Professor Nadir Məmmədlinin yaradıcılıq yolu

Şrifti böyüt:
Çap et

Yaradıcı insanın yaradıcılıq yolu elə onun həyat yoludur. Yaradıcı insanın biblioqrafiyası da elə onun avtobioqrafiyasıdır. Onları bir-birindən ayırmaq, ayrılıqda təhlil edib araşdırmaq qeyri-mümkündür. Nadir müəllimin həyat yoluna nəzər yetirdikcə onun dolğun, zəngin yaradıcılıq yolunu izləmiş olursan. Və Nadir müəllimin yaradıcılığının barı, məhsulu olan əsərlərini önün yaşadığı illərə, aylara, günlərə bölsən ömrünün bir saatının, bir dəqiqəsinin də boş keçmədiyinin şahid olursan! Belə bir ömür yolunun yolçusu olmaq hamıya nəsib olmur...

Nadir müəllim ömrünün ötüb keçən illərini təəssüflə, peşmanlıqla deyil, fəxrlə, qürur hissi ilə xatırlayır. Ömrün keçən hər ilində, hər günündə elmi uğurlarının bir parçası, bir fərəhli anı əks olunub və gərgin elmi axtarışların, yuxusuz gecələrin məhsulu olan elmi əsərlər onun xalqa bəxş etdiyi mənəvi sərvətdir.

Nadir müəllimin elmi fəaliyyəti möhkəm bünövrə, təməl üzərində qurulub. Etiraf etməliyik ki, elmi axtarışların astanasında olan hər bir alimin gələcək elmi fəaliyyətinin uğuru möhkəm bünövrə və təməldən çox asılıdır.

Nadir müəllim 1985-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda işləmişdir və onu mübaliğəsiz Əliheydər Orucov məktəbinin yetirməsi hesab etmək olar.

Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmlər doktoru, professor Əliheydər Orucov Azərbaycan dilçiliyində, lüğətçiliyində hadisə idi və fenomen olaraq qalır.

Lüğətçilik dilçiliyin ən çətin, böyük zəhmət və səy tələb edən sahələrindən biridir. İndiki kompüter əsrindən fərqli olaraq, sözlərin kartoçkalara yazıldığı və əl ilə əlifbaya düzüldüyü vaxtlarda irihəcmli, sanballı lüğətlər tərtib etmək, sözün əsl mənasında qəhrəmanlıq kimi səciyyələndirilə bilərdi. Və hərdən mənə elə gəlir ki, Azərbaycan dilçiliyində Əliheydər Orucov məktəbi, Əliheydər Orucov ənənələri hələ də lazımi səviyyədə öyrənilməyib və həqiqi qiymətini tapmayıb.

Əliheydər Orucov mənim yaddaşımda çox ciddi, zəhmətsevər və məhsuldar lüğətçi-alim, yorulmaz tədqiqatçı kimi qalıb – həyatda da, elmdə də.

Akademik Ağamusa Axundov Əliheydər Orucovun tərtibçisi və redaktoru olduğu “Azərbaycan dilinin izahlı lüğəti”nin latın qrafikalı Azərbaycan əlifbasında çapı ilə bağlı yazırdı: “Nəhayət, sonuncu – dördüncü cild oxuculara 1987- ci ildə təqdim edildi. Kitabın tərtibçiləri, redaktoru və redaksiya heyəti də dəyişməz qalmışdı. Beləliklə, 60 illik tərtib, 21 illik çap ömrü olan nəhəng bir lüğət ölkənin həyatında böyük bir hadisə kimi qarşılanmışdı”. Bura üçcildlik “ Rusca-azərbaycanca lüğət”i və “Azərbaycan dilinin orfoqrafiya lüğəti” ni, eləcə də 1976-cı ildə çap olunmuş 248 səhifədən ibarət ikidilli “Azərbaycanca – rusca frazeologiya lüğəti”ni də əlavə etsək Əliheydər Orucov bütün əzəməti, böyüklüyü ilə göz önündə canlanmış olacaq.

Və biz bu ötən zaman kəsiyində Əliheydər Orucov irsinə nə əlavə etmişik ki?!

Nadir müəllim bir alim-tədqiqatçı kimi bir çox keyfiyyətləri ondan əxz etmişdi və elmi - tədqiqata, lüğətçiliyə, leksikologiyaya, terminologiyaya olan sonsuz məhəbbəti və həvəsinin də bünövrəsi Əliheydər müəllimlə birgə işlədiyi illərdə qoyulmuşdu.

1989–cu ildə Nadir müəllim “Müasir Azərbaycan dilində feili sinonimlər” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi almışdır. Azərbaycan dilinin leksik quruluşunda baş verən proseslər, alınma sözlər və terminlərə maraq bu tədqiqatda öz qabarıq əksini tapmışdır.

Nadir Məmmədli daim öz üzərində çalışan, mütaliə edən, öyrənməkdən yorulmayan insandır. Bu istək, bu arzu onu o vaxtkı SSRİ və Rusiya Elmlər Akademiyasının Dilçilik İnstitutuna aparıb çıxardı. 1989-1992-ci illərdə Nadir müəllim burada qabaqcıl rus dilçilərinin yanında təlim keçmiş, dilçiliyin yeni tədqiqat metod və üsulları ilə tanış olmuşdur.

1992-ci ildən başlayaraq Nadir Məmmədli pedaqoji sahədə də fəaliyyətini davam etdirmiş, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasının baş müəllimi, dosenti olmuş, hazırda professoru vəzifəsində çalışır. Rus bölmələrində “Azərbaycan dili”, Azərbaycan dili bölmələrində “Nitq mədəniyyəti”, magistr qruplarında “Ali məktəb pedaqogikası” fənlərini tədris edir. Elə bu məqsədlə o, 1993-cü ildə “Maarif” nəşriyyatında rus məktəbləri üçün “Azərbaycan dili” dərsliyi çap etdirmişdi.

Nadir Məmmədlinin təhsil sahəsində də böyük, yaddaqalan uğurları olmuşdur. O, 1995-ci ildə Respublika Təhsil Nazirliyinin humanitar sahə üzrə təsis etdiyi “Gənc alim müsabiqəsi”nin, 2000-ci ildə isə “Alınma terminlər” monoqrafiyasına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ən yaxşı elmi iş” müsabiqəsinin qalibi olmuşdur.

2001- ci ildə “Müasir Azərbaycan dilində alınma terminlər (1920-1991-ci illər)” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

2021-ci ildə professor Nadir Məmmədli uzun illər səmərəli fəaliyyət göstərdiyi doğma kollektivə direktor kimi qayıtmışdır. Elə həmin ildə onun bütün ali məktəblərin bakalavrlıq səviyyəsi üçün “Azərbaycan dili və nitq mədəniyyəti” (I cild) və “Azərbaycan dilində işgüzar və akademik ünsiyyət” dərslikləri çap olunmuşdur. Respublika Prezidentinin Sərəncamı ilə Şərq-Qərb nəşriyyatında çapdan çıxmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti” nin (7-ci nəşr) də tərtibçilərindən biri professor Nadir Məmmədlidir.

Nadir müəllimin Azərbaycan elminə, mədəniyyətinə, bütövlükdə Azərbaycan xalqına ən böyük xidmətlərindən biri uzun illər itmiş hesab olunan Mahmud Kaşğarinin “Divanü lüğat-it türk “əsərini 86 il sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun arxivindən tapıb çap etdirməsi olub. Divanın birinci cildinə yazdığı ön sözdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli yazır: “Oxuculara təqdim edilən” Divanü lüğat-it türk”ün Xalid Səid Xocayev tərcüməsi bir neçə cəhətdən əhəmiyyətlidir; bu, Azərbaycanda və türk dünyasında “Divanü lüğat-it türk”ün latın qrafikalı əlifba ilə yazılmış ilk tərcüməsidir. Xalid Səid Xocayevin “Divanü lüğat-it türk”ü Mahmud Kaşğarinin qələmə aldığı ərəb dilindən, yəni orijinaldan Azərbaycan dilinə tərcüməsi qiymətli elmi hadisədir. “Divanü lüğat-it türk” kitabının Azərbaycan dilinə tərcüməsinin əlyazmasının 86 ildən sonra üzə çıxarılaraq nəşr olunması həm də repressiya qurbanı olmuş Xalid Səid Xocayevin elmi bəraəti kimi də mühüm əhəmiyyətə malikdir”

Ön sözün sonunda akademik İsa Həbibbəyli yazır: “Divanü lüğat-it türk”ün Xalid Səid Xocayev tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcüməsinin əlyazmasını axtarıb üzə çıxaran və bu möhtəşəm elmi abidəni çapa hazırlayan Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin xidmətləri ayrıca qeyd edilməyə layiqdir”.

Nadir müəllimin bu möhtəşəm dil abidəsinin çapı ilə bağlı xidmətləri bütün türk dövlətləri və xalqları tərəfindən rəğbətlə, dərin ehtiram və minnətdarlıqla qarşılanmışdır.

Nadir müəllim professional filoloqdur, onun axtarışları təkcə dilçiliyi əhatə etmir, dilçiliklə məhdudlaşmır. Professor Nadir Məmmədlinin ədəbiyyatşünaslıq, ədəbi tənqid, elm və mədəniyyət xadimlərinin həyat və yaradıcılığı, mədəniyyət məsələləri ilə bağlı respublikanın bir çox aparıcı qəzet və jurnallarında çap olunmuş məqalələri də elmi ictimaiyyət, oxucular tərəfindən maraqla qarşılanır.

Nadir müəllim prezident təqaüdçüsüdür.

“Mahmud Kaşğari” fondunun Rəsul Rza , Azərbaycan Yazıçılar Birliyinin” Bəxtiyar Vahabzadə” mükafatları laureatıdır. “Mahmud Kaşğari” Beynəlxalq Mükafatına layiq görülüb.

Nadir müəllimin əsərləri respublikamızdan kənarda tanınır, qiymətləndirilir. Təsadüfi deyil ki, o bir çox türk dövlətlərinin, müxtəlif qurumların mükafatlarına, fəxri adlarına layiq görülmüşdür.

Akademik Nizami Cəfərov “Azərbaycan elmində professor Nadir Məmmədli imzası” ön sözündə yazır: “Və bu gün heç bir tərəddüdsüz demək olar ki, o (Nadir Məmmədli), Azərbaycan dilçiliyində alınma terminlər, eləcə də, beynəlxalq leksikon sahəsinin ən nüfuzlu mütəxəssisidir. “Alınma terminlər (1920- 1995)” (1997), “Azərbaycan dilində alınma terminlər” (2017) monoqrafiyaları, bir neçə dəfə nəşr olunmuş “Yunan və latın mənşəli beynəlmiləl termin elementlər lüğəti” eləcə də onlarla məqalələri müəllifinə həqiqi dilçi şöhrəti gətirmişdir.

Professor Nadir Məmmədlinin dil haqqındakı elmimiz qarşısındakı ikinci böyük xidməti, yəqin ki, sözün geniş mənasında kommunikasiya mədəniyyətinə həsr olunmuş irihəcmli dərsliklərdir ki, buraya ikicildlik “Azərbaycan dili və nitq mədəniyyəti” (I c., 2020; II c., 2022), “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya! (2021 və 2022) daxildir. Azərbaycan universitetlərində xeyli vaxtdır tədris edilən bu fənlərin müasir tələblərə cavab verəcək bir səviyyəyə yüksəlməsinə həmin əsərlər , şübhəsiz, öz təsirini göstərəcəkdir”.

Nadir müəllimin elmi-pedaqoji fəaliyyətində tədrislə bağlı əsərlər mühüm yer tutur. O. çox vaxt elmi əsərlərini tədris dilinə də çevirməyi, elmi konsepsiyasını tədris prosesində sınaqdan keçirməyə müvəffəq ola bilir.

Akademik Ağamusa Axundovun (bizim Ağamusa Axundovun) hərdən şeir yazmağı da var idi. Bir şeiri var – “Ömrün illəri”, həyatının müdriklik çağında yazmışdı. Həmin şeirdən ömrünü elmı yaradıcılığa həsr etmiş insanlara, o cümlədən sevimli tələbəsi olmuş Nadir müəllimə də pay düşür:

-Mən hələ yaşayacağam
Yaşadığım qədər,
Neçə-neçə illər.
Çünki mən zamanın möhlətini
Yaşayıb atmamışam.
Gecə zamanı da mürgüləyəndə,
Mən yatmamışam.
Yuxu getməyib gözümə.
Ömür qazanmışam özümə.
Bu ömür qəlbimin, beynimin övladı.
Onu mənə heç kim bağışlamadı.
Özüm qazanmışam bu ömrü,
Özüm.
Yatmayan beynim,
Dincəlməyən əllərim,
Yuxu şirəsi dadmayan iki gözüm
Qazanıb bu ömrü.
Onu məndən
Nə ölüm ala bilər,
Nə də ki, zaman.
Bir ömürlə zamandan da
Güclüdür insan!

Elə alimlər var ki, sanballı elmi tədqiqatları, dəyərli monoqrafiyaları var, amma gözəl nitqi, auditoriyanı ələ almaq qabiliyyəti, istedadı zəifdir. Əksinə də olur, gözəl nitqi, dinləyicilərdə böyük maraq doğuran rəvan danışığı, natiqliyi var, amma həmin səviyyədə sanballı, dəyərli tədqiqatları yox dərəcəsindədır. Bu keyfiyyətlərin hər ikisini özündə cəmləyən şəxsləri uğurlu, xoşbəxt alimlər kateqoriyasına aid etmək olar. Nadir müəllim elm adamlarını səciyyələndirən bu keyfiyyətləri özündə cəmləşdirmiş nadir elm adamlarındandır – həm nitqi, həm yazısı qibtə olunasıdır.

Bütün bunlarla yanaşı, rəsmi təqdimatlardan tanıdığımızdan başqa da bir Nadir müəllim də var – sadə, işgüzar, təvazökar, qayğıkeş, hamını eşidən, hamını dinləyən, hamının köməyinə çatan, heç vaxt haqsızlığa yol verməyən Nadir müəllim! Və onlar bir-birini üzvi surətdə tamamlayır!

Nadir müəllim ağlı kəsəndən, ömrü boyu həmişə fəaliyyətdə olmuş, doğma ana dilinin tədqiqi, təbliği və tədrisi sahəsində yorulmadan çalışmışdır. 65 illik mənəvi sərvətin sahibi kimi Nadir müəllimi ürəkdən təbrik edir, ona bu müqəddəs fəaliyyətində davamlı uğurlar arzulayıram!

Təbrik edirik, Nadir müəllim!

Məsud Mahmudov
filologiya elmləri doktoru, professor