8 oktyabr 2022-ci il tarixində Heydər Əliyev Fondunun, Regionların İnkişaf İctimai
Birliyinin, Heydər Əliyev Mərkəzinin maddi-texniki dəstəyi və Neftçala rayon Heydər Əliyev
Mərkəzinin ev sahibliyi ilə “AZLİNG-2022 – Azərbaycan dili və müasir dilçilik: problemlər,
perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransı keçirilmişdir.
Konfrans Azərbaycan dilçilik elminin nailiyyətlərini populyarlaşdırmaq məqsədindən irəli
gəlmişdir. Araşdırmalar göstərir ki, Azərbaycan dilçiliyində gedən tədqiqat işləri, alınan uğurlu
nəticələr və qarşıdakı hədəflər bölgə ziyalılarımızın nəzərindən çox zaman kənarda qalır. Bu
məqsədlə Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent
Qüdsiyyə Qəmbərova və Pekin Xarici Dillər Universiteti Asiya fakültəsinin Azərbaycan dili
kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin təşəbbüs və təşkilatçılığı ilə
yuxarıda qeyd olunan “AZLİNG-2022 “ adı altında beynəlxalq elmi konfrans təşkil etmək qərara
alınmışdır.
“AZLİNG-2022” elmi brendi altında təşkil olunan beynəlxalq konfransa 73 tezis
göndərilmiş, onlardan seçilmiş 68 tezisin müəllifi konfransa dəvət olunmuşdur. Konfrans günü 8
panel çərçivəsində 50-dən çox məruzə dinlənilmişdir. Çin, Türkiyə, Şimali Kipr, Özbəkistan və
Naxçıvandan onlayn formatda çıxış edən dilçi alimlərin çıxışları böyük maraqla qarşılanmışdır.
Konfransın əsas elmi heyətini AMEA Nəsimi adına Dilçilik İnstitutu, AMEA Nizami adına
Ədəbiyyat İnstitutu, AMEA Folklor İnstitutu, AMEA Arxeologiya, Etnoqrafiya və
Antropologiya İnstitutu, Bakı Dövlət Universitetinin filologiya fakültəsi, Azərbaycan
Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, Azərbaycan Dövlət
Pedaqoji Universiteti, Bakı Musiqi Akademiyası, Bakı Slavyan Universiteti, Bakı Qızlar
Universiteti, Azərbaycan Dillər Universiteti, habelə respublikamızın müxtəlif ümumtəhsil
müəssisələrinin, lisey və kolleclərin, özəl struktur subyektlərinin mütəxəssisləri təşkil etmişdir.
Qeyd etmək lazımdır ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun alimləri daha böyük elmi
heyətlə konfransda təmsil olunmuşlar. Professor İsmayıl Kazımov, dosentlər Qüdsiyyə
Qəmbərova, Qətibə Mahmudova, Aqil Cəfərov, Qətibə Quliyeva, Elnarə Əliyeva, Günel
Mirzəyeva, Aytən Bəylərova, Leyla Yusifova, böyük elmi işçi Səkinə Şərifova, doktorant Aynur
Saydovanın elmi məruzələri böyük diqqət çəkmiş, diskussiyalara səbəb olmuşdur.
Konfransın sonunda panel iclaslarına yekun vurulmuş, iştirakçılara sertifikatlar təqdim
olunmuşdur.
Şrifti böyüt:
Çap et