4 iyulda AMEA Nəsimi adına Dilçilik İnstitutunda filologiya üzrə fəlsəfə
doktoru, dosent Vahidə Cəfərzadənin 70 illik yubileyi qeyd edilib.
Tədbiri elmi müəssisənin baş direktoru filologiya elmləri doktoru, professor
Nadir Məmmədli açaraq görkəmli alimin Azərbaycan dilçilik elminin inkişafında
xidmətlərindən, şərəfli ömür yolundan, zəngin elmi irsindən danışıb. Bildirib ki,
Vahidə Cəfərzadə fərdi yaradıcılığı ilə dilçilik elmini zənginləşdirən, ona
dəyərli töhfə verən, öz dəstxəti ilə seçilən alimlərdən biridir. O, Azərbaycan
dilçiliyinin istiqamətlərinin müəyyənləşdirilməsində, tarixinin tədqiqində böyük
xidmətlər göstərib.
Nadir Məmmədli qeyd edib ki, Vahidə Cəfərzadənin transfoneliterasiya
etdiyi Mustafa Zəririn ”Fütuhüş-Şam” adlı əsəri Azərbaycan ədəbiyyatı və dilinin
tarixinə böyük bir töhfədir. Müəllif tranliterasiya etdiyi “Fütuhüş-Şam” haqqında
əsərin giriş hissəsində geniş məlumat verir. Abidə üç fəsildən, 640 səhifədən
ibarətdir. Kataloq nömrəsi 1309-dur. Əsər nəstəliq xətti ilə qara mürəkkəblə,
başlıqlar isə qırmızı mürəkkəblə yazılmışdır.
Tədbirdə professorlar İsmayıl Məmmədli, İsmayıl Kazımov, Sayalı
Sadıqova, İcraçı direktor dosent Baba Məhərrəmli, dosent Reyhan Mədətova və
başqaları yubilyarı təbrik etmiş, ona uğurlar arzulamışlar.
Bildirilib ki, Vahidə Cəfərzadə 1996-cı ildə “XIX əsr aşıq üslubunda
yazılmış Azərbaycan poeziyasının leksikası” adlı namizədlik dissertasiyasını
müvəffəqiyyətlə müdafiə etmiş və ona filologiya elmləri namizədi alimlik dərəcəsi
verilmişdir. 1991-ci ildən 2000-ci ilə qədər Xəzər Universitetində Azərbaycan dili
müəllimi işləyib. 2000-ci ildən hal-hazıra qədər Vahidə xanım AMEA Nəsimi
adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsində çalışır.
Tədbirdə Vahidə Cəfrzadəyə 70 illik yubileyi münasibətilə Fəxri fərman
təqdim olunub.
Şrifti böyüt:
Çap et