Ümummilli lider Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonundan (1969) Azərbaycan Respublikasına rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərib. Həmin tədbirlər sırasında Ulu Öndərin sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilməsini xüsusi qeyd etmək lazımdır. Keçmiş Sovet İttifaqında bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi. Azərbaycan dilinin dövlət dili statusu qazanmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri danılmazdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli bildirib. O qeyd edib ki, ulu öndər Heydər Əliyev tarixi köklərimizə, keçmişimizə, dilimizə hörmətlə yanaşaraq bildirirdi ki, “1921-ci ildə qəbul olunmuş ilk Azərbaycan Konstitusiyasında dövlət dili ilə bağlı heç bir maddə yoxdur. 1937-ci ildə də qəbul edilmiş Azərbaycan Konstitusiyasında dövlət dili haqqında heç bir maddə olmayıbdır... 1977-1978-ci illərdə biz yeni Konstitusiyanı qəbul edərkən bu, şübhəsiz ki, əsas məsələlərdən biri idi. Biz yeni Konstitusiyada Azərbaycan dövlət dilinin Azərbaycan dili olması barədə maddə hazırladıq… Mən həmin Konstitusiyanı hazırlayan komissiyanın sədri idim və bu işlərə rəhbərlik edirdim. 1978-ci ildə, aprel ayında biz Konstitusiyanı qəbul etdik. Həmin Konstitusiyada yazıldı ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir”.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü dil siyasətinin nəticəsi olaraq keçən əsrin 70-ci illərində respublikamızda ana dilinin müxtəlif istiqamətlərdən araşdırılması ilə bağlı bir sıra dəyərli elmi tədqiqat işləri yerinə yetirildi. 1974-cü ildə ali məktəblər üçün hazırlanmış dördcildlik “Müasir Azərbaycan dili” dərsliyi Dövlət mükafatına layiq görüldü. Heydər Əliyevin ana dilinə sonsuz sevgi və qayğısının təzahürü olan bu cəsarətli addımı ölkəmizdə rəğbətlə qarşılandı.
Ulu öndər Heydər Əliyev Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra respublikaya rəhbərlik etdiyi müddətdə də Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin yaxşılaşdırılması istiqamətində bir sıra sərəncamlara imza atıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına “Dövlət dili” adlanan ayrıca maddə daxil edildi.
N.Məmmədli vurğulayıb ki, ulu öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini də daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atıb. Həmin tədbirlər sırasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman xüsusi yer tutur. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
İnstitutun baş direktoru fikirlərini Azərbaycan dilini sevmək, qorumaq, onun işləkliyini təmin etmək, dilimizi təbliğ etmək barədə ümummilli lider Heydər Əliyevin olduqca dəyərli kəlamları ilə yekunlaşdırıb: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini – dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Şrifti böyüt:
Çap et