Dilçilik İnstitutunda 20 Yanvar şəhidlərinin Anım tədbiri

Şrifti böyüt:
Çap et

Yanvarın 17-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin otuz beşinci ildönümünə aid anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində institutun direktoru professor Nadir Məmmədli 35 il öncə Azərbaycan xalqına qarşı törədilmiş cinayətin əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu vurğulayıb.

Professor bildirib ki, 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Nadir Məmmədli diqqətə çatdırıb ki, bu gün xatirəsini daim əziz və uca tutduğumuz şəhidlərimizin ruhu şaddır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi və siyasi iradəsi, qüdrətli Ordumuzun rəşadəti, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər ilə şəhidlərimizin intiqamı alındı və onların qanı yerdə qalmadı. 2023-cü ilin sentyabrında Ordumuzun lokal xarakterli antiterror tədbirləri milli suverenliyimiz bərpa olundu.

Elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli, professor İsmayıl Məmmədli, İlhami Cəfərov, filologiya elmləri doktoru Aynur Paşayeva, Füzuli Mustafayev, Qətibə Quliyeva, Gənc alim və mütəxəssislər şurasının sədri Arzu İsgəndərzadə çıxışlarında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarının itirməsindən bəhs edib, şəhidlərin xatirəsinin ürəklərdə daim yaşayacağı vurğulayıblar.