Ulu öndər Heydər Əliyev Azərbaycan dili barədə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi düşünürdü. Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Hələ 1970-ci illərdən başlayaraq Ulu öndər ana dilimizin qayğısına qalıb, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməyib. Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda möhkəm nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü qeyd edib ki, məhz 1970-ci illərdən etibarən Azərbaycanın müxtəlif ali məktəblərində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə tələbə qəbulunun həcmi xüsusilə artırıldı, qəbulda ana dilindən yazılı imtahan ən müxtəlif ixtisaslar üzrə məcburi hesab edildi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib. Həmin illərdən başlayaraq Nəsiminin dilinə aid xeyli sayda tədqiqat işi aparılıb. Məhz o vaxtdan etibarən Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb. Tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, bir tərəfdən onların xalq qarşısında, millət qarşısında xidmətlərinə verilən qiymətdir. Digər tərəfdən isə belə yubileylərin keçirilməsi xalqın, millətin zənginliyini nümayiş etdirir, eyni zamanda, bu yubileylər xalqın, millətin daha da yüksəlməsinə kömək edirdi.
Alim bildirib ki, Ulu Öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması haqqında ayrıca maddə daxil edilib. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib.
O vurğulayıb ki, Ulu Öndərin gəncliyə üz tutması, onların nitqində səslənən Azərbaycan dilinin səlisliyindən, gözəlliyindən danışması, ümumiyyətlə, Azərbaycan gəncləri ilə görüşündə bu məsələyə xüsusi diqqət verməsi böyük siyasi-ideoloji əhəmiyyətə malikdir. Bu baxımdan 1997-ci il avqustun 29-da Prezident sarayında respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrlə görüşdə Ulu Öndərin dərin məzmunlu nitqi çox əlamətdardır. Ulu Öndər Azərbaycan dilinə respublikanın dövlət rəmzlərindən biri kimi işdə, əməldə böyük qiymət verdiyi üçün bu dilin əcnəbilərə öyrədilməsini də əhəmiyyətli hadisə, ana dilinin - Azərbaycan Respublikasının dövlət dilinin beynəlxalq nüfuzu hesab edirdi. Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılan addımlardan biri də Ulu Öndərin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı oldu. Fərmanda həm dilimizin tarixi ilə bağlı bir sıra incə və həssas məqamlara aydınlıq gətirilir, həm də onun keçdiyi inkişaf yolları və mərhələlərinin yığcam təhlili verilir. Fərmanda, həmçinin müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin ölkədə geniş miqyasda tətbiq edilməsi və hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılması qeyd olunur və bu məqsədlə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi bir vəzifə olaraq qarşıya qoyulurdu. Ümummilli Liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsidir. Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafıkalı Azərbaycan əlifbasına keçdi.
Ulu öndər Heydər Əliyevin 2002-ci il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımi şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.
“Azərbaycanda siyasi natiqliyin formalaşmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndərin nitqi öz səmimiliyi, zənginliyi, orijinallığı ilə dünyanın siyasi xadimlərinin nitqləri ilə müqayisə oluna bilər. Görkəmli dövlət xadimi Heydər Əliyev çıxışlarında yazılı məruzələrdən, demək olar ki, imtina edirdi. Ulu öndər Heydər Əliyevin çıxışlarında ədəbi dilin bütün funksional üslubları bir vəhdətdə götürülür. O, öz nitqində bütün üslublardan istifadə edirdi. Dahi rəhbər Heydər Əliyevin nitqi zənginliyi, emosionallığı, mükəmməlliyi ilə bir örnək, onun ictimai-siyasi natiqlik sahəsindəki təcrübəsi, istedadı isə bir məktəbdir”, - deyə T.Şükürlü fikrini yekunlaşdırıb.
Şrifti böyüt:
Çap et