AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Mahmud Kaşğari adına Beynəlxalq Fondun təsis etdiyi “Beynəlxalq Mahmud Kaşğari mükafatı”na layiq görülüb.
Mahmud Kaşğari adına Beynəlxalq Fondun mükafat komissiyasının sədri Elxan Zal Qaraxanlı mükafatı alimə təqdim edib.
Qeyd edək ki, “Beynəlxalq Mahmud Kaşğari mükafatı” türk mədəniyyətini dünyada təbliğ edən və onu geniş arealda tanıdan insanlara verilir.
Professor Nadir Məmmədli Türk dünyasının ən qiymətli kitablarından olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin I, II və III cildlərinin Azərbaycanda nəşrinə görə bu mükafata layiq görülüb.
Xatırladaq ki, özbək əsilli məşhur Azərbaycan alimi, ötən əsrin 30-cu illərində SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında işləmiş Xalid Səid Xocayev “Divanü lüğat-it-türk” əsərini ilk dəfə ərəb dilindən Azərbaycan dilinə tərcümə edib. Türk dünyası haqqında dolğun məlumatların toplandığı bu əsər 86 ildən sonra – 2023-cü ildə Dilçilik İnstitutunun arxivindən tapılıb.
www.science.gov.az
Şrifti böyüt:
Çap et