Aprelin 25-də Kürdəmir rayon Heydər Əliyev Mərkəzində görkəmli dilçi və türkoloq, ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Ağamusa Axundovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.
AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın bir sıra elmi müəssisələrinin rəhbərləri və əməkdaşları, eləcə də Kürdəmir rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nümayəndələri, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, həmçinin akademik Ağamusa Axundovun ailə üzvləri, doğmaları və tələbələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Mərkəzin foyesində akademik Ağamusa Axundovun həyat və yaradıcılığını əks etdirən sərgiyə baxış keçirilib.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı rəhbərlik etdiyi filialın akademik Ağamusa Axundovun anadan olmasının 90 illiyinə həsr olunmuş belə bir mötəbər tədbirin təşkilatçısı olmaqdan məmnunluğunu ifadə edib.
Yaqut Bahadurqızı görkəmli alimin çoxcəhətli və geniş diapazonlu elmi yaradıcılığı ilə elmimizi zənginləşdirən, ona öz dəyərli töhfələrini verən nadir istedad və zəka sahiblərindən biri olduğunu bildirib, Ağamusa Axundovun zəngin yaradıcılığı haqqında geniş məlumat verib. Bildirib ki, alimin tədqiqatlarında dilin fonetik sisteminin elmi təhlili verilib, türk dillərində sıra kateqoriyasının mövcudluğu əsaslandırılıb, şeir vəzninin yazıldığı dilin fonetik quruluşundan asılılığı sübut edilib. Filial müdiri əlavə edib ki, Ağamusa Axundovun çoxillik elmi axtarışlarının nəticəsi 500-dən çox tədqiqat əsərində, 30-dan çox kitab, monoqrafiya və dərslikdə öz əksini tapıb.
Akademik Ağamusa Axundovun xidmətlərinin xalqımız və dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini deyən Yaqut Bahadurqızı alimin Azəbaycan Respublikasının Dövlət mükafatına, “Əməkdar elm xadimi” fəxri adına layiq görüldüyünü, “Şöhrət” ordeni, UNESCO-nun sertifikatı, AMEA-nın Fəxri fərmanları ilə təltif olunduğunu diqqətə çatdırıb.
Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək Azərbaycan torpağının yetişdirdiyi dəyərli şəxsiyyətlərdən olan Ağamusa Axundovla bağlı xatirələrini bölüşüb, alimlə gənclik illərindən başlayan dostluq əlaqələrindən bəhs edib.
O, akademik Ağamusa Axundovun Azərbaycan ədəbiyyatı, dilçiliyi, müasir şeiri və nəsrində dəyərli əsərlərin müəllifi olan görkəmli alimlərimizdən biri kimi tarixdə qaldığını qeyd edib, onun mübarizə və zəhmətlə dolu ömür yoluna nəzər salıb. Yazıçı Anar görkəmli akademikin hər zaman ədəbiyyatımızın gələcəyi ilə bağlı müsbət fikirdə olduğunu vurğulayıb, həyatını əbədi dəyərlərin təsdiqinə həsr etdiyini bildirib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın inkişafında əvəzsiz xidmətləri ilə seçilən akademik Ağamusa Axundovun 90 illik yubileyinə həsr olunmuş tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, tədbirin dilçi alimin anadan olduğu torpaqda keçirilməsini yüksək qiymətləndirib.
Vitse-prezident uzun illər AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinə rəhbərlik etmiş Ağamusa Axundovun qoyduğu ənənələrin bu gün də davam etdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, alim Bölməyə rəhbərlik etdiyi illərdə ölkəmizdə humanitar və ictimai elmlərdə dövlətçilik hüququnun vəhdətinə nail olan, görkəmli alimlərdən, elm təşkilatçılarından biri olub: “Təsadüfi deyil ki, Ağamusa Axundov ölkəmizdə Azərbaycan dilinin Konstitusiyaya daxil edilməsi ilə bağlı aparılan müzakirələrdə ümummilli lider Heydər Əliyevin apardığı siyasəti ən açıq şəkildə dəstəkləyənlərdən biri idi”.
Görkəmli alimin yüksək poliqrafik səviyyədə işıq üzü görmüş “Azərbaycan dilinin fonemlər sistemi” kitabının Azərbaycan fonetikasına böyük töhfə olduğunu deyən İsa Həbibbəyli onun dilin fəlsəfi, estetik imkanları ilə bağlı yazdığı möhtəşəm əsərlərdən də bəhs edib.
Akademik İsa Həbibbəyli çıxışının sonunda Ağamusa Axundovun öz parlaq şəxsiyyəti, zəhməti, nəzakətli davranışı, yüksək mədəniyyəti ilə Azərbaycan aliminin klassik modelini özündə cəmləşdirən görkəmli şəxsiyyətlərdən olduğunu vurğulayıb.
Daha sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Folklor İnstitunun baş direktoru, akademik Muxtar İmanov, M.Füzuli adına Əlyazmalar İnstitunun baş direktoru, akademik Teymur Kərimli, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli və Kürdəmir şəhər 3 saylı məktəbin dil-ədəbiyyat müəllimi Əsbət Musayeva çıxış edərək görkəmli dilçi və ədəbiyyatşünas alimin öz dəst-xətti ilə seçilən elm xadimlərindən biri kimi hər zaman böyük ehtiram və hörmətlə xatırlandığını diqqətə çatdırıblar.
Çıxış edənlər Ağamusa Axundovun Azərbaycan elminə və təhsilinə verdiyi töhfələrdən, onun alim və müəllim kimi bənzərsiz şəxsi keyfiyyətlərindən, Azərbaycan dilçiliyinə gətirdiyi yeniliklərdən, xüsusilə dilçiliyin nəzəri məsələlərinin öyrənilməsindəki xidmətlərindən, yüksəkixtisaslı kadrların hazırlanmasında müstəsna rolundan bəhs ediblər.
Tədbirdə, həmçinin yapon alimi Tori Hayaşi və türkiyəli professorlar Zeynep Korkmaz, Ahmet Bican Ercilasun videoformatda çıxış edərək mərhum alimin yüksək intellekt səviyyəsinə, geniş dünyagörüşünə, zəngin mənəviyyata malik ziyalı olduğunu vurğulayıb, böyük şəxsiyyətin bütün türk dünyası üçün dilçilik elmində göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar.
Sonda Ağamusa Axundovun ailəsi adından çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik Kamal Abdulla tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib. O, akademik Ağamusa Axundovun AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinə rəhbərlik etdiyi dövrdə göstərdiyi xidmətlərdən danışıb, görkəmli alimin Azərbaycan dilçiliyinin bütün sahələrinə öz töhfəsini verdiyini, yeni işıq saldığını vurğulayıb.
Yubiley tədbirində, həmçinin Kürdəmir rayon məktəblərinin şagirdləri akademik Ağamusa Axundova həsr edilmiş şeirlər səsləndiriblər.
Tədbir görkəmli alimə həsr olunan “Ömür” şeiri videoklipinin nümayişi ilə başa çatıb.
Şrifti böyüt:
Çap et