Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri dilçilik”
şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovunbu günlərdə Qızıl
tədqiqatlar seriyasından iki kitabı işıq üzü görüb.
Birinci kitab “Silvestr de Sasinin Ümumi qrammatikanın prinsipləri və Pyer Amede Joberin
Türk dili qrammatikasının əsasları: fransız dilindən tərcümə, nəzəri və müqayisəli dilçilik
müstəvisində tədqiqat və şərh” adlanır. Nəzəri və müqayisəli linqvistika, türkologiya,
romanşünaslıq və Azərbaycan dilçiliyi üçün xüsusi önəm daşıyan bu komplə tədqiqat işi
müəllifin intensiv əməyinin, əzm və fədakarlığının məhsuludur. Bu dəfə müəllif dilimizin
qrammatikasına dair şərqşünas, dilçi və tərcüməçi Pyer Amede Jober tərəfindən 200 il bundan
əvvəl Parisdə qələmə alınmış “Türk dili qrammatikasının əsasları” (1823, II nəşr 1833) və
dünyaca məşhur fransız dilçisi və şərqşünası, Asiya Cəmiyyətinin qurucusu, bir çox dünya
şöhrətli elm xadimlərinin, o cümlədən müqayisəli dilçiliyin banisi Frans Boppun və nəhayət,
Amede Joberin müəllimi Antuan Silvestr de Sasinin “Ümumi qrammatikanın prinsipləri” (1799,
II nəşr 1803) əsərlərini fransız dilindən Azərbaycan dilinə çevirmiş, onları ümumi dilçilik
müstəvisində müfəssəl tədqiqat və şərhlərlə zənginləşdirmişdir. Amedye Joberin məlum kitabı,
əsasən, dilçidən əvvəl, onun yaşadığı dövrdə və ondan sonra müxtəlif dillərdə qələmə alınmış
fundamental əsərlərlə müqayisə edilərək tədqiqat mahiyyətli orijinal və müfəssəl şərhlərlə
Azərbaycan dilində təqdim edilir. Burada ən müxtəlif mənbələrə baş vurularaq hər iki alimin
Qərb şərqşünaslığındakı və müasir dünya dilçiliyindəki layiqli mövqeyi müəyyənləşdirilir.
Əsərdə Silvestr de Sasi və Amede Joberdən başqa bir çox Avropa dilçi-alimlərinin, o cümlədən
Postel Qiyom, Nikola Boze, Antuan Arno və Klod Lanslo, Abel Remüza və onlarla digərlərinin
müasir dilçilik baxımından xüsusi aktuallıq kəsb edən ideyaları və linqvistik töhfələri araşdırılır.
Həmyerlimiz dahi Mirzə Kazımbəy özünün dünyaca məşhur olan “Türk-tatar dilinin ümumi
qrammatikası” (Azərbaycan dilinin ilk elmi qrammatikası) əsərini məhz fransız dilçisi Amede
Joberin məlum kitabı əsasında yazmışdır. Rəyçi və ön sözün müəllifi əməkdar elm xadimi,
akademik Nizami Cəfərov, elmi redaktor filologiya elmləri doktoru Günel Bayramova,
redaktorlar filologiya üzrə fəlsəfə doktoru Elnurə Abbasova və ADU-nun Roman dillərinin
tərcümə nəzəriyyəsi və praktikası kafedrasının Baş müəllimi Xədicə Əyyubovadır. Dərin
məzmunlu və əhatəli monoqrafiya elmi sanbalı, linqvistik məziyyətləri və filoloji siqləti ilə nadir
örnəklərdəndir. Zəngin linqvistik-filoloji faktlar təqdim edən bu möhtəşəm əsər dəyərli
tədqiqatlar üçün əvəzsiz məxəzdir. Ondan ümumi dilçilik və Türk-Azərbaycan dili
mütəxəssisləri, şərqşünaslar, dil nəzəriyyəçiləri, romanşünaslar, komparativistlər, bir sözlə, ən
müxtəlif profilli dilçi-filoloqlar, tədqiqatçılar, müəllim-pedaqoqlar faydalana bilərlər.
İkinci kitab “Dilçiliyin Kitabi-Müqəddəsi: Ümumi və Rasional Por-Royal qrammatikası”dır.
XVII əsrdə Fransada universal dil layihələri dilçilik tarixinin və dil fəlsəfəsinin anlaşılmasına
böyük töhfələr vermişdir. Por-Royal qrammatik konsepsiyası ümumi və rasional dil ideyasını
şərtləndirən bir sistem kimi XVII əsr rasionalizminin mürəkkəb mənzərəsində aparıcı xətt,
hərəkətverici impuls olmuşdur. Por-Royal qrammatikası qədim linqvistik ideyaları müasir
linqvistik tədqiqat nəzəriyyələri ilə əlaqələndirən mühüm mənbədir. Sonrakı əsrlərdə dilçilikdə
elmi inqilablar üçün münbit zəmin hazırlamış bu konsepsiya rasionalizmin nəzəriyyədən metoda
çevrilməsi şəklində təzahür etmişdir. Por-Royal qrammatikasına həsr olunmuş bu əsər
Azərbaycan romanşünaslığına qiymətli töhfədir. Kitabda, fundamental mənbələrə istinadən
“Ümumi və rasional Por-Royal qrammatikası”nın elmi məziyyətlərindən bəhs olunur, əsərin
dünya dilçiliyindəki layiqli yeri müəyyənləşdirilir. Klod Lanslo və Antuan Arno tərəfindən
qələmə alınmış “Ümumi və rasional Por-Royal qrammatikası” (1660) və Şarl Düklonun həmin
Qrammatikaya yazdığı şərhlər ilk dəfə olaraq fransız dilindən Azərbaycan dilinə tərcümə
olunaraq monoqrafiyaya daxil edilir. 3 bölüm, 31 fəsil və 15 yarımfəsildən ibarət olan
monoqrafiyanın müqəddiməsində müəllifin bəzi zəruri qeydləri, mülahizə və müddəaları öz
əksini tapır, ümumi qrammatika – törədici qrammatika əlaqələri araşdırılır, ümumi
qrammatikanın koqnitiv-semantik iyerarxiyasında cümlənin strukturu və tranzitivlik
məsələlərindən bəhs olunur. “Dilçiliyin Kitabi-Müqəddəsi: Ümumi və Rasional Por-Royal
qrammatikası” adlı 7 fəsildən və 4 yarımfəsildən ibarət birinci bölümdə əhatəli tədqiqatlar
aparılır, orta əsr və İntibah dövrü Avropasında universal dil layihələrinin maraqlı nümunələri
diqqətə çatdırılır. Bu monumental əsər romanşünaslar üçün qiymətli məxəzdir. Ondan ümumi
dilçilik mütəxəssisləri, dil nəzəriyyəçiləri, müxtəlif profilli dilçi-filoloqlar istifadə edə bilərlər.
Şrifti böyüt:
Çap et