AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi seminarında Çin Xalq Respublikasının Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin Azərbaycan dili kafedrasının yaradıcısı və müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevlə görüş keçirilib.
İclası giriş sözü ilə açan elmi müəssisənin baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli Aqşin Əliyevin fəaliyyəti haqqında məlumat verərək, onun azərbaycanşünaslığın Çində təbliği istiqamətində gördüyü işlərdən, əldə etdiyi uğurlardan danışıb. Bildirilib ki, məhz İpək yolu sayəsində Azərbaycanla Çin arasında mədəni əlaqələr qurulub. Bunu Azərbaycan ədəbiyyatındakı nümunələr də sübut edir.
Aqşin Əliyev “Qədim Çin salnamələrində türk xalqları və türk-Çin dillərində çarpazlaşma prosesi” mövzusunda çıxış edib. O, Çində yaşayan türk xalqlarının müasir vəziyyətinə, türkologiyanın inkişafı istiqamətində görülən işlərə, hazırda çoxsaylı Çin mənbələrində türklər haqqındakı məlumatların öyrənilməsinə və həmin əlyazmaların türkoloqlar tərəfindən araşdırılıb elmi ictimaiyyətə təqdim olunmasına ciddi ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Alim, həmçinin İpək yolu üzərində çarpazlaşan dillərdən və bu problemin tədqiqinin dilçilik elmi üçün əhəmiyyətindən bəhs edərək, Çin və türk dillərində müxtəlif səviyyələrdə, xüsusilə leksik bazada lüğəvi vahidlərin mübadiləsinə diqqət çəkib. O, Çin dilində türk, türk dillərində Çin mənşəli leksik vahidlərin işlənmə arealı və imkanlarını tarixi aspektdə təhlil edib.
Şrifti böyüt:
Çap et