AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri dosent Xədicə Heydərovanın “Nəsiminin anadilli əsərlərinin izahlı-ensiklopedik lüğəti”nin III cildi nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu nəşr İmadəddin Nəsiminin Azərbaycan türkcəsində qələmə aldığı əsərlərin leksik, semantik, terminoloji və mədəni-tarixi bazasının sistemli şəkildə öyrənilməsinə xidmət edən fundamental leksikoqrafik tədqiqatdır. Lüğətdə şairin dilində işlənmiş söz və ifadələr onların lüğəvi mənaları ilə yanaşı, klassik mətn daxilində qazandığı məna çalarları, məcazi və simvolik xüsusiyyətləri, terminoloji funksiyaları nəzərə alınmaqla izah edilir.
Nəşrin mühüm elmi xüsusiyyətlərindən biri Nəsimi dilinin geniş leksik-semantik sistemini üzə çıxarmasıdır. Lüğətdə klassik Azərbaycan ədəbi dilinin ümumişlək söz ehtiyatı ilə yanaşı, dini-fəlsəfi, təsəvvüfi, hürufi, Quran mənşəli, ədəbi-poetik və müxtəlif elm sahələrinə aid termin və anlayışların semantikası müəyyənləşdirilir. Çoxmənalılıq, məna genişlənməsi və daralması, metaforikləşmə, simvollaşma və terminləşmə kimi semantik proseslərin Nəsimi yaradıcılığındakı təzahürləri də nəşrdə əksini tapır.
Bu baxımdan lüğət yalnız Nəsimi dilinin deyil, bütövlükdə Azərbaycan dilinin tarixi leksikologiyası, tarixi semantikası, leksikoqrafiyası, terminologiyası və klassik mətnlərin elmi şərhi üçün mühüm mənbədir. Nəşrdə təqdim olunan materiallar Azərbaycan ədəbi dilinin tarixi inkişafını, sözlərin əsrlər ərzində keçirdiyi semantik dəyişmələri və klassik Azərbaycan türkcəsinin ifadə imkanlarını izləmək üçün zəngin faktoloji baza yaradır.
Nəşrin baş redaktoru filologiya elmləri doktoru professor Nadir Məmmədli, elmi redaktoru akademik Möhsün Nağısoylu, elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru Elnur Heydərovdur. Əsərin rəyçiləri filologiya elmləri doktorları, professorlar Sevil Mehdiyeva, İsmayıl Məmmədli və filologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Quliyevdir.
Nəşrin I cildi 2025-ci ildə, II cildi 2026-cı ilin əvvəlində, III cildi isə 2026-cı ilin avqustunda işıq üzü görüb. III cildin nəşri ilə Nəsiminin anadilli irsinin leksik-semantik sisteminin elmi şəkildə sənədləşdirilməsi istiqamətində aparılan tədqiqatın növbəti mərhələsi tamamlanıb.
III cild AMEA Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 2025-ci il 23 oktyabr tarixli iclasının qərarı ilə nəşr olunub.
Şrifti böyüt:
Çap et








