AMEA-nın Rəyasət Heyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqtonda imzaladığı üçtərəfli bəyannamənin müddəaları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, Milli Məclisin deputatları, Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, elmi katibləri, gənc alimləri və aidiyyəti şəxslər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan akademik İsa Həbibbəyli qeyd edib ki, 8 avqust 2025-ci il tarixində Prezident İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamə imzalayıblar və bunun ardınca Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar. Akademik İsa Həbibbəyli bildirib ki, əldə edilmiş razılaşma Prezident İlham Əliyevin uzun illərdir apardığı yorulmaz, çoxcəhətli fəaliyyətinin nəticəsidir və bu uğurun dünyanın bir nömrəli dövlətinin paytaxtında baş tutması dövlətimizin başçısının nüfuzunun bariz göstəricisidir. AMEA rəhbəri vurğulayıb ki, bu Bəyannamə və Saziş mətninin paraflanması Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmini baxımından tarixi hadisə, Prezident İlham Əliyevin böyük siyasi, diplomatik qələbəsidir.
Bu qələbəyə gətirib çıxaran tarixi hadisələri diqqətə çatdıran AMEA prezidenti bildirib ki, Ali Baş Komandan İlham Əliyevin liderliyində 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər, 19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilən antiterror tədbirlərilə dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa olunması nəticəsində tam qələbəmiz təmin edildi, sülh sazişinin paraflanması isə qəti qələbəmizi təsdiqlədi: “8 avqust Birgə Bəyannaməsi yekun sülh sazişinin qaçılmaz olduğunu təsdiqləyir. Azərbaycanın və Ermənistanın sülh sazişinin mətnini paraflaması qəti qələbəmizdən xəbər verir. Prezident İlham Əliyev tam və qəti qələbəmizin müəllifidir. Bu, Azərbaycan tarixinin təkrarolunmaz hadisəsidir. Azərbaycanın min illik tarixində İlham Əliyevin əbədi möhürüdür”.
Tədbirdə, həmçinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə çıxış edərək qeyd edib ki, Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və prinsipial mövqeyi nəticəsində ölkəmiz milli maraqlarını qorumaqla yanaşı, bölgədə sabitlik və əməkdaşlığın qurulmasında təşəbbüskar rol oynayır. Bu tarixi bəyannamə bir daha göstərdi ki, Azərbaycan beynəlxalq tərəfdaşlıq münasibətlərində etibarlı dövlət, sülhün və inkişafın təminatçısıdır. Biz gənc alimlər bu dövrü elmi fəaliyyətimizin, milli dəyərlərimizin və intellektual potensialımızın dünyaya təqdim olunması üçün yeni imkanların açıldığı bir mərhələ kimi qiymətləndiririk. Əminik ki, Prezidentimizin rəhbərliyi ilə ölkəmiz qarşıya qoyduğu bütün hədəflərə nail olacaq.
Sonda çıxış edən akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan xalqı, o cümlədən alimlərimiz Prezident İlham Əliyevin paraflanmış sülh sazişini uğurla yekunlaşdıracağına tam inanır və hər zaman olduğu kimi, gələcəkdə də bu və digər şərəfli işlərində daim dövlət başçımızın yanında olaraq öz dəstəklərini əsirgəməyəcəklər.
Şrifti böyüt:
Çap et







