Filologiya elmlər doktoru, professor Qəzənfər Kazımov gözəl alim, gözəl müəllimdir. Tələbələri onun müəllimlik istedadından, tədris etdiyi fənni mənimsətmək bacarığından böyük fəxrlə danışır, ana dilini, Azərbaycan dilini sevdirmək məharətindən və səriştəsindən söhbət açırlar. Dilə sevgi hissi daxildən, ürəkdən gəlməlidir ki, bu sevgidən tələbələrə, şagirdlərə də pay düşsün. Dili sevdirmək üçün, hər şeydən əvvəl, onu sevmək lazımdır.
Professor Qəzənfər Kazımovda müəllimlik Allah vergisidir, Tanrının ona bəxş etdiyi istedaddır. Təkcə çalışmaqla, zəhmətlə, fitri istedadla müəllimlik sənətinin zirvəsinə bu dərəcədə yüksəlmək mümkün deyil.
Eyni zamanda kamil müəllim və kamil alim olmaq istedadı da hər adama nəsib olmur. Elə alimlər var ki, çox yüksək intellekt, güclü məntiqə malikdirlər, amma sahib olduqları bilik xəzinəsini tələbələrinə mənimsətməkdə çətinlik çəkir, bildiyini,illərlə topladığı elmi faktları ümumiləşdirib sadə, anlaşıqlı dildə tələbəyə, öyrənciyə çatdıra bilmirlər.
Elə müəllim var ki, elmi, alimliyi yüksək səviyyədə olmasa da, bildiklərini, əxz etdiklərini mənimsədə bilir, tələbə, öyrənci ondan nə isə götürür, nə isə öyrənə bilir. Yadıma Universitetdə tələbəlik illərində mənə dərs demiş, mühazirə oxumuş müəllimlər düşür. Mən dilçi kimi ixtisaslaşırdım, amma professor Təhsin Mütəllimovun, Əli Fəhminin mühazirələrinə həvəslə qulaq asırdım. Əli Fəhmi qeyri-adi istedad, möcüzə idi. Klassik Azərbaycan ədəbiyyatından dərs keçirdi. Nəfəsimizi dərmədən saatlarla onu dinləməkdən yorulmurduq. Çox təəssüf ki, bizə oxuduğu mühazirələri kitab kimi çap etdirmədi... Ancaq yaddaşlarda qaldı. Yaddaş insan yaşadıqca mövcuddur, illər keçdikcə çox şey unudulur... İndi Əli Fəhminin bizə dediklərinin çoxu yaddaşdan silinir və silinməkdədir.
Mənim qənaətimə görə, professor Fərhad Zeynalovun alimliyi müəllimliyini üstələyirdi.
Qəzənfər müəllimdə hər iki cəhət – müəllimlik və alimlik yüksək səviyyədədir. Tələbəsi olmamışam, tələbələrindən eşitmişəm. Və Qəzənfər müəllimin tələbəsi olmaq üçün Pedaqoji Universitetin tələbəsi olub auditoriyada onun mühazirə və seminar məşğələlərinə qulaq asmaq vacib şərt deyil. Qəzənfər müəllimin Pedaqoji Universitetdə təhsil almamış minlərlə tələbələri var. Onlar onun morfologiyaya, sintaksisə, dil tarixinə aid yazdıqları əsərləri mütaliə etməklə kamil dilçi-mütəxəssis kimi yetişmişlər və haqlı olaraq özlərini Qəzənfər müəllimin tələbələri hesab edirlər [ 1; 2; 3; 4;5; 6; 9 ].
Qəzənfər müəllimin Azərbaycan dilinin tarixi məsələlərinə özünün yanaşması var və onun bu sahədəki fikir və mülahizələrini yığcam şəkildə təxminən belə ifadə etmək olar: Azərbaycan əraziləri indiki mövcud insan tipinin formalaşma arealına düşdüyündən ölkəmizin cənub vilayətlərində əkinçi və maldar tayfaların məskunlaşması mezolit dövründən başlanır. Qəzənfər müəllimə görə, sonrakı bütün beşminillik yazılı tarix ərzində aborigen Azərbaycan tayfalarının yaşadığı ərazi şimalda Dərbənd, şərqdə Xəzər dənizi. Qərbdə İkiçayarası, cənubda Həmədanla sərhədlənmişdir. İnsanların ilk vətəni Ön aşıya və Aralıq dənizi hüdudları olduğu üçün bəşər dilinin – ilk ulu dilin dialekt parçalanması da bu ərazilərdə baş vermişdir. Çox qədim etnik bölümlərdən olan hindavropalılarla , samilərlə birlikdə türk protodili də Ön Asiyada meydana gəlmişdir. Beş min il əvvəl şumerlərin və akkadların qonşuluğunda – Cənubi Azərbaycan ərazilərində yüksək mədəniyyət və siyasi qüvvə kimi meydana çıxan kutilərin, lulluların, turukkilərin , suların, kasların türk olduğu göstərilmişdir. Professor Qəzənfər Kazımov dil faktlarına və xüsusən. tayfa dillərinin yadigarı ola onomastik leksikaya əsaslanaraq bu tarixi faktları sübut etməyə çalışır. Burada onun həm tarix, həm də dilçilik sahəsində yüksəkixtisaslı mütəxəssis istedadı və elmi səriştəsi özünü büruzə verir [4 ,s. 575 ].
Qəzənfər müəllimlə bağlı daha maraqlı bir cəhət diqqəti cəlb edir. Onun dilçiliklə yanaşı ədəbiyyatşünaslıqla bağlı da sanballı əsərləri, ədəbi-tənqidi məqalələri var. Elə komik-bədii vasitələrlə bağlı yazdıqları da dilçiliklə ədəbiyyatşünaslığın qovuşuğunda yaranmış əsərdir. Çox qəribədir ki, vaxtilə onun tələbəsi olmuş,mühazirələrini dinləmiş tədqiqatçıların yaradıcılığında da bu xüsusiyyət özünü büruzə verir. Onun yetirmələrindən bir qismi dilçilik, digərləri isə ədəbiyyatşünaslıq üzrə müdafiə etmişlər. Yəni, Qəzənfər müəllimin çoxşaxəli yaradıcılıq üslubu onun yetirmələrinin timsalında da açıq-aydın əks olunur. Qəzənfər müəllim sırf dilçi, sırf ədəbiyyatşünas deyil, sözün geniş mənasında filoloqdur və onun elmi irsinə bu baxımdan yanaşmaq lazımdır.
Mən 2013-cü ildə çapdan çıxmış “Kompüter dilçiliyi” kitabımda Qəzənfər müəllimdən bir sitat vermişdim. Daha doğrusu, kitabda ənənəvi dilçiliyə qeyri-ənənəvi baxışın artıq formalaşdığını qeyd etmiş və ənənəvi dilçilik, normativ qrammatika yaratmaq sahəsində böyük xidmətləri olan dilçilərin özlərinin də dilçilikdə ehkamçılığa qarşı çıxdığını, yeni baxışın formalaşmasının vacibliyindən bəhs etdiklərini göstərmişdim.. Dediklərimi sübuta yetirmək üçün Qəzənfər müəllimin fikirlərinə istinad vermişdim: “Bu baxımdan Azərbaycan dilinin sintaksisi sahəsində dəyərli tədqiqat əsərlərinin və dərsliklərin müəllifi kimi tanınan prof. Q.Kazımovun fikirləri böyük maraq doğurur. O, aktual üzvlənmə və mətn məsələsindən bəhs edərək yazır ki, əgər dilin kommunikativlik imkanları, dil və nitq arasında mövcud olan sintaqmatik və paradiqmatik münasibətlər dərindən tədqiq olunarsa, müasir Azərbaycan ədəbi dilinin sintaksisi tamamilə yenidən işlənmiş olar. Professional sintaksis mütəxəssisinin bu fikrində böyük həqiqət var. Q. Kazımovun gəldiyi son nəticə belədir: «Daim belə bir paradoks meydana çıxır: cümləni bu qədər mübtəda və xəbərə ayırmağın, heç bir praktik əhəmiyyəti olmayan, insanın maddi-mənəvi inkişafında heç bir əməli rolu olmayan baş və ikinci dərəcəli üzvlər bölgüsünün yaradılması və ikinci sinifdən başlayaraq şagirdlərə öyrədilməsi hansı məntiqi zəminlə bağlıdır? İnsan bunun faydasını harada və nə zaman görməlidir?.
Lakin nitqin kommunikativ mahiyyəti nəzərə alındıqda dilin bütün elementləri hərəkətə gəlir və öz əhəmiyyətini göstərir. Bizim fikrimizcə, Azərbaycan dilinin sintaksisinə aid tədqiq və araşdırmaları, xüsusən sintaksis dərsliklərini bu istiqamətə yönəltməyin vaxtı çatmışdır» [8, s.21 ] .
Qəzənfər müəllim bu sözləri Ə. Abdullayevin “ Aktual üzvlənmə və mətn” kitabına ön sözdə yazmışdı. (Kazımov Q. Mətn dilçiliyi problemləri”. Ə. Abdullayevin “Aktual üzvlənmə və mətn” kitabına ön söz. Bakı, Xəzər Universiteti nəşriyyatı, 1998, s. 5-21).
Qəzənfər müəllimin bu istinaddan xəbəri vardı. Özünə məxsus yumorla, ərkyana dedi: “Yaxşı ilişmisən mənə. Mənim vaxtilə yazdıqlarımdır. Dana bilmərəm. Amma, sən haradan qazıb çıxartdın onları?” Sonra özünə məxsus sakit səslə, təmkinlə əlavə etdi: “Yaxşı əsaslandırmısan, xoşuma gəldi”.
Qəzənfər müəllimlə bağlı daha bir xoş xatirə. 1983- cü ildə “Yazıçı” nəşriyyatında prof. Qəzənfər Kazımovun “ Komik-bədii vasitələr” kitabı çapdan çıxmışdı (Q.Kazımov. Komik bədii vasitələr. “ Yazıçı”, Bakı, 1983, 188 s.). Professor Qara Məşədiyev (Allah rəhmət eləsin!) məndən xahiş etdi ki, həmin kitaba birgə rəy yazıb “Советская тюркология” jurnalında çap etdirək. Mən onda Qəzənfər müəllimi görməmişdim, adını eşitmişdim, məqalə və kitabları barədə məlumatım var idi. Məqalə 1984-cü ildə çap olundu (Q.Kazımov. Komik-bədii vasitələr. Yazıçı, Bakı, 1983, 188 s. (Q.Məşədiyevlə birlikdə). Советская тюркология, Bakı, 1984, №4, s. 107-108). Aradan bir qədər keçəndən sonra Qara müəllim dedi ki, yaxşı rəydir, bir az dəyişib başqa adla “Akademiyanın Xəbərləri” jurnalına təqdim edək. Elə də etdik. Bir qədər dəyişdirib başqa adla yenidən çap etdirdik (Komizm və dil (Q. Məşədiyevlə birlikdə). Azərb. SSR EA-nın Xəbərləri, Dil və İncəsənət seriyası, 1984,№ 1, s. 153-155). Rəy çap olunanda Qəzənfər müəllim doktorluq dissertasiyası müdafiəsi ərəfəsində idi. Rəydə deyilirdi: “İndiyə qədər dövrün ictimai məzmununun, xalqın ruhunun, istək və arzularının, bədii təfəkkürünün mühüm bir qolunu təşkil edən komik sənət nümunələri bir çox tədqiqatçılar tərəfindən araşdırılmış, hərtərəfli təhlil olunmuşdur. Lakin, təəccüblü olsa da, komizm yaradan xüsusiyyətlər, xüsusilə ən mühüm komizm vasitəsi olan dil faktları özünün tam, hərtərəfli və geniş təhlilini tapmamışdır. Məhz bu baxımdan filologiya elmləri namizədi Qəzənfər Kazımovun “ Yazıçı” nəşriyyatı tərəfindən çap olunmuş “ Komik-bədii vasitələr” kitabı olduqca qiymətli və aktualdır”. O vaxtlar belə şeylər olurdu. Məqalə ikinci dəfə çap olunduqdan sonra İnstitutun koridorunda Valeri Yakovleviç Pineslə qarşılaşdım. Mənimlə bir şöbədə çalışırdı. Riyazi dilçilik sahəsində mütəxəssis idi. Hal-əhval tutandan sonra dedi ki, kitab haqqında hər iki rəyi oxumuşam. Bir az dəyişdirib İnstitutun Divar qəzetinə də vermək olar (O vaxtlar bütün institutlarda Divar qəzetləri çap olunardı. İnstitut, onun əməkdaşları barədə materiallar çap olunardı). Daha Divar qəzetinə verməli olmadıq... Sonralar tez-tez xatırlayıb gülərdik. Deyəsən, Qəzənfər müəllimə də çatmışdı bu söhbət...
Qəzənfər müəllim klassik Azərbaycan ədəbiyyatı üzrə aspiranturaya qəbul olunmaq istəyirmiş. Tale elə gətirib ki, dilçilik üzrə əyani aspiranturaya qəbul olunub. Sonralar Qəzənfər müəllim həm ədəbiyyat , həm də dilçilik sahələri üzrə çox görkəmli bir mütəxəssis kimi yetişmiş oldu. Qəzənfər müəllim aspirantlıq illərini və həmin dövrün ictimai- siyasi mühitini böyük ehtiram və məhəbbətlə xatırlayır: “O dövrün ab-havası elə idi ki, aspirant olduğum üçün fəxr edirdim. Nə dosent olduğum vaxt, nə də professor olarkən aspirant olduğum qədər özümü xoşbəxt hiss etməmişəm. Rəhbərim Əbdüləzəl Dəmirçizadə idi – dünyanın ən namuslu insanı, respublikamızın ən yaxşı alimi, türkologiyanın məşhur bahadırlarından idi. Ictimai həyatın da, təbiətin də gözəl vaxtları idi. Cəmiyyət saf idi...” [9, s.19].
Qəzənfər müəllimi elmin nahamar, daşlı-kəsəkli yollarında hələ bir çox çətin sınaqlar, imtahanlar gözləyirdi...
Qəzənfər Kazımov zamanın sınağından üzüağ, alnıaçıq, böyük uğurlar qazanmış qalib kimi çıxdı. Bunu onun sanballı monoqrafiyaları, orta və ali məktəb dərslikləri, saysız-hesabsız qədirbilən tələbələri, yetişdirdiyi alimlər sübuta yetirə bilər.
Qəzənfər müəllimin ədəbiyyatşünas- alim kimi xidmətlərindən bəhs edən görkəmli ədəbiyyatşünas-alim akademik Bəkir Nəbiyev yazırdı: “ Onillər boyu bu sahədə apardığı tədqiqatların ümumiləşdirrilmiş nəticəsi kimi Qəzənfər müəllimin xüsusi bir kitabının adını çəkməyi vacib hesab edirəm: “Bədii ədəbiyyatda komizm üsulları”. 1987- ci ildə bu kitabı nəşr etdirənə qədər Qəzənfər müəllim Azərbaycan ədəbiyyatının çox görkəmli satirikləri olan Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və Sabit Rəhman kimi sənətkarların yaradıcılığının ayrı-ayrı məsələləri barəsində xüsusi məqalələr, kitabçalar nəşr etdirmişdi. Lakin çoxillik fəaliyyətinin ümumiləşdirilmiş nəticəsini o özünün məhz bu monoqrafiyasında ortalığa qoymuşdur” [9, s. 177].
Qəzənfər müəllimin bir dilçi kimi özünəməxsusluqlarından bəhs edən akademik Ağamusa Axundov onu dilçi-alim kimi belə səciyyələndirir: “Qəzənfər müəllimin bir dilçi kimi mənim diqqətimi cəlb edən cəhətlərindən biri də odur ki, onun dilçiliyə aid tədqiqat əsərləri öz yüksək səviyyəsi ilə fərqləndiyi kimi, onun dili də fərqlənir. Yəni bir dilçi olmaq etibarilə bizdə bütün dilçilərin hamısının dili yüksək səviyyədə deyil. Məşhur dil nəzəriyyəçilərindən olan Arnold Stepanoviç Çikobavanın məşhur sözü var: Знание языка не делает языковеда, yəni dili bilmək adamı dilçi eləmir. Yəni dilçini dilçi edən təkcə dili bilmək deyil. Amma buna baxmayaraq, Qəzənfər müəllim tədqiq etdiyi dili çox gözəl bilən və bu dildə üslubi cəhətdən çox gözəl yazan dilçilərimizdəndir. Yəni onun bütün cümlələri zəngin məzmunu ilə bərabər, ifadə xüsusiyyətləri ilə də fərqlənir [9, s.179 ] .
Qəzənfər müəllim 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2003-cü ildən isə Respublika Jurnalistlər Birliyinin üzvüdür. Beynəlxalq aləmdə də görkəmli alim tanınır, layiqincə qiymətləndirilir. 1998- ci ildən Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin fəxri üzvü seçilmişdir. Böyük Britaniya Kembric Beynəlmiləl Dühalar mərkəzinin üzvüdür, həmin mərkəz tərəfindən 1998-1999-cu tədris ilinin “Beynəlmiləl Adamı” elan edilmiş, gümüş “Şərəf medalı”na layiq görülmüş, ABŞ Beynəlmiləl Dühalar mərkəzinin üzvü seçilmişdir.
Professor Qəzənfər Kazımov həm də orta və ali məktəblər üçün yazılmış bir çox dərsliklərin müəllifi kimi tanınır. Akademik Kamal Abdullayev Qəzənfər müəllimin sintaksislə bağlı dərsliyini yüksək qiymətləndirərək yazır: “Dərsliyi səciyyələndirən ən mühüm cəhət bundan ibarətdir ki, nitqin funksional imkanlarının sintaktik quruluşun təşəkkülündə rolu məsələsi ön plana çəkilmiş və bütün mövzuların şərhində bu cəhət diqqətlə nəzərə alınmışdır. Məsələyə bu cür yanaşma sintaktik vahidlərin qurulma texnikasında nitqin funksional əhəmiyyətini geniş şəkildə üzə çıxarır və bu dərsliyi əvvəlkilərdən ciddi surətdə fərqləndirir. Dərslik ali məktəb proqramı əsasında yazılsa da, mövzuların məzmun və mahiyyətində keyfiyyət dəyişiklikləri ilə bərabər, üslub baxımından işlənmə texnikasında ənənəvi sintaksisdən fərqli cəhətlər çoxdur.
Professor Q. Kazımovun ali məktəb tələbələri üçün hazırlayıb çap etdirdiyi “Müasir Azərbaycan dili. Sintaksis.” Dərsliyini dilçiliyimiz üçün uğur hesab edirik” [9, s. 194].
Qəzənfər müəllimin 1977-2006- cı illərdə M. Səfərov, M. Şirəliyev, M. Hüseynzadə, Y. Seyidov, F. Şahbazlı ilə birlikdə orta məktəblərin Azərbaycan və rus bölmələri üçün yazdığı “Azərbaycan dili” dərslikləri də təqdirə layiqdir və ustad müəllimin, təcrübəli tədris bilicisinin böyük zəhmətinin uğurlu nəticəsi kimi səciyyələndirilə bilər.
Qəzənfər müəllimin elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndirənlərdən biri də Əməkdar elm xadimi Bəhlul Abdulla olmuşdur: “Qəhrəmanlıq, igidlik, cəsurluq elə o demək deyil ki, əlinə silah alıb döyüşdə, vuruşda cəsur olasan, igidlik, qəhrəmanlıq göstərəsən. Düşünürük ki, qələmlə, yazıyla millətə, Vətənə xidmət göstərmək. sözü gedənlərin kimliyini, məxsusluğunu sübuta yetirmək dava-döyüş meydanındakı qəhrəmanlıq, igidlik, cəsurluqdan heç də az deyil. Olsun ki, bəzi məqamlarda ondan da üstündür. Qələmlə, yazıyla, sözlə millət, vətən yolunda çalışmaq, yanmaq, qarsalanmaq mənəviyyat, mədəniyyət, lap elə tarix cəbhəsində cəsurluqdur, cəsarətdir. Sözün gerçək anlamında Qəzənfər Kazımovu oxuduğumuz yazılarından, kitablarından belə cəsarətli almi olaraq tanımışıq, tanıyırıq da [9, s. 202-203].
Və Qəzənfər müəllimin hərdən özünə hesabat verməyi də var: “Fikirləşirəm ki, insan cildində bir ömür yaşadım və xeyli kitab yazdım. İndi, görəsən, bu kitablarda bir mətləb, gələcək nəsil üçün əhəmiyyətli ikicə kəlmə varmı?
Bu fikirlə özüm üçün daha əhəmiyyətli bildiyim, gələcək nəsil üçün faydalı ola bilən bir neçə nəticə xəyalımdan keçdi:
1.Bədii dil ilə məşğul olmuşam. Nizamidən bu günə qədərki əksər sənət adamlarının poeziyası, nəsri barədə fikir söyləmişəm. Həm onların ideyalarına münasibət bildirmişəm, həm də onların sənətkarlıq qüdrəti, poetik kəşfləri barədə düşüncələrimi qeyd etmişəm;
2.Satira dilinə kitablar həsr etmişəm və dünya estetik fikri dairəsində ilk dəfə olaraq komizmin dil vasitə və üsullarını fərqləndirmişəm;
3.Ali məktəblər üçün “Müasir Azərbaycan dili. Sintaksis” dərsliyi yazdım. Mənim hazırladığım dərslikdə faktların yalnız necə olduğu deyil, həm də nə üçün o cür olduğu izah edilmişdir;
4.Dünya dillərinə məxsus söz kökləri üzərində müşahidələr apararaq, onların bir kökdən olduğu qənaətinə gəlmişəm. Monogenez problemi üzərində dayanaraq, dünya dillərinin bir kökdən olduğu barədə konsepsiyasını müdafiə etmişəm;
5.Bu vaxta qədər şumer və türk dilləri yalnız leksik cəhətdən müqayisə edilmişdir. Şumer dilinin qrammatik quruluşunu da nəzərdən keçirərək bu qənaətə gəldim ki, şumerlər bizim Azərbaycan türklərinin babalarıdır;
6.Dil tarixi ilə məşğul olmuşam və bir sıra nəticələrə gəlmişəm. Hələlik tarixşünaslıq, dilçilik o nəticələrdən istifadəyə meyil etməsə də, gec-tez o nəticələri qəbul etməlidir;
7.Folklorşünaslıqla məşğul olmuşam və XVI əsrin görkəmli el şairi Qurbaninin əsərlərini toplayıb çap etdirmişəm, haqqında monoqrafiya yazmışam.
8.30 ilə yaxındır ki, respublikamızın təlimi ana dilində və rus dilində olan məktəbləri üçün “Azərbaycan dili” dərsliklərinin müəllifiyəm. Orta məktəb proqramlarının, ali məktəblər üçün onlarca proqramın, neçə-neçə metodiki məqalənin müəllifiyəm;
9.50 ilə yaxındır ki, gəncliyin təhsili və tərbiyəsi ilə məşğulam. 40 ildən artıqdır ki, ali məktəblərdə sintaksisi nəsil-nəsil tələbələrə öyrətmişəm
10.60-a qədər kitabın redaktoru olmuşam, neçə kitaba ön söz yazmışam. Nə qədər kitab haqqında resenziyalarım var. Əsərlərimə saysız istinadlar var, haqqımda 150-dək məqalə yazılıb. Xeyli gəncə rəhbərlik və opponentlik etmişəm”.
Bunlar Qəzənfər müəllimin 70 yaşının hesabatıdır. Burada yazılanlara daha 15 illik uğur, zəhmət əlavə olunub.
Möhtəşəm hesabatdır, Qəzənfər müəllim!
Sizin göstərişlərinizə, məsləhət və tövsiyələrinizə hələ ehtiyacımız çoxdur! Sağ olun! Var olun!
Ədəbiyyat:
1.Kazımov. Q. Komik-bədii vasitələr. Bakı, “Yazıçı”, 1983, 188 s.
2.Kazımov. Q. Dilimiz- tariximiz. Bakı, “ Elm”, 1998, 280 s.
3.Kazımov Q. Dil, tarix, poeziya. Bakı, “ Nurlan”, 2005, 600 s.
4.Kazımov Q. Azərbaycan dilinin tarixi. Bakı, “ Təhsil”, 2003, 584 s.
5.Kazımov Q. Müasir Azərbaycan dili. Morfologiya. Bakı, “Elm və təhsil”, 2010, 400 s.
6.Kazımov Q. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, “Elm və təhsil”, 2010, 500 s.
7.Kazımov Q. Mətn dilçiliyi problemləri. Ə. Abdullayevin “Aktual üzvlənmə və mətn” kitabına ön söz. Bakı, Xəzər Universiteti nəşriyyatı, 1998, s. 5-21
8.Mahmudov M. Kompüter dilçiliyi. Bakı, “Elm və təhsil”, 2013, 356 s.).
9.Professor Qəzənfər Kazımov. Bioqrafik və biblioqrafik məlumat kitabı. Bakı, “ Nurlan”, 2007, 350 s.
Məsud Mahmudov
Filologiya elmləri doktoru, professor