Mayın 18-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Xurşidbanu Natəvanın
poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri” mövzusunda elmi
sessiya keçirilib. Tədbir Prezident İlham Əliyevin “Xurşidbanu Natəvanın 190
illiyinin qeyd edilməsi” haqqında Sərəncamından irəli gələn tapşırıqların icrası
çərçivəsində təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun baş direktoru professor Nadir
Məmmədli Xurşidbanu Natəvanı XIX əsrdə Azərbaycan ədəbi dilinin zəngin
klassik qəzəl janrı ənənələrini uğurla davam etdirən ən istedadlı qadın şair
kimi xarakterizə edib.
Professor bildirib ki, Natəvanın əsərləri bədiilik və ahəngdarlığı, dil-üslub
xüsusiyyətləri ilə diqqəti cəlb edir.
Əruz vəznində yazdığı şeirlərdə hiss və
duyğuların təbiiliyi, səmimiliyi, qafiyə, rədif, bədii təsvir vasitələrindən
məharətlə istifadə onun əsərlərinin ahəngdar, oxunaqlı olmasını təmin edib,
sənətkara oxucu məhəbbəti qazandırıb. Xurşidbanu Natəvanın şeirləri
dövrünün tələblərinə uyğun olaraq ərəb-fars izafətləri və xalq ifadələri ilə
zəngindir. Şairin bədii irsində Məhəmməd Füzulinin əsərlərinin, poetik ifadə
tərzinin təsirini duymaq olur. Seçdiyi poetik-bədii təşbehlər, müqayisələr,
təzadlar, şeirlərinin qəzəl janrında olması onun Füzuli qəzəllərindən
təsirləndiyini bir daha sübut edir.
Sessiyada professor Sevil Mehdiyevanın ”XIX əsr Azərbaycan ədəbi dilinin
Xurşidbanu Natəvan zirvəsi”, filologiya elmləri doktoru Nərgiz Hacıyevanın
“Xurşidbanu Natəvanın şeirlərinin dil və üslub xüsusiyyətləri”, dosent
Qüdsiyyə Qəmbərovanın “Xurşidbanu Natəvanın şeirlərində Qarabağ dialekti”
mövzularında məruzələri dinlənilib.
Bildirilib ki, istedadlı şairin övlad (oğul) nisgilli qəzəllərində ana naləsi, ana
fəryadı hakimdir. Bu fəryadın ifadə vasitələri onun müəllifi Xurşudbanu Natəvanı
qırılmaz tellərlə Qarabağ mahalına bağlayır. Natəvanın oğlu dağlı fəryadı bu gün
Qarabağın – Azərbaycanın şəhid analarının fəryadı ilə səsləşir: onun oğul fəryadlı
qəzəllərində milli ruhlu ağılar, oxşamalar Natəvanın hüznlü bir qəm, kədər dolu
söz və ifadələr şairin məxsusi orijinal bir ifadə tərzini – üslubunu formalaşdırır.
Şrifti böyüt:
Çap et