Dilçilik İnstitutunun kitabxana fondunda müxtəlif dövrlərə aid minlərlə
kitab, lüğət, praktik dərs vəsaitləri ilə yanaşı, ölkəmizin görkəmli dilçi alimlərinin
ya özləri, ya da ailələri tərəfindən instituta bağışlanan şəxsi kitab fondları da
mühafizə olunur. Artıq uzun illərdir ki, institut bu nəcib ənənəni davam etdirir. Bu
fondlar həm institutun kitab fondunu zənginləşdirir, həm də dilçi alimlərimizin irsi
kimi böyük dəyər kəsb edir. Dilçilik İnstitutunda akademik Ağamusa Axundovun,
professor Vaqif Aslanovun kitab fondları onların ailələri tərəfindən bağışlanan
fond əsasında yaradılmışdır. Akademik Möhsün Nağısoylu, professor Məsud
Mahmudov da öz təşəbbüsləri ilə kitab fondlarını instituta hədiyyə ediblər.
Təqdirəlayiq haldır ki, institut təkcə öz əməkdaşlarının, vaxtilə burada çalışanların
deyil, institutdan kənarda fəaliyyət göstərən tanınmış dilçilərimizin də fondunun
mühafizəsini öz çiyinlərinə götürmüşdür.
Görkəmli dilçi alim, vaxtsız vəfat edən professor Məmmədəli Qıpçağın
(Novruzov) ailəsi də alimin dilçiliyin müxtəlif sahələrinə aid qiymətli kitablardan,
ayrı-ayrı müəlliflərin avtoqrafları ilə alimə bağışlanan monoqrafiyalardan, eləcə də
alimin öz əsərlərindən ibarət 1000-ə yaxın kitabı Dilçilik İnstitutuna hədiyyə edib.
Kitab fondunun təhvili zamanı institutun baş direktoru, professor Nadir Məmmədli,
icraçı direktoru fil.ü.f.d., dos. Baba Məhərrəmli, professor Qəzənfər Kazımov
mərhum alimlə bağlı fikirlərini söyləyib, alimin zəngin kitabxanasını İnstituta
hədiyyə etdiyinə görə mərhum professorun ailəsini təmsil edən fil.ü.f..d. Töhfə
Talıbovaya və bu işin təşəbbüskarlarına təşəkkürlərini bildiriblər. Töhfə Talıbova
alimin ailəsi adından bu nəcib işə görə institutun baş direktoru, professor Nadir
Məmmədliyə, İnstitut kitabxanasının müdiri Sevil Zülfüqarovaya, fondun
təhvilində əməyi keçən fil.ü.f.d., dos. Qətibə Vaqifqızı və fil.ü.f.d. İmanyar
Quliyevə minnətdarlığını bildirib.
Minlərlə tələbəsi olan, onlarla alim yetişdirən görkəmli dilçi, mərhum
professor Məmmədəli Qıpçağın kitab fondu bundan sonra da institut əməkdaşları
və instituta müraciət edən yüzlərlə tədqiqatçının elmi araşdırmaları zamanı onlara
mənbə kimi kömək edəcək, alimin işıqlı ruhu şad olacaqdır.
Qeyd edək ki, kitablar sahələr, dillər, dövrlər üzrə müvafiq baxışdan
keçirildikdən, kataloqlaşdırıldıqdan sonra oxucuların istifadəsinə veriləcəkdir.
Şrifti böyüt:
Çap et