AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda “Azərbaycan elminin 80 illik yolunda yeni mərhələ: elmə, gəncliyə və gələcəyə inam” mövzusunda çıxış edib.
Arzu İsgəndərzadə çıxışında qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası ölkəmizdə gənc alimləri yetişdirən, onların potensialının üzə çıxmasına şərait yaradan və onlara elmin üfüqlərini göstərən əsas elmi mərkəzdir.
O vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev elmin inkişafını millətin tərəqqisinin, dövlətin gücünün və gələcəyinin başlıca amili kimi qiymətləndirib. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strateji xətt uğurla davam etdirilir, elmin dövlət siyasətində prioritet istiqamətə çevrilməsi, gənc alimlərin dəstəklənməsi və innovativ düşüncənin təşviqi təmin olunur.
Çıxışında AMEA-nın gənclərlə bağlı həyata keçirdiyi çoxşaxəli fəaliyyətə toxunan Arzu İsgəndərzadə bildirib ki, gənc alim və doktorantların elmi konfransları, müxtəlif müsabiqələr, eləcə də “Gənc tədqiqatçı” jurnalının ingilis dilində də nəşri gənclərin beynəlxalq elmi mühitdə fəal iştirakına mühüm töhfə verir.
O, həmçinin süni intellekt və rəqəmsal texnologiyalar sahəsində həyata keçirilən islahatlardan danışaraq qeyd edib ki, “2025-2028-ci illər üçün Süni intellekt strategiyası” və “AMEA-nın 2025-2030-cu illər üzrə İnkişaf konsepsiyası və yol xəritəsi” çərçivəsində informasiya texnologiyalarının təkmilləşdirilməsi və kadr potensialının artırılması istiqamətində mühüm addımlar atılır.
Sonda Arzu İsgəndərzadə Akademiyanın gənc alimləri adından AMEA-nın 80 illik yubileyini təbrik edərək bu möhtəşəm yubiley tədbirinin elmin davamlı inkişafı və gənc alimlərin nailiyyətləri üçün yeni stimul yaratdığını qeyd edib
Şrifti böyüt:
Çap et






