Akademik İsa Həbibbəyli: “Gənc alim və mütəxəssislərin uğurları Azərbaycanın elmi və intellektual inkişafının təminatıdır”

Şrifti böyüt:
Çap et

Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının Elm Gününə həsr edilmiş tədbiri keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, AR Milli Məclisinin sədr müavini akademik Rafael Hüseynov, AR Milli Məclisinin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini akademik Abel Məhərrəmov, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani, Milli Məclisin deputatları, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın və Elm və Təhsil Nazirliyinin elmi müəssisələrinin və Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun əməkdaşları, ali təhsil müəssisələrinin rektorları, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Milli Kitabxanasının nümayəndələri, gənc alimlər və KİV təmsilçiləri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzülüb.

Sonra Elm Gününə həsr edilmiş, elmi nailiyyətləri əks etdirən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın əsərlərindən ibarət sərgiyə baxılıb, onun imza saatı təşkil olunub.

Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq “Elm Günü və elmlə ədəbiyyatın dialoqu” mövzusunda məruzə edib. Builki Elm Gününün AMEA-nın 80 illik yubileyinə təsadüf etdiyini deyən akademik İsa Həbibbəyli dövlət başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamı ilə keçilmiş şərəfli tarixi yola qiymət verildiyini və Akademiyanın gələcək vəzifələrini müəyyənləşdirdiyini bildirib.

Akademik İsa Həbibbəyli dövlət başçısının bu günlərdə imzaladığı elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı Sərəncamının ölkəmizdə elmin inkişafına, sovet dövründən miras qalmış köhnə modellərdən imtina edilərək, artıq müstəqil Azərbaycan dövlətinin zəruri hesab etdiyi sahələr üzrə yenilənmiş və müasir çağırışlara uyğunlaşdırılmış istiqamətlərdə tədqiqatların aparılmasına təkan verəcəyini söyləyib.

Azərbaycan elminin ötən 80 il ərzində dünyaşöhrətli görkəmli alimlər yetişdirdiyini və mühüm nailiyyətlər əldə edərək elmi məktəblər yaratdığını deyən akademik İsa Həbibbəyli ölkəmizin elmi tarixində iz qoymuş görkəmli alimlərimizin xatirəsinin daim əziz olduğunu, onların formalaşdırdığı ənənənin bu gün milli elmi elita tərəfindən müasir çağırışlara uyğun olaraq, daha da zənginləşdirilərək davam etdirildiyini söyləyib.

Tədbir çərçivəsində, o cümlədən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli tərəfindən Dilçilik İnstitutunun böyük elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə “Elmin populyarlaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə” Təşəkkürnamə ilə təltif edilib.