dialektlərində funksionallaşması prosesləri müşahidə olunur.
Qeyd etdiyimiz problemlər bu fədakar alimlərin, elm fədailərinin apardığı
çox böyük tədqiqatların, gördükləri nəhəng işin heç mində biri də deyil.
Bu alimlərin zəhmətinin psixoloji aspektini də qeyd etmək istərdik.
2015-2019-cu illərdə Azərbaycan Respublikasının bir çox rayonlarına,
buradakı köçkün qəsəbələrinə ekspedisiyalar təşkil olunmuş, nəticədə Ağdam,
Ağcabədi, Bərdə, Şuşa, Cəbrayıl, Qubadlı, Xocalı, Xocavəbnd, Tərtər, Zəngilan,
Laçın, Füzuli, Kəlbəcər rayonlarının, həmçinin Xankəndi şəhərinin dialekt
daşıyıcılarından material toplanmışdır.
1988-1993-cü ilərdə öz ata-baba yurdlarından didərgin düşmüş, erməni
təcavüzkarlarının insanlığa sığmayan ağır işgəncələrinə məruz qalmış, Xocalı,
Qaradağlı, Başlıbel, Ağdaban soyqırımının ağrı-acısını çəkmiş, saysız fikirlər
vermiş Qarabağ və Zəngəzur əhalisini danışdırmaq, onlardan məlumat toplamaq nə
qədər psixoloji gərginlik tələb edirdi.
Yadıma 44 günlük Vətən müharibəsi zamanı yazdığım bir şeir düşdü. Bu
şeir Vətən əsgərinə həsr olunmuşdu. Bir neçə sətri təkrar xatırlamaq istərdim:
“Xaraba şəhərlər, itmiş məzarlar,
Onların sərgərdan ruhları ağlar,
Viranəyə dönmüş odlar, ocaqlar
Deyir: “Dayanmadan getsin irəli
Qəhrəman, yenilməz Vətən əsgəri”.
“Xocalıda tank altda qalan uşaqlar,
Solmuş çiçəkliklər, qurumuş bağlar,
Dağıdılmış evlər, sönmüş çıraqlar
Deyir: “Dayanmadan getsin irəli,
Qəhrəman, yenilməz Vətən əsgəri”.
Bəli, oğullarımız canı, qanı, həyatı bahasına Qarabağ və Şərqi Zəngəzur
torpaqlarını azad etdilər.
3000-dən çox şəhid verdik. Yenə o zaman yazdığım yazının misralarını
xatırladım:
“Qəhrəman Mübariz bayraqla gəlir,
General Poladın səsi yüksəli,
Şəhidlərin ruhu göylərdən enir.
Deyir: “Dayanmadan getsin irəli
Qəhrəman, yenilməz Vətən əsgəri”.
Peyğəmbərimiz Məhəmməd Əleyhissəlam buyurmuşdur: “Alimin
mürəkkəbi şəhidin qanına bərabərdir”.
Bəli, biz bu gözəl dialektoloq alimlərimizin Vətən qarşısında xidmətlərini,
onların şəhid qanına bərabər tutula bilən mürəkkəbi ilə yazılmış “Qarabağ və Şərqi
Zəngəzur dialektoloji atlas”ını böyük fəxrlə, sonsuz heyranlıqla oxuyuruq. Elə bir
zaman olacaq ki, gələcək nəsillər bu “Atlas”ı oxuyarkən Kifayət xanım
İmamquliyeva, Məhərrəm Məmmədov, Kübra xanım Quliyeva, Qüdsiyyə xanım
Qəmbərova, Səkinə xanım Şərifova, Gülşən xanım Axundova, Güntəkin xanım
Binnətova, Natavan xanım Ağayeva kimi fədakar insanları böyük məhəbbət və
sonsuz minnətdarlıq hissləri ilə xatırlayacaqlar.
Mən bu yazını yazan zaman fikirləşirdim ki, görəsən, gecəsini-gündüzünə
qatıb, qışın şaxtasında, yayın istisində şəhərbəşəhər, kəndbəkənd gəzib dil
materialları toplayan, doğma Azərbaycan dilinin incəliklərini, zənginliyini qoruyub
saxlayan bu fədakar insanların zəhməti layiqincə qiymətləndirilibmi?!
Hər halda əlaqədar təşkilatlar, AMEA-nın Rəyasət Heyəti Azərbaycan
dilçilik tarixinə iki fundamental əsər: “Azərbaycan dilinin Naxçıvan dialektologi
atlası” və “Azərbaycan dilinin “Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nı
bəxş etmiş bu fədakar insanların əməyini layiqincə qiymətləndirəcəkdir.
Zemfira Musa qızı Əliyeva,
filologiya elmləri doktoru,
AMEA Dilçilik İnstitutu Nəzəri
dilçilik şöbəsinin baş elmi işçisi
Rus dilində (yüklə)
Şrifti böyüt:
Çap et