12 yanvarda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi seminarında filologiya elmləri doktoru, professor İslam Sadıqovun “Şumer və türk dillərində heca qanunu” mövzusunda məruzəsi dinlənilib.
İclası giriş sözü ilə açan elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli şumer və türk dillərində hecanın tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, Şumer dilində də möhkəm bir heca sistemi olmuşdur. Heca qanunu və heca vəzni türk dilinin daxili sirlərini qoruyub saxlayan, bir-birilə qırılmaz tellərlə bağlı olan pozulmaz, dəyişilməz qaydalardan ibarətdir.
İslam Sadıqov çıxışında qeyd edib ki, Şumer dilində birhecalı sözlərin sayı yetərincə çoxdur. Çoxhecalı sözlər də səslərdən yox, hecalardan əmələ gəlmişdir. Çox zaman sözün birinci hecası yazılır, sonrakı hecalar buraxılır. Çünki Şumer dilində mixi işarələr səsləri yox, hecaları bildirir. Bu o deməkdir ki, mixi yazı heca yazısıdır. Ona görə də ba şəklində yazılan söz Şumer dilində mətnə uyğun olaraq müxtəlif anlamlarda oxunur. Başqa sözlə desək, ba hecası ilə başlayan sözlərin yalnız ilk hecası yazılır. Əgər Şumer dilində hər hansı heca müstəqil olaraq məna daşıyırsa, onda onun işarəsi də həmin sözü ifadə edir. Heç bir səsin ayrıca işarəsi yoxdur. Şumer dilində də sözlər hecalar şəklində tələffüz olunur. Sözlər sətirdən-sətirə keçirilərkən hecalara bölünür. Bir hecanın parçalanması, səslərə bölünməsi nəzərə çarpmır. Bütün bunlar Şumer dilində də Heca qanununun mövcud olduğunu təsdiqləyir.
Professor vurğulayıb ki, Şumer və türk dillərində ünlü səslərlə başlayan sözlərin sayı yetərincə çoxdur. Məsələn, a səsini götürək. Bu səs Şumer dilində çox işlənmişdir. Türk dilində a səsi ilə başlayan sözlərin çoxluğu onun çox işlək olduğunu göstərir.
Sonda professorlar Qəzənfər Kazımov, İlham Tahirov, Sayalı Sadıqova, İsmayıl Məmmədli, dosent Baba Məhərrəmli məruzə ilə bağlı öz fikirlərini səsləndiriblər.
Şrifti böyüt:
Çap et