AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Türk mənşəli Voyniç əlyazması” mövzusunda elmi seminar keçirilib.
İnstitutun baş direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli mövzunun əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Türkiyədən olan Ahmet Ardıç müstəqil tədqiqatçı kimi türkologiya sahəsində sirli “Voyniç” əlyazması haqqındakı tədqiqatları ilə tanınır.
Ahmet Ardıç XV əsrdə naməlum müəllif tərəfindən yazılmış illüstrasiyalı kitab haqqında türkoloqların diqqətini çəkəcək vacib məsələləri diqqətə çatdırıb. Bildirib ki, 270 səhifə olması ehtimal edilən kitabın hazırda 240 səhifəsi ictimaiyyətə məlumdur. 30-a yaxın səhifənin cırıldığı məlumdur. Kitabın 15-ci əsrə aid olduğu düşünülür. Əlyazma beş bölmədən ibarətdir. İlk və ən geniş bölüm 130 səhifədir. Bu səhifələr botanika sahəsinə aiddir. 26 səhifəlik ikinci hissə astronomiya, üçüncü hissə biologiya, dördüncü hissə isə farmakologiya, yəni dərman maddələrinin orqanizmə təsirindən bəhs edir. 23 səhifəlik son bölümdə isə heç bir rəsm yoxdur, sadəcə hər paraqraf bir ulduz sistemilə işarələnib.
Ahmet Ardıç əlyazmadakı 700-ə qədər sözün, 100-dək cümlənin və 91 təsvirin şifrəsini açmaqla oxumağa nail olub. İştirakçıların diqqətini türkoloji aspektə yönəldən məruzəçi apardığı araşdırma nəticəsində buradakı sözlərin və cümlələrin transkripsiyasına əsasən əlyazmadakı dil vahidlərinin türk dili ilə üst-üstə düşməsi ilə bağlı fikirlər səsləndirib. Mülahizələrini nümunələrlə əsaslandıran Ahmet Ardıç bildirib ki, kitabdakı sözlərin və cümlələrin transkripsiyası, burada türkcə sözlərin və türk sintaktik qəlibinin işlənməsi aydın şəkildə abidənin türk xalqları ilə bağlılığını nümayiş etdirir.
Sonda professorlar İlhami Cəfərsoy, Sayalı Sadıqova, dosent Şəbnəm Həsənli Qəribova, Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Əlizadə çıxış edərək aparılan araşdırmanın əhəmiyyətindən söz açıblar.
Şrifti böyüt:
Çap et