Bu gün filologiya elmləri doktoru, professor Roza Eyvazovanın anadan olmasının 85-ci ildönümüdür. Azərbaycan dilçilik elminin inkişafında xidmətləri olan R.Eyvazova 150-dən çox elmi əsərin müəllifi olmuşdur. Onun araşdırmaları leksikologiya, onomologiya, etnolinqvistika və lüğətçiliklə bağlı olmuşdur. Alimin “Kişvəri Divanı”nın dili”, “Əfqanıstanda türk mənşəli toponimlər”, “Orta əsr ədəbi dil əlaqələrinin Kişvəri əsərlərində təzahürü” və digər əsərləri elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır. Alim, həmçinin “Azərbaycan dilinin böyük onomastik izahlı lüğəti”, “Azərbaycan ədəbi dili tarixi”, “Azərbaycan dilinin tarixi” əsərlərinin həmmüəlliflərindəndir. R.Eyvazovanın yaradıcılığında toponimlərin tədqiqi xüsusi yer tutur. Alim toponimləri yalnız linqvistik cəhətdən deyil, həm də coğrafi və tarixi aspektdən tədqiqata cəlb etməklə onların yaranma və inkişaf mərhələlərini izləyə bilmişdir. O, əsərlərində toponimikanın digər elm sahələri ilə əlaqəsi, bu adların təşəkkül və formalaşmasında ekstalinqvistik amillərin rolu və s. problemləri də sistemli şəkildə tədqiq etmişdir.
Çoxillik səmərəli əmək fəaliyyətinə və dilçilik elminin inkişafına verdiyi töhfələrə görə professor R.Eyvazova bir sıra fəxri fərmanlarla, eləcə də “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” diplomu və qızıl medalı ilə təltif edilmişdir.
Roza Eyvazovanın əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.
Şrifti böyüt:
Çap et